SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Qazaxıstan Respublikasının səfirini qəbul edib
Fevralın 10-da təhsil naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib. Görüş zamanı Qazaxıstan və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
10/02/2016 18:07
Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu
Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unda iştirak edir. Forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər. “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır. Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi də gözlənilir.
10/02/2016 18:01
Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə Təhsil Nazirliyinin açıqlaması
Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yerləşdirilməsini nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, əsas məlumat mənbəyi olaraq Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinad etsinlər. ELAN
10/02/2016 12:17
Müsabiqəyə 86 iş təqdim olunub
"Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin I mərhələsi başa çatıb. İlk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir. Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqənin birinci mərhələsinə 89 iş təqdim olunub. Onlardan 3-ü müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Yekun olaraq müsabiqəyə qəbul edilmiş işlərin 68-i "Ən yaxşı müəllim işi", 18-i isə "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə olub. Layihələr ikinci mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları fevralın 16-sı elan ediləcək. Müsabiqədə qalib olan namizədlərə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.
10/02/2016 10:56
Akademik coğrafiya fənni üzrə dərs tədris edib
Fevralın 9-da Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın 9-cu və 10-cu sinif şagirdlərinə “Coğrafiya-müşahidədən fundamental elmə və tətbiqə doğru” mövzusunda dərs tədris edilib. Dərs Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tərəfindən keçirilib. Dərsdə akademik Ramiz Məmmədov bəşəriyyətin yaranma tarixi barədə fərziyyələr, dünya xəritəsində zamanla yaranmış dəyişikliklər və son zamanlar geniş müzakirə obyektinə çevrilən iqlim dəyişikliyi mövzusu ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın inkişaf coğrafiyası, təbii sərvətləri, fiziki-coğrafi və iqtisadi rayonlaşması haqqında fikirlərini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb. Sonda akademik 160 nömrəli klassik gimnaziyanın coğrafiya kabinetinə Xəzər dənizinin hidrometeoroloji atlasını hədiyyə edib. Dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edir.
09/02/2016 15:29
Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı növbəti görüş
Fevralın 9-da Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib. Görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub. Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Ölkə başçısının imzaladığı bu sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət etdiyi vurğulanıb. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Sərəncama müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydası” təsdiq olunub. Yeni qaydalara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Belə ki, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Bu, aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Sadalananlarla yanaşı, yeni qaydalar təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq. Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
09/02/2016 15:05
SABAH tələbələri “Sağlam təhsil sinifləri”ndə
SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub. Tələbələr fevralın 1-dən Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübə keçirlər. Təcrübənin fevralın 12-dək davam etməsi nəzərdə tutulur. Təcrübə müddətində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri, psixoloqu, pedaqoqu eyni zamanda ADPU SABAH mərkəzinin rəhbəri mütəmadi olaraq sinifləri ziyarət edir və gənc müəllimlərə dəstək olurlar. Təcrübə proqramının yekununda tələbələrin planlaşdırdıqları açıq dərs izlənəcək və onlar əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat edəcəklər. Davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə metodist, psixoloq, sosioloq və sərbəst müşahidəçilər tərəfindən qiymətləndirilən tələbələr sonda Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin sertifikatını əldə edəcəklər. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir. “Sağlam Təhsil-Sağlam Millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.
08/02/2016 17:36
Yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi
Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Artıq neçə ildir ki, ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklər istifadəyə verilir. Dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur. 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcəkdir. Çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur. Sayta daxil olaraq, “Bütün siyahı” düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür. Ətraflı tanış olmaq istədiyiniz dərslik layihəsini seçərək onu onlayn oxumaqla bərabər, PDF variantını da kompüterə yükləyə bilərsiniz. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar. Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir. Təklif və tövsiyələriniz bizim üçün önəmlidir!
08/02/2016 14:06
Fevralın 8-də təhsil naziri Mikayıl Cabbarov Qobustan şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Vətəndaşın qaldırdıqları əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/02/2016 12:32
“Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar
Fevralın 5-də Sumqayıt şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, təhsil ekspertləri, psixoloq və KİV təmsilçiləri iştirak ediblər. Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək, valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasını və sinfin idarə edilməsində yeni metodlardan istifadəni təbliğ etməkdir. Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə pozitiv davranış vərdişlərinin formalaşdırılması, emosional intellektin inkişafı, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkil edilməsi, müəllimlərin peşə fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş vəzifələr və etik davranış prinsiplərindən bəhs edən təqdimatla çıxış edib. Psixologiya elmləri üzrə fəlsəfə doktoru İlhamə Sultanova “Fiziki və emosional zorakılığın psixoloji fəsadları, cəzalandırmanın sivil yolları” mövzusundakı təqdimatında məktəbdə qeyri-adekvat davranış nümayiş etdirən şagirdlərin islah edilməsi yollarından danışıb, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin tənzimlənməsi məqsədilə təkliflər irəli sürüb. Daha sonra çıxış edənlər təhsilin keyfiyyətinin artırılmasında idarəetmənin təkmiləşdirilməsinin vacibliyinə, müəllim-şagird münasibətləri çərçivəsində baş verən hadisələrə KİV-in və sosial medianın münasibəti məsələsinə toxunublar. Çıxışlarda səriştəli valideynlərin hazırlanması, bununla bağlı təbliğat işinin gücləndirilməsi, belə seminarların mütəmadi keçirilməsi və digər bu kimi məsələlərlə dair təkliflər səsləndirilib. Qeyd olunub ki, məktəb idarəçilərinin lazımi xüsusiyyətlərə, müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədris ilindən başlayaraq məktəb idarəçisi olmaq istəyən potensial müəllim və direktor müavinləri üçün təlimlər keçirilir.
05/02/2016 18:27
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı