SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilər üçün qış məktəbi
Təhsil Nazirliyinin nəzdində Respublika Ekoloji Tərbiyə və Təcrübə Mərkəzi, “Ekosfera” Sosial-Ekoloji Mərkəzin Gənc Ekoloqlar Yaşıl Məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Bakı Ağ Şəhər”in birgə təşkilatçılığı ilə məktəblilər üçün üçgünlük qış məktəbi təşkil edilib. “Yaşil idarəçilik, yaşil memarlıq, şəhərsalma, informasiya əlaqələri və texnologiya” mövzusunda qış məktəbində 7-14 yaşlı şagirdlər iştirak ediblər. Tədbir çərçivəsində məktəblilər “Şərq-Qərb” nəşriyyatında olub, kitabların nəşrə hazırlanması prosesini izləyiblər. Daha sonra qış məktəbinin iştirakçıları AMEA-nın elmi-tədqiqat institutlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Akademiyanın Mərkəzi Elmi Kitabxanasında gənc tədqiqatçılara kitabın qorunub saxlanılması və virtual kitabxananın yaradılmasının əhəmiyyəti barədə məlumat verilib, onları oxu zalları, elmi fondlarla tanış ediblər. Şagirdlər oxucuların qeydiyyatdan keçmə, kataloqlardan kitab seçərək sifarişvermə prosesi ilə maraqlanıblar. Sərgi zalı və elektron oxu zallarını ziyarət edən şagirdlər sorğuya görə informasiyanın axtarışı, elektron avadanlıqdan istifadə qaydaları və onların iş prinsipi ilə bağlı məlumatlandırılıblar. Daha sonra məktəblilər və könüllü tələbələr “Bakı Ağ Şəhər” layihəsinin əsas binasının ekologiyası və innovativliyi, Qafqazda ilk və yeganə beynəlxalq yaşıl sertifikat işarəsi barədə informasiya əldə ediblər. İştirakçılara gələcək Ağ Şəhərin tikinti işlərinin layihəsi nümayiş etdirilib. Qış məktəbi günlərində ekspertlərlə görüşlər, ekskursiyalar, müasir texnologiyalarla tanışlıq, işçi qruplarla iş və yaradıcılıq məşğələləri təşkil olunub. Bu pilot layihə məktəbdənkənar təhsilin və uşaqların asudə vaxtının səmərəli təşkilinin texniki, elmi-intellektual və innovativ imkanlarını birləşdirmək məqsədilə xüsusi proqramların inkişafına xidmət edir. Qış məktəbi fevralın 3-də başa çatacaq.
02/02/2016 11:08
“Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin 10 yaşlı üzvü Nərgiz Səfərlinin “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib. “Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər. Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib. Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açan natiqlər belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Tədbirin bədii hissəsində mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının və “Mahnı teatrı” dərnəyinin üzvləri çıxış ediblər. Sərgi üç gün davam edəcək.
01/02/2016 16:45
Diaqnostik qiymətləndirmə ilə bağlı suallar cavablandırılıb
14-29 yanvar 2016-cı il tarixlərində Təhsil Nazirliyinin “Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallar cavablandırılıb. İstifadəçilər tərəfindən daxil olmuş sualların böyük əksəriyyəti əməkhaqqı artımının hesablanması, digər şəhər və rayonlarda keçiriləcək diaqnostik qiymətləndirmənin vaxtı, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və yaxud iştirak edib aşağı nəticə göstərən müəllimlərin təkrarən imtahanda iştirak etməsi mövzuları ilə bağlı olub. Bildirilib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin respublikanın digər şəhər və rayonlarında mərhələli şəkildə keçirilməsi planlaşdırılır. Müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər növbəti qiymətləndirmədə iştirak edə bilərlər. Eyni zamanda diaqnostik qiymətləndirmədə iştirak edən və müvafiq keçid balını toplayan müəllimlərin adlı siyahısı yerli təhsili idarəetmə orqanlarına göndərilib. Əməkhaqqının hesablanma qaydası və artım məbləğləri ilə əlaqədar müəllimlər yerli təhsili idarəetmə orqanlarının mühasibatlıqlarına müraciət edə bilər.
01/02/2016 14:55
Təhsil naziri Qobustan şəhərində vətəndaşları qəbul edəcək
Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 8 fevral 2016-cı il tarixində saat 11:00-da Qobustan şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 1, 2, 3, 4 və 5 fevral 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
01/02/2016 09:58
ADNSU-da Startap məktəbi fəaliyyətə başlayıb
Yanvarın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov, ADNSU-nun rektoru Mustafa Babanlı, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Təhsil Nazirliyinin nümayəndələri, beynəlxalq ekspertlər İqor Peer (İsrail) və İnna Malyukova (Ukrayna), universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Mərasimdə çıxış edənlər Startap məktəbinin əhəmiyyətindən, tələbələrin və yaradıcı ideyası olan gənclərin özünü ifadə edə bilməsi üçün yaradılan şəraitdən söhbət açıblar. Bildirilib ki, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən Startap məktəbinin fəaliyyətinin ilk mərhələsi bu ilin martına qədər davam edəcək. May-iyun aylarında başa çatacaq ikinci mərhələdə isə konkret layihələr üzərində iş aparılacaq. Yayda keçiriləcək festivalda seçiləcək ən yaxşı layihələr sərmayə qoyulmaqla biznes inkubasiyası dövründə inkişaf etdiriləcək. Bu müddət ərzində layihələr üzrə nəzərdə tutulan son məhsullar və ya onların prototipləri hazırlanacaq. Daha sonra onların kütləvi istehsalına və tətbiqinə başlanacaq. Beləliklə, tələbələr və məzunlar öz ideyalarını reallaşdıra, layihələri ətrafında biznes strukturu yarada biləcəklər. Startap məktəbində tədris Azərbaycan, İsrail və Ukraynadan olan mütəxəssislər tərəfindən aparılacaq. Axşam saat 18:00-dan sonra başlayan dərslərdə iştirak üçün təhsil haqqı tələb olunmur. Digər ali məktəblərin tələbələri və ya tələbə olmayan şəxslər də Startap məktəbinə yazıla bilərlər.
29/01/2016 12:47
Təhsil nazirinin müavini Ceyhun Bayramov YUNESKO-nun konfransında çıxış edib
Yanvarın 28-də Parisdə Fransanın Milli Təhsil, Ali təhsil və Tədqiqat Nazirliyinin və YUNESKO-nun “Ələddin” layihəsinin təşkilatçılığı ilə “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfrans keçirilib. Konfransın açılış mərasimində YUNESKO-nun Baş direktoru İrina Bokova və Fransanın ali təhsil üzrə dövlət katibi Tyeri Mandon çıxış edib. Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov konfransın "Gənclər arasında radikallaşmanın qarşısının alınması: məktəblərin rolu" adlı sessiyasında çıxış edərək terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qlobal və regional sabitlik üçün ciddi təhlükə təşkil etdiyini, Azərbaycan hökumətinin bu təhdidlərə qarşı ən effektiv vasitə kimi təhsilə xüsusi əhəmiyyət verdiyini qeyd edib, eləcə də son illər ərzində ölkəmizdə təhsil sahəsində aparılmış islahatlar barədə məlumat verib. Nazir müavini Azərbaycanın tarix boyunca müxtəlif millətlər və dinlərin nümayəndələri üçün qarşılıqlı anlayış və sülh şəraitində yaşayış üzrə zəngin tarixə malik olması, 25 il öncə müstəqilliyini bərpa etdikdən sonra bu təcrübənin qorunub saxlanılması və daha da inkişafı istiqamətində işlərin aparılması, beynəlxalq miqyasda multikulturalizm və mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə son illər ərzində ölkəmizdə həyata keçirilmiş tədbirlər barədə danışıb. Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini ölkəmizin bu məsələyə verdiyi əhəmiyyətin və diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Təhsil nazirinin müavini həmçinin, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qaldığını, terror fəaliyyətinin hədəfi olduğunu, 1992-ci ildə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımın həyata keçirildiyini və ölkəmizin 20 faiz torpaqlarının hələ də Ermənistanın işğalı altında qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Parisə səfəri çərçivəsində təhsil nazirinin müavini bir sıra işçi görüşlər də keçirib. YUNESKO-nun Baş direktorunun müavini Qyan Tanq ilə görüşdə Azərbaycanla YUNESKO arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Strasburq Universitetinin prezidenti Alen Beretz ilə keçirilmiş görüş zamanı isə Fransız-Azərbaycan Universitetinin təsis olunması istiqamətində həyata keçirilən hazırlıq işləri təhlil olunub və növbəti addımlar müzakirə edilib.
29/01/2016 12:03
Abşeronda “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar
Yanvarın 28-də Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, təhsil ekspertləri, rayonun ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər. Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin yüksəldilməsində sağlam münasibətlərin rolunu vurğulamaqdır. Seminarda Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə müsbət davranış vərdişlərinin formalaşdırılması, ümumi təhsil müəssisələrində sağlam mühitin yaradılması, müəllimlərin peşə standartları və etik davranış qaydaları haqqında təqdimatla çıxış edib. Tədbirdə müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunub, mövcud problemlərin konstruktiv həlli yolları müzakirə edilib. Çıxış edənlər müəllim-şagird münasibətlərinin tənzimlənməsində valideyn faktorunun böyük rol oynadığını, müəllimin nüfuzunun qorunması üçün valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının önəmini vurğulayıb, məktəblərdə Pedaqoji şuraların işinin daha da yaxşılaşdırılması məsələsinə toxunublar. Qeyd edək ki, seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub.
28/01/2016 18:07
TOPs proqramı çərçivəsində idman festivalı
Bakı şəhərindəki M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə TOPs proqramı çərçivəsində idman festivalı keçirilib. Festivalda məktəbin 100-dən çox şagirdi müxtəlif idman növləri üzrə qüvvə və bacarıqlarını nümayiş etdirib. Məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyilə keçirilən festivalda valideynlər də iştirak edərək övladlarını dəstəkləyiblər. Festivalın keçirilməsində məqsəd şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, psixoloji dayanıqlılığının qorunması və onların fiziki tərbiyə dərslərinə olan münasibətinin daha da yaxşılaşdırılmasından ibarətdir. İdman və incəsənət bayramı kimi keçirilən tədbir şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə müsbət təsir göstərir, onların idmana marağının artırılmasına kömək edir. Tədbirdə 18 nömrəli məktəbin direktoru Rəna Süleymanova çıxış edərək TOPs metodologiyasının üstünlüklərindən, təhsildə şagirdlərin fiziki sağlamlığının əhəmiyyətindən söz açıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Festival zamanı məktəblilər tərəfindən ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub, yarışlar keçirilib. Tədbirin sonunda qalib komandalar kubok və medallarla mükafatlandırılıb.
28/01/2016 14:49
Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO-nun konfransında
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 28-də Parisdə keçirilən “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfransda iştirak edir. YUNESKO-nun “Ələddin” layihəsi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin birgə təşkil etdiyi konfransda Fransa, ABŞ, Tunis, Türkiyə, Mərakeş və digər ölkələrin nazir və nazir müavinləri, Avropa İttifaqı rəsmiləri, siyasi xadimlər, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Konfransın 3-cü sessiyasında Ceyhun Bayramovun çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.
28/01/2016 12:26
“Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar
Təhsil Nazirliyi “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminarların keçirilməsinə başlayır. İlk belə seminar Xırdalan şəhərində keçiriləcək. Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq. Təhsil ekspertlərinin də iştirak edəcəyi tədbirdə mövcud problemlərin konstruktiv həlli yolları müzakirə ediləcək. Seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunur.
27/01/2016 17:18
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı