• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali təhsil

Azərbaycan Respublikasında tam orta təhsili başa vuran hər bir şəxs ali təhsil ala bilər. Ölkəmizin 2005-ci ildə Bolonya prosesinə qoşulması və 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə Azərbaycan ali təhsil sisteminin məzmunu əhəmiyyətli dərəcə yenilənmiş, Avropa Kredit Transfer Sisteminin tətbiqinə başlanılmış və ali təhsilin üç səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə kadr hazırlığına başlanılmışdır.

 

 

 

 

Ali təhsilin bakalavriat səviyyəsində təhsil müddəti 4-5 il təşkil edir və 240-300 AKTS kreditindən (tibb təhsilində 300-360 kreditdən) ibarətdir. Magistratura səviyyəsində təhsil müddəti 1,5-2 il təşkil edir və 90-120 AKTS kreditindən ibarətdir. Ali təhsilin üçüncü səviyyəsi olan doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3-4 il, elmlər doktoru proqramı üzrə təhsil müddəti 4-5 il təşkil edir.

 

MÜNDƏRİCAT:

Bolonya Prosesi

Bu gün ölkəmiz Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilmiş və ali təhsil müəssisələrimizin fəaliyyəti Bolonya prosesinin tələblərinə tam uyğunlaşdırılmışdır. Avropa Kredit Transfer Sisteminin tətbiq olunması Avropanın və dünyanın aparıcı universitetlərinin müsbət təcrübəsinin ölkəmizə gətirilməsi ilə ali təhsildə tədris prosesinin forma və məzmun baxımından inkişaf etdirilməsinə imkan vermişdir.

 

Yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunmuşdur.

SABAH Qrupları

Savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssis yetişdirilməsi prinsipləri əsas götürülməklə, 2014-cü ildən ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanmışdır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.

İkili Diplom Proqramları

Avropa ölkələrinin aparıcı universitetləri ilə birgə reallaşdırılan ikili diplom proqramları ali təhsilimizin məzmununun təkmilləşdirilməsində və ali təhsil müəssisələrimizin beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynamışdır. Bunlardan ADA Universiteti ilə Niderlandın Maastrixt İdarəetmə Məktəbi, Bakı Dövlət Universiteti ilə Almaniyanın Vürzburq Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə Böyük Britaniyanın London Universiteti/London İqtisadiyyat Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti, Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasındakı proqramları xüsusi qeyd etmək olar. 


Eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində iki diplom proqramlarının reallaşdırılması məqsədilə bir neçə müqavilələr imzalanmış və onların həyata keçirilməsi hazırlıq işləri aparılır. Həmin ikili diplom proqramları aşağıdakılardır:
•    ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
•    ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
•    Koreya Respublikasının INHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı;
•    Türkiyənin “Ege Üniversitesi” ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı.


Azərbaycan və Fransa dövlət başçılarının təşəbbüsü ilə yaradılmış və 2016-cı ildən fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ikili diplom proqramı üzrə nümunəvi əməkdaşlıq hesab olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universiteti arasında reallaşdırılan bu proqram iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlıq platforması statusu qazanmışdır. Hazırda UFAZ-da bakalavriat səviyyəsində 4 ixtisas üzrə, magistratura səviyyəsində isə 3 ixtisas üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.

Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən filialları

Ölkə Prezidentinin təşəbbüsü ilə 2009-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və 2015-ci ildə isə Seçenov adına I Moskva Dövlət Tibb Univerisitetinin Bakı filialının fəaliyyətə başlaması ali təhsilimizin ümumi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmişdir. Hazırda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 9 ixtisas üzrə, Seçenov adına I Moskva Dövlət Tibb Univerisitetinin Bakı filialında isə 1 ixtisas üzrə kadr hazırlığı aparılır. 

Azərbaycan Gənclərinin Xaricdə Təhsili

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təhsil sahəsində ən mühüm hadisələrdən biri kimi qiymətləndirmək olar. Uğurla reallaşdırılan bu Proqram çərçivəsində 3558 nəfər Azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanmışdır. Bu gənclərin böyük əksəriyyəti artıq təhsilini başa vurub geri qayıtmış və ölkəmizin gələcək inkişafına öz töhvələrini verməyə başlamışdır.

 

 

Bu istiqamətdə aparılan işlərin davamı və dövlətimizin ali təhsilin inkişafına verdiyi yüksək önəmin növbəti nümunəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qarşımızda müasir dövrün tələblərinə uyğun yeni vəzifələr qoyur. Bu proqramın uğurla icra olunması bütövlükdə ali təhsilimizin nüfuzunun yüksəlməsində mühüm rol oynayacaqdır.