SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılacaq
İyunun 22-dən “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlər üçün qiymətləndirmə imtahanı təşkil olunacaq. Qiymətləndirmə imtahanının qeyd edilən tarixdən etibarən həftə ərzində “Rəqəmsal bacarıqlar” platforması vasitəsilə onlayn formatda aparılması nəzərdə tutulub. İmtahan müəllimlərin layihə üzrə səriştə və bacarıqlarının yoxlanılması, onlar üçün keçirilən təlimlərin effektivliyinin müəyyən edilməsi və təkmilləşdirmə üzrə əlavə dəstəyə ehtiyacı olan müəllimlərin aşkarlanması məqsədilə həyata keçiriləcək. Layihədə iştirak edən müəllimlər öncədən qeyd olunacaq tarixdə öz hesablarına daxil olacaq və tədris ili ərzində öyrənilən mövzuları əhatə edən 50 sualı cavablandıracaqlar. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izləniləcək və hesabatlılığın təmin edilməsi məqsədilə video qeydiyyat aparılacaq. Daha sonra imtahan nəticələri təhlil olunaraq elan ediləcək. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi və 70 mindən çox şagirdi əhatə edir. Layihə çərçivəsində informatika fənni yeni formatda tədris olunur, şagirdlər fənn üzrə interaktiv alətlərdən, 300-ə yaxın hazırlanmış teledərs və videodərs materiallarından faydalana bilirlər. Layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Həmçinin, layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.
20/06/2020 14:41
Şagirdlərin biliklərinin monitorinqi məqsədilə yeni testlər "Virtual məktəb"də
“Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub. Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır. Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda “Teams > General” bölməsində müvafiq olaraq “Testlər” altbölməsinə daxil olmaq lazımdır. Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək. Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik.
20/06/2020 14:15
Yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərin nəzərinə
İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq. Namizədlər iyulun 1-dək şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyib təsdiq etməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
20/06/2020 12:07
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumatı
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq. 24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – yeni qrafikdə tanış ola bilərsiniz. http://dim.gov.az/news/5373/ Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
20/06/2020 11:26
Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalına əlavə olunur. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həlli üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığının inkişafına xidmət edən bu dərslər abituriyentlərə imtahana daha yaxşı hazırlaşmağa imkan verəcək. Canlı olaraq dərsləri izləyə bilməyən və yaxud mövzunu təkrar etmək istəyən X-XI sinif şagirdləri “Virtual məktəb”də dərsləri yenidən izləmək imkanı əldə edəcəklər. Bunun üçün “Teams > General” bölməsində müvafiq olaraq “Abituriyentlər” altbölməsinə daxil olmaq lazımdır. Qeyd edək ki, hər gün təhsil imkanları genişləndirilən “Virtual məktəb”də yerli və beynəlxalq səviyyəli yeni interaktiv alətlər, tədris məzmunlu resurslar əlavə olunur. Portalda video və audio dərslər keçirilir, teledərslər izlənilir, həmçinin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir. Yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, valideynlərlə iclaslar keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir.
19/06/2020 16:18
Vyetnamda təhsil imkanı
Vyetnam Milli Universitetinin Beynəlxalq Frankofoniya İnstitutu 2020-2021-ci il tədris ili üzrə Vyetnam Milli Universiteti və Fransanın “University of La Rochelle” ali təhsil müəssisəsi ilə birgə həyata keçirdiyi təqaüd proqramını elan edir. Magistratura səviyyəsi üzrə nəzərdə tutulan təqaüd proqramı çərçivəsində təhsil müddəti 2 ildir. Son müraciət tarixi 15 iyul 2020-ci ildir. Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
19/06/2020 15:56
Peşə təhsili mərkəzində gündəlik 50 min maska istehsal edilir
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Save Tekstil” MMC ilə birgə başladığı tibbi maska istehsalı uğurla davam etdirilir. İstehsal gücünün artırılması məqsədilə Türkiyə və Çindən əlavə olaraq 10 yeni avadanlıq gətirilərək istehsal sahəsində quraşdırılıb. İstehsal prosesinə cəlb edilən, müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu 2 növbəli rejimlə işləyir ki, bu da istehsal prosesinin fasiləsiz aparılmasını təmin edir. İlkin istehsal dövrü ilə müqayisədə gündəlik istehsal imkanı 3 dəfədən çox artırılaraq, 15 000 maskadan 50 000 maskaya çatdırılıb. Yaxın zamanlarda günlük istehsal gücünün 80 000 maskaya çatdırılması planlaşdırılır. Qeyd edək ki, müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldilib. Hazırda istehsal olunan maskalar ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satışdadır.
19/06/2020 14:26
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibləri
Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib. Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllıdır. Qeyd edək ki, müsabiqə üzrə layihə təklifləri martın 2-dən aprelin 18-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 29 iyun 2020-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apelyasiya müraciəti edə bilərlər. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı link vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz: Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr
19/06/2020 12:34
Yerdəyişmə müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndəriləcək. Ötən illərdən fərqli olaraq cari müsabiqədə vakant yer tutan namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 18-24 iyun tarixlərində uğur qazanmış namizədlər şəxsi səhifələrinə daxil olaraq qeyd olunan sənədləri skan etməklə vahid fayl şəklində müvafiq xanalara yükləyərək təsdiq etməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra namizədlərin iş yerinin dəyişdirilməsinə razılıq veriləcək. Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 5-də başa çatıb. Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.
18/06/2020 17:26
"Abituriyentlər üçün dərs vaxtı"nın 19 iyun cədvəli
“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 19 iyun cədvəlini təqdim edirik. Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.
18/06/2020 15:29
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı