SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib. Dövlət başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşdü. Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirildi. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulandı. Bu sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirildi. Sonra qarşılılıqlı hədiyyələr təqdim olundu. Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu dedi. Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamladı. O, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verdi. Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirdi. Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi. Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlətimizin başçısına təqdim edildi. Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Dedi ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğuladı. Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirdi. Dövlətimizin başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğuladı, müvafiq proqramların həyata keçirildiyini qeyd etdi, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkəmizin multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırdı. www.president.az
11/12/2015 21:07
Təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması davam edir
2015-ci ilin oktyabr və noyabr ayları ərzində Bakı, Qazax, Şirvan, İsmayıllı, Samux, Ağstafa, Bərdə, Göygöl, o cümlədən Lənkərandakı 55 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Qeyd edək ki, bu iş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq aparılır. Bu günədək ATŞ-ə ümumilikdə 2051 təhsil müəssisəsi qoşulub. ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib. ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb. Eyni zamanda 2015-ci ilin oktyabr-noyabr ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə 3000 ədəd Monoblok Lenovo stolüstü kompüter, 70 ədəd noutbuk, 153 ədəd proyektor və 183 ədəd interaktiv elektron lövhə paylanıb. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təchizatı zamanı avadanlıqlar, əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilir.
11/12/2015 15:49
"Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində iştirak edən müəllimlərin təəssüratları
2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün Təşkilat Komitəsinə 600 müəllim müraciət edib. Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və 143 müəllim növbəti mərhələyə buraxılıb. İkinci mərhələyə vəsiqə qazanmış müəllimlər Bakı şəhərindəki 50 məktəbdə sınaq-nümunə dərsləri keçib. Müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə isə müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış ediblər. Bu mərhələdə də qiymətləndirmə 10 ballıq sistemlə aparılıb. “Ən yaxşı müəllim” müsabiqəsinin üçüncü mərhələsini başa vuran müəllimlər öz təəssüratlarını bölüşüblər. Ellada Mirzəyeva Sabirabad rayon 5 nömrəli Nizami Gəncəvi adına tam orta məktəbin ingilis dili müəllimi 15 ildir ki, ingilis dili fənnini tədris edirəm. “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram. Bu müsabiqə müəllimin öz bacarıqlarını nümayiş etdirməsi üçün böyük bir şansdır. İnanıram ki, müsabiqədə iştirakımız, mütəxəssislər tərəfindən aldığımız rəy gələcək fəaliyyətimizə də öz müsbət təsirini göstərəcək. Həmkarlarımızın müsabiqədə yer tutması bizdə inam, uğur qazanmaq arzusunu formalaşdırır. Bu müsabiqə biz müəllimləri daha keyfiyyətli işləməyə sövq edir. “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi müəllimlərin əməyinə verilən qiymətin bariz nümunəsidir. Bu müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm. Bikə Allahverdiyeva Saatlı rayon Gomuşçu kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi 13 ildir ki, müəllim işləyirəm. Dövlətimizin müəllimlərə, təhsil işilərinə olan qayğısı biz müəllimlərin məsuliyyətini daha da artırır. “Ən yaxşı müəllim” müsabiqəsi bizə bilik və bacarıqlarımızı nümayiş etdirməyə imkan yaradır. Bu müsabiqədə iştirakımı pedaqoji fəaliyyətimin uğuru hesab edirəm. Mən öz bacarıqlarımı sınamaqla yanaşı, iştirakçı müəllimlərlə təcrübə mübadiləsi etmək imkanı qazandım. Ötən il bu müsabiqəyə qatılsam da, yer tuta bilmədim. Ancaq özümə olan inamım məni bu müsabiqəyə yenidən qoşulmağa vadar etdi. Ümid edirəm ki, istədiyim nəticəyə çatacağam. Dilşad Kərimova Ucar şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi “Ən yaxşı müəllim” müsabiqəsində ilk dəfədir ki, iştirak edirəm. Doğrusu, əvvəllər də qatılmaq istəyirdim. Ancaq başa düşdüm ki, şagirdlərin yalnız təlim-tərbiyəsi ilə məşğul olmaq bu müsabiqədə iştirak etmək üçün yetərli deyil. Buna görə də bilik və bacarıqları daha da təkmilləşdirməyin, təhsil sahəsindəki yeniliklərin tədris prosesində tətbiqinin vacibliyini dərk etdim. Ucar rayonundan “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn müəllimlər çoxdur. Bu isə bölgələrdə rəqabətəqabil, peşəkar müəllimlərin yetişməsi deməkdir. Bu müsabiqənin təşkilinə görə hər kəsə təşəkkür edirəm. Şirin Məmmədova Bakı şəhəri 318 nömrəli tam orta məktəbin kimya-biologiya müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinə kimya fənni üzrə qatılmışam. İlk dəfədir ki, bu müsabiqədə iştirak edirəm. Bundan əvvəlki illərdə bir çox nailiyyətlər qazanmışam. “Elektron təhsil” müsabiqəsinin qalibiyəm. 7-ci siniflər üçün kimya vəsaitinin müəllifiyəm. Yaratdığım “Azəri ekoloqlar” komandası Bakı üzrə birinci, respublika üzrə qalib yerlərdən birini tutub. Müsabiqə müddətində özümü sanki “döyüş zonasında” hiss edirdim. Yuxusuz gecələrim, həyəcanlı anlarım çox oldu. Ancaq hədəfim bəlli idi. “Uduzmaq olmaz” deyirdim. Bu müsabiqə özümə qarşı daha çox tələbkar olmağı öyrətdi. Həm də bu, yaradıcı müəllim üçün öz üzərində işləmək imkanı verir, dövlət və şagird qarşısında məsuliyyətini artırır. Şəxsən mən qısa zaman ərzində 3 dərs resursu hazırladım, elektron lövhələrlə işləmək imkanı qazandım. Müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm . Gülnarə Abdullayeva Bakı şəhəri 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 26 ildir ki, eyni məktəbdə ingilis dili fənnini tədris edirəm. Belə bir kəlamı xatırlatmaq istəyirəm: “Hər bir elmin nüvəsində mənəviyyat, ağıl, idrak, ünsiyyət dayanır”. Ən böyük ünsiyyət vasitəsi dildir. Bu gün xarici dil, xüsusilə də ingilis dili müasirliyin tələbidir. Özümü çox xoşbəxt sayıram ki, bu peşənin sahibiyəm. İkinci dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsinə qatılıram. İlk dəfə bu müsabiqəyə 2009-cu ildə qatıldım və qalib gəldim. Bir müəllim kimi əməyim dəfələrlə qiymətləndirilib, uğurlarım çox olub. Ən böyük uğurum 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyimdir. Mənə elə gəlir ki, müəllim üçün bundan yüksək ad ola bilməz. Mən dövlətimə, dövlət başçısına təhsilə göstərdiyi qayğıya, müəllim adına verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm. Mərdan İsmayılov Bakı şəhəri 313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram. 2009-cu ildə də bu müsabiqənin qalibi olmuşam. Bu il biliyimi yoxlamaq üçün yenidən müsabiqəyə qatıldım. Nəticələrin yaxşı olacağını düşünürəm, cünkü ballarım yüksəkdir. Mən bir riyaziyyatçı kimi şagirdlərdə riyazi düşünmək qabiliyyətini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Şagirdlərə riyaziyyatı öyrətməklə yanaşı, onların sərbəst düşünmələrinə çalışıram. Bu gün müəllimlərin qarşısında duran ən vacib məsələ düşünməyi bacaran insanlar yetişdirməkdir. “Ən yaxşı müəllim” müsabiqəsi həm müəllim əməyinə verilən yüksək qiymət, həm də müəllimlərdə böyük ruh yüksəkliyi yaratmaq baxımdan böyük əhəmiyyətə malikdir. Xəyalə Quliyeva Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 10 illik pedaqoji fəaliyyətim dövründə bir çox respublika əhəmiyyətli müsabiqələrdə iştirak etmişəm və həmin müsabiqələrdə qalib gəlmişəm. Bu müsabiqəni neçə ildir ki, izləyirdim. Nəhayət, özümü tam hazır hiss etdikdən sonra müsabiqəyə qatılmaq qərarına gəldim. Artıq üç mərhələni arxada qoymuşam. Keçilən yola baxanda bir müəllim kimi sevinməyə bilmirəm. “Ən yaxşı müəllim” adı uğrunda müsabiqəyə qatılmaq qürurverici hissdir. Müsabiqə tam şəffaf, obyektiv və təşkilati baxımdan çox yüksək səviyyədə təşkil edilib. Nəticələrdən asılı olmayaraq, biz unutmamalıyıq ki, şərəfli bir peşənin icraçılarıyıq. Hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar arzulayıram. Qalib olacaq hər bir kəsi öncədən təbrik edirəm.
11/12/2015 15:10
Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 18 dekabr 2015-ci il tarixində saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 11, 14, 15, 16 və 17 dekabr 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
11/12/2015 14:33
Təhsil naziri Koreya Respublikasının ölkəmizdəki səfirini qəbul edib
Dekabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq Gyunu qəbul edib. Görüşdə təhsil sahəsində əməkdaşlıq, o cümlədən ali və ilk peşə-ixtisas təhsili sahələrində əməkdaşlıq layihələrinin icrası məsələləri müzakirə olunub. Mikayıl Cabbarov ölkəmiz üçün Koreya Respublikasının təcrübəsinin öyrənilməsinin önəmini qeyd edib və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
10/12/2015 17:51
Orta ixtisas təhsilinə dair müşavirə
Dekabrın 8-də orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Bakı Texniki Kollecində keçirilən müşavirədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər. Müşavirədə həyata keçirilən təhsil islahatlarından irəli gələn tələblər, gənc nəslin formalaşdırılmasında təhsil müəssisələrinin rolu, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifələr müzakirə edilib. Öncə “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov müşavirə iştirakçılarını salamlayıb və kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdırıb. F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır. F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd edib. Daha sonra müşavirədə orta ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış ediblər.
10/12/2015 17:15
Akademik orta məktəbdə dərs deyib
Dekabrın 10-da Bakı şəhərindəki Texniki Humanitar Liseydə Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs tədris edib. Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək. Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib. Akademik A.Əzizov Texniki Humanitar Liseyin kimya laboratoriyasında 9-cu sinif şagirdlərinə kimya fənni üzrə nümunəvi dərs tədris edib, şagirdləri maraqlandıran sualları cavablandırıb. Məktəblilərin elmə marağının artırılmasının önəminə diqqət çəkən akademik A.Əzizov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Akademik ölkəmizdə təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün xüsusi addımlar atıldığını deyib və bu baxımdan “Elmdən Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətini vurğulayıb. A.Əzizov ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayıb. Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən A.Əzizov son illər ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdyini, yeni və müasir istehsal sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını bildirib. Dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində “Nobel həftəsi” çərçivəsində dəyərli elmi tədqiqatlara, ixtiralara, mədəniyyət və cəmiyyətin inkişafındakı xidmətlərinə görə verilən “Nobel” mükafatının sahiblərinə təqdim ediləcəyini deyən akademik bu mükafata layiq görülən kimyaçı alimlər haqqında da şagirdlərə məlumat verib. Nümunəvi dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak edib.
10/12/2015 15:05
Azərbaycan məktəblilərinin tarixi uğuru
Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə ediblər. Belə ki, 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmiz uğurlu nəticə əldə edənlər sırasında olub. Ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər. Bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər 2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1 gümuş, 2 bürünc, 2010-cu ildə 2 bürünc, 2011-ci ildə 1 gümüş, 2 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1 bürünc, 2014-cü ildə 1 bürünc medal qazanıblar. Qeyd edək ki, bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50 ölkənin sırasına düşüb. Həmçinin, uzun illlik fasilədən sonra Beynəlxalq Biologiya Olimpiadasında və Asiya Fizika Olimpiadasında qazanılan bürünc medallar bu istiqamətdə düzgün işin qurulmasını göstərir. Bakıda keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə şagirdlərimiz 2 bürünc medal əldə ediblər.
10/12/2015 12:34
Badminton üzrə Nərimanov rayon birinciliyi
Dekabrın 8-də“ABU Arena”da “Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib. “Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur. Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov “Olimpiya hərəkatı” proqramı haqqında ətraflı məlumat verib. O, rayon birinciliyinə vəsiqə qazanmış məktəb komandalarını təbrik edib və onlara uğurlar arzulayıb. Bundan sonra yarışa start verilib. 22 məktəbi təmsil edən 100 nəfərdən artıq qız və oğlan şəxsi, eləcə də qarışıq-qoşa formatda güclərini sınayıblar. Yarışlar komandalar arasında olimpiya sistemi üzrə keçirilib. Yarışın ümumi nəticələrinə görə, I yeri 212, II yeri 258, III yeri isə 45 saylı ümumi təhsil məktəblərinin komandaları tutaraq, final mərhələsinə vəsiqə qazanıblar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub.
09/12/2015 16:36
Ümumi təhsil müəssisələrində nümunəvi dərslər
Dekabrın 10-dan Bakı şəhərinin ümumi təhsil müəssisələrində nümunəvi dərslərə start veriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək. İlk nümunəvi dərs Bakı şəhərindəki Texniki Humanitar Liseydə AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Akif Əzizov tərəfindən təqdim olunacaq. . Qeyd edək ki, bu məqsədlə paytaxtda 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib. Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Elmi və elmi-populyar mövzular üzrə tədris ediləcək dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.
09/12/2015 15:51
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı