SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə Təhsil Mərkəzinin məzunları üçün yaradılan iş imkanları
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayner və proqram təminatçısı” ixtisasının məzunları ilə virtual görüşlər keçirilib. Azərbaycan Respublikası Təhsil şəbəkəsinin internet operatoru olan “AzEduNet” və “Edumedia-Azərbaycan” şirkətlərinin mütəxəssisləri ilə birlikdə baş tutan görüşlər "Microsoft Teams" platforması üzərindən təşkil edilib. Əsas məqsəd qeyd olunan şirkətlər tərəfindən Mərkəzin təhsilalanları ilə ümumi fəaliyyət istiqamətlərinə dair iş təcrübələrini bölüşmək, təhsilalanların tədris ili ərzində mənimsədikləri bilik və bacarıqlara dair məlumatlanmaq, şirkət üçün seçim meyarlarını müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaqdan ibarət olub. Qeyd edək ki, görüşlər zamanı sözügedən şirkətlərin mütəxəssisləri ilə Mərkəzin təhsilalanları arasında yeni və interaktiv xidmət və həllərə, İKT xidmətlərinə, müasir avadanlıqların effektivliyi və funksionallığına dair müzakirələr aparılıb. Həmçinin məzunların sualları cavablandırılıb.
11/07/2020 10:36
Təhsil naziri "Birincilərin birinciləri" ilə görüşüb
İyulun 10-da Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərən 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülən məktəblilərlə onlayn formatda görüş keçirib. "Microsoft Teams" platforması üzərindən təşkil edilən görüşdə Təhsil naziri Ceyhun Bayramov qalibləri təbrik edərək pandemiya dövründə yaşanan çətin günlərdə onların qazandıqları uğurun çox sevindirici hal olduğunu deyib. Şagirdlərin uğurlarında yüksək fədakarlıq göstərən müəllimlərin roluna da toxunan Təhsil naziri bu yaxınlarda Azərbaycan təhsilində özünəməxsus əməyi olan Naqif Nəbiyevin vaxtsız vəfatından hər kəsin kədərləndiyini qeyd edib və bunu təhsil ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirib. Nazir Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Respublika Fizika Olimpiadasının sədri, istedadlı alim və müəllim olan Naqif Nəbiyevin bir çox məktəblinin fizikadan respublika və beynəlxalq olimpiadalara seçimi və hazırlıq prosesində əvəzsiz xidmətlərini də sadalayıb. Təhsil naziri Naqif Nəbiyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib, Allahdan ona rəhmət diləyib. Ceyhun Bayramov çıxışının sonunda pandemiya dövründə hər kəsin təhsilin əlçatanlığı və davamlılığının təmin edilməsi istiqamətində səy göstərdiyini vurğulayıb. Nazir bütün qalibləri bir daha təbrik edərək onlara uğurlar arzulayıb və bildirib ki, ökəmizin bu cür parlaq zəkaya sahib övladlarının olması gələcəyə inamı daha da artırır.
10/07/2020 17:13
"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir
İyulun 10-da "Rəqəmsal bacarıqlar" layihəsi üzrə 2019-2020-ci tədris ilinin yekununa dair onlayn tədbir keçirilib. "Virtual məktəb" platforması üzərindən canlı yayımlanan tədbirə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova, layihənin beynəlxalq "Alqoritmika" şirkəti tərəfindən rəhbəri Anna Burda, nazirliyin əməkdaşları, müəllimlər, məktəb direktorları olmaqla ümumilikdə 600-dən çox iştirakçı qatılıb. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Rəqəmsal bacarıqlar" layihəsinin təhsil prosesində müasir informasiya texnologiyalarının tətbiqi baxımından əhəmiyyətini qeyd edib. Məhəbbət Vəliyeva layihənin məqsədlərindən söz açaraq bildirib ki, layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. Nazir müavini həmçinin pandemiya dövründə təhsilin əlçatanlığı və davamlılığının təmin olunması məqsədilə Təhsil Nazirliyi tərəfindən görülən işlər barədə də məlumat verib. Daha sonra çıxış edən "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova layihə çərçivəsində görülən işlər barədə ümumi məlumat verib, növbəti tədris ili üçün hədəfləri açıqlayıb. Nilufər Rəhimovanın sözlərinə görə, 2020-2021-ci tədris ilindən sözügedən layihənin əhatəsi genişləndiriləcək, layihə Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı, Şirvan, Şəki, Lənkəran və Mingəçevir olmaqla ümumilikdə 9 şəhəri əhatə edəcək. Layihə rəhbəri bildirib ki, pandemiya dövründə "Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən ümumilikdə 72 teledərs ictimaiyyətə təqdim olunub. Bununla yanaşı olaraq, Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Hazırda "Virtual məktəb" platformasında layihə çərçivəsində şagird və müəllimlər üçün interaktiv vebinarlar davam etdirilir. Çıxış edən layihənin beynəlxalq "Alqoritmika" şirkəti tərəfindən rəhbəri Anna Burda da öz növbəsində layihənin uğurlarında müəllim və məktəb direktorlarının xüsusi rolunu vurğulayıb, hər kəsə təşəkkür edib. Daha sonra layihə çərçivəsində şagirdlər arasında təşkil edilən "Novruz" yarışmasının qalibləri mükafatlandırılıb. Bildirilib ki, yarışmada Bakı, Sumqayıt, Gəncə və Şamaxıdan ümumilikdə 100-dən çox şagird iştirak edib. Həmçinin 2019-2020-ci tədris ilində layihə üzrə ən yaxşı nəticə göstərən 40 ən yaxşı müəllim və 22 məktəb direktoru diplomla mükafatlandırılıb.
10/07/2020 15:04
"Fibonacci" intellektual yarışının I mövsümü yekunlaşıb
Məktəblilərarası onlayn "Fibonacci" intellektual yarışının I mövsümü başa çatıb. I mövsüm 8 seçim oyunundan ibarət olub. Hər seçim oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təxminən 600-800 aralığında şagird, 80-100 arası komanda iştirak edib. Mövsümün final turunda 35 komanda yarışıb. Oyunun nəticələrinə əsasən, I yeri Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin komandası ("Tesla"), II yeri Bakı Avropa liseyinin komandası ("Fortuna"), III yeri isə Bakı şəhəri 287 nömrəli tam orta məktəbin komandası (“Zəkalar”) tutub. Uşaqların oyuna marağı nəzərə alınaraq, finala keçməyən komandalar üçün də iyulun 7-də həvəsləndirici final oyunu təşkil edilib. 27 komandanın yarışdığı oyunun nəticələrinə görə, Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin komandası (“Proqress”) I, Bakı şəhəri 264 nömrəli tam orta məktəbin komandası (“Kingsman”) II, 62 nömrəli tam orta məktəbin komandası (“Qızıl Alma”) III yerə layiq görülüb. Hər iki oyunun qalib komandalarına Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunacaq. "Fibonacci" intellektual yarışının II mövsümünə sentyabr ayında start veriləcək. Bildirək ki, onlayn formatda V-VII sinif şagirdləri arasında keçirilən“Nə? Harada?Nə zaman?” yarışması da davam etdilir. Qeyd edək ki, bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.
10/07/2020 10:23
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq. Bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.
10/07/2020 09:17
1565 müəllim iş yerini dəyişib
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin elektron yerləşdirmə mərhələsində uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra 1565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndərilib. Müsabiqədə uğur qazanan şəxslər tələb olunan sənədləri sentyabr ayının 1-dək (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd edək ki, ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.
09/07/2020 19:07
"Microsoft" şirkəti Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən yazıb
"Microsoft" şirkətinin internet saytında Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalə dərc olunub. Məqalədə Təhsil Nazirliyinin pandemiya dövründə fəaliyyəti barədə geniş məlumat öz əksini tapıb və "Necə oldu ki, bir nazirlik tez bir zamanda onlayn sinif otaqları yaratmaq üçün düzgün strategiya, resurs və texnologiya tapa bildi?" sualına hərtərəfli cavab təqdim edilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun da fikirlərinin yer aldığı məqalənin tərcümə olunmuş versiyasını təqdim edirik: "Azərbaycan: necə oldu ki, bir nazirlik tez bir zamanda onlayn sinif otaqları yaratmaq üçün düzgün strategiya, resurs və texnologiya tapa bildi? Nə qədər ki, dünyadakı məktəblər səhiyyə ilə bağlı çağırışlara cavab verə bilirdi, məsafədən öyrənmə vasitələrinə ehtiyac bir o qədər vacib deyildi. Məsafədən təhsilə keçidi daha da sadələşdirmək məqsədilə Azərbaycan hökuməti martın 3-dən bütün təhsil müəssisələrini bağladı. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə bir neçə fərqli həll yolları nəzərdən keçirildi. Təhsil Nazirliyi problemin həlli üçün mövcud olan ən yaxşı çıxış yolu kimi bütün ali təhsil müəssisələrinə "Teams" platformasından istifadə edilməsini tövsiyə etməklə öz dəstəyini göstərdi. Məsafədən təhsilə keçidin daha asan əlçatanlığını təmin etmək məqsədilə “Microsoft Azərbaycan” komandası “Bestcomp Group”, “Edumedia” və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin birgə dəstəyi ilə məktəblərə, müəllimlərə, tələbə və onların ailə üzvlərinə yeni öyrənmə üsullarını daha asan mənimsəmək üçün köməklik göstərdi. Nazirliyin verdiyi məlumata görə, təhsil üçün fəaliyyət göstərən "Microsoft Teams" digər alternativlərlə müqayisədə məlumat paylaşımına icazə verən vahid mühiti təmin etməklə yanaşı, həm də, əməkdaşlıq, görüşlər və qiymətləndirmələrin aparılması üçün imkanlar yaradır. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirir ki, “Microsoft Teams" təhsil sisteminin bütün ehtiyaclarını qarşılamaq iqtidarındadır və bunun üçün "Microsoft"un yerli ofisi hər cür tərəfdaş dəstəyini göstərmək üçün hər zaman hazır idi. Tələbələrin məsafədən təhsilə cəlb olunması üçün onları bu işə təşviq etmək, xüsusilə ilk dəfə olaraq məsafədən təhsillə tanış olanlar üçün bu anlayış bir az çətin ola bilər. Bu işin həyata keçirilməsi üçün müəllimlərin daha çox dəstəyə ehtiyacı vardır. 12 illik təhsil pilləli olan məktəblər üçün Təhsil Nazirliyi şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər, qiymətləndirmə və onlayn dərslərə çıxışını təmin edən və "Teams" bazası üzərində qurulmuş "Virtual məktəb" platformasını istifadəyə verdi. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib. Bu gün milyondan çox şagird və 100 min müəllim platformada qeydiyyatdan keçərək ondan aktiv şəkildə istifadə edir. Bu layihə "Teams"in imkanlarından istifadə etməklə minlərlə video hazırlayan müəllimlərə dəstək məqsədilə yerli onlayn və TV kanalları vasitəsilə geniş işıqlandırılıb. İndi "PowerBI" izləmə texnologiyasından istifadə etməklə Azərbaycandakı hər bir bölgənin və hər bir məktəbin bilik səviyyəsini qiymətləndirmək mümkündür. Eyni zamanda "Virtual məktəb" ölkə daxilində əməkdaşlıq və birgə fəaliyyət üçün ən geniş onlayn platformaya çevrilib. Bu məqam bir nazirliyin çox qısa bir zamanda şagird, müəllim və bütün pedaqoji heyətə yeni əlaqə və öyrənmə üsullarını əlçatan edən onlayn sinif otaqları yaratmaq üçün necə düzgün strategiya, resurs və texnologiya tapa bilməsinin ən gözəl nümunəsidir. Hətta 50 ali təhsil müəssisəsinin 30-u və peşə təhsili müəssisələrindən olan 100 mindən çox "Teams" istifadəçisi bundan sonra da "Microsoft Teams" platformasından istifadəni davam etdirəcəklərinə qərar veriblər. Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini daimi fəaliyyət göstərən bir layihə olaraq qalması, tələbələrə dəstək və təhsildən, öyrənmə mühitindən kənar düşməməsi üçün bütün lazımi işləri görür. Təhsil Nazirliyi eyni zamanda gündəlik daxili görüşlər üçün də "Microsoft Teams" platformasından istifadə edir. "Microsoft Teams", "Forms", "Minecraft Education Edition" və "Stream"in digər imkanlarından mərkəzləşdirilmiş monitorinq, məlumat paylaşımı, öyrənmə nəticələrinə çevik reaksiya verərək düzəlişlər etmək və.s üçün də istifadə ediləcək". https://news.microsoft.com/en-cee/2020/07/09/azerbaijan-how-one-ministry-found-the-right-strategy-resources-and-technology-to-quickly-create-online-classrooms/
09/07/2020 18:32
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb
2020-ci ilin I yarımili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələrinin birləşməsi nəticəsində onların bazasında yaradılan daha 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunu əldə edib. Publik hüquqi şəxs statusu əldə edən müəssisələr arasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi yer almaqdadır. Qeyd edək ki, sözügedən mərkəzlər ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq nizamnamələrində nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, həmçinin dövlət təhsil standartlarına uyğun olaraq təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək, eləcə də qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarına malik olacaqlar. Növbəti mərhələdə daha 20 Peşə Təhsil Mərkəzinin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.
09/07/2020 17:59
Peşə təhsili üzrə teledərslərin 10 iyul cədvəli
"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 10 iyul tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
09/07/2020 17:43
"Abituriyentlər üçün dərs vaxtı"nın 10 iyul cədvəli
“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 10 iyul cədvəlini təqdim edirik. Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.
09/07/2020 17:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı