SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı üzrə zona mərhələləri keçirilir
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin zona mərhələsi keçirilir. Mayın 19-dan başlayaraq Naxçıvan şəhərində, Göyçay və Lənkəran rayonlarında müsabiqənin zona mərhələləri keçirilib. Növbəti günlərdə isə zona mərhələləri Gəncə şəhəri və Şamaxı, Şəki, Tovuz rayonlarında davam etdiriləcək. Tədbirlərə iyunun 3-də Bakıda yekun vurulacaq. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər. Şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xüsusi komissiyası tərəfindən 100 ballıq sistem və məhsulun “qiymətləndirmə sertifikatı” əldə edəcək, həmçinin oktyabr ayında keçiriləcək “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin 1-ci Respublika sərgisində iştirak etmək imkanı qazanacaqlar. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir. Qeyd edək ki, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgisində də nümayiş olunub.
25/05/2016 17:08
Təmayül məktəblərin şəbəkəsi genişləndirilib
2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, yeni tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi nəzərdə tutulmuş yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilib. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. Müəyyən olunmuş pilot məktəbləri müvafiq təmayüllər üzrə tədris planı və fənn proqramları ilə təmin ediləcək. Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkil olunması nəzərdə tutulur. Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Həyata keçirilən pilot layihənin nəticələri müsbət qiymətləndirildiyi üçün bu müəssisələrin şəbəkəsinin genişləndirilməsi məqsədəuyğun sayılıb və 2015-2016-cı dərs ilindən daha 50 məktəbdə (Bakı – 33, Sumqayıt – 5, Mingəçevir – 4, Gəncə – 3, Şirvan – 1, bilavasitə Təhsil Nazirliyi tabeliyində – 4) 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətində tədrisə başlanıb. Beləliklə, 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
25/05/2016 15:33
“Təhsil” RİM-in Gəncə filialının futbol komandası Azərbaycan çempionatının qalibi olub
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının 13 yaşlılardan ibarət komandası 2015-2016-cı il mövsümü üzrə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi olub. Mayın 24-də Bayıl stadionunda keçirilən final oyununda “Təhsil” RİM-in Gəncə filialı ilə “İnter” klubunun komandaları qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Gəncə filialının komandası 1-0 hesabı ilə qələbə qazanaraq 2015-2016-cı il mövsümü üzrə 13 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi adına layiq görülüb. Komandanın hücumçusu Ümid Səmədov mövsüm ərzində 67 qol vurduğuna görə turnirin bombardiri seçilib.
25/05/2016 12:40
Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı
Mayın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Hər il ənənəvi olaraq təşkil edilən konfrans bu dəfə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, builki konfrans “Multikulturalizm ili” çərçivəsində və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutur. Konfrans gənclərə imkan verir ki, Azərbaycanın davamlı inkişafinı və çiçəklənməsini təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirsinlər. Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran nazir müavini təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib. Özünun inkişaf strategiyasını insan kapitalının və intellektual resursların üzərində quran ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə sadiqdir. C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır. C.Bayramov Təhsil Nazirliyi tərəfindən elm və təhsilin gələcək inkişafı üçün nəzərdə tutulmuş vacib tədbirləri diqqətə çatdırıb, gənclərin potensialının tam realizə edilməsinə imkan verən təhsil mühitinin yaradılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan gənclərimizin yüksək intellektə malik hissəsi xüsusi qayğı ilə əhatə olunur və onların özlərini təsdiq etməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. İntellektual potensialın qorunması məqsədi ilə yüksək ixtisaslı kadrların fasiləsiz hazırlanması prosesi həm respublikamızın, həm də xarici ölkələrin ən nüfuzlu universitetlərində həyata keçirilir. Nazir müavini bildirib ki, “Thomson Reuters” Agentliyinin bazasına daxil olan jurnalların elmi ictimaiyyət arasındakı nüfuzunu nəzərə alaraq, eləcə də Azərbaycan alimləri və doktorantları üçün bu bazadan istifadə etmək imkanını yaratmaq və alimlərimizin elmi fəaliyyətinə dair elmimetrik göstəriciləri əldə etmək məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters” Agentliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə vasitəsilə bu Agentliyin məhsul və xidmətlərinə, eləcə də “Web of Science” platformasının bazasına çıxış imkanı yaradılıb. Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters”in bazasına daxil olan jurnallarda çap edilmiş elmi əsərlərə görə hər ilin sonunda müəlliflərin mükafatlandırması üçün müsabiqə keçirməyi nəzərdə tutur. Müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi məhz gənclərin intellektual səviyyəsindən, milli və ümumbəşəri dəyərlərə dərindən yiyələnməsindən asılıdır. Bu mühüm məsələlərin həlli yolunda sizin hər birinizə müvəffəqiyyətlər, konfransın işinə isə uğurlar diləyirəm. Sonra çıxış edənlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər. İki gün davam edəcək kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb. Konfransın materialları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir. Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.
24/05/2016 14:56
«Məktəblilər üçün muzey həftəsi» başa çatıb
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, eləcə də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən 18 may–Beynəlxalq Muzeylər Günü münasibətilə «Məktəblilər üçün muzey həftəsi» keçirilib. 12-18 may 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə reallaşdırılan tədbir “Multikulturalizm ili”nə həsr edilib. «Məktəblilər üçün muzey həftəsi»nin mayın 13-də Azərbaycan Xalça Muzeyində açılış mərasimi olub. «Məktəblilər üçün muzey həftəsi»nin məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu, ayrı-ayrı dövrlərə aid eksponatlarla tanış etmək, interaktiv ekskursiya zamanı onlara müxtəlif milli, dini, mədəni irsə mənsub millətlərə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı aşılamaqdan ibarətdir. Ötən il «Məktəblilər üçün muzey həftəsi»ndə 7000 məktəbli 15 muzeyə ekskursiyaya cəlb olunmuşdusa, məktəblilərin muzeylərə olan marağı və yüksək fəallığı nəzərə alınaraq, bu il Bakı şəhəri və regionlar üzrə 25 muzeyə 50 000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib. Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2016-cı ilin bu gününü "Muzeylər və mədəni landşaftlar" mövzusuna həsr edib.
24/05/2016 12:09
Təhsil naziri Mikayıl Cabbarov Dohaya səfər edib
Qətər Dövlətinin Əmirinin cari ilin mart ayında ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılığa əsasən və səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarov mayın 23-də Dohaya səfər edib. Səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil islahatları barədə qətərli həmkarına ətraflı məlumat verib. Daha sonra təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetini ziyarət edərək hər iki ali təhsil müəssisəsinin prezidentləri ilə görüşüb. Görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, birgə elmi tədqiqatların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində təhsil nazirinin Qətər Fondu və “Təhsil Şəhəri”nə ziyarəti baş tutub. Nazirə Qətər Dövlətinin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr haqqında məlumat təqdim olunub. Sonda Mikayıl Cabbarov “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini qeyd edib.
24/05/2016 10:47
Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 23, 24, 25 may 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
23/05/2016 11:53
Müsabiqə qalibləri mükafatlandırılıb
Mayın 20-də ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən Respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir. Fevralın 1-dən start verilən müsabiqə 3 mərhələdə keçirilib. I mərhələnin iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. II mərhələ - zona mərhələsi respublikanın şəhər və rayonlarında keçirilib. 49 ilk peşə və 33 orta ixtisas təhsili müəssisəsinin qatıldığı bu mərhələ Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakı şəhərində təşkil edilib. 670 nəfərin iştirak etdiyi zona mərhələsində birinci, Bakı şəhərində isə birinci və ikinci yeri tutan 61 şagird və tələbə respublika mərhələsində iştirak edib. Müsabiqənin respublika mərhələsinə aprelin 28-də yekun vurulub. Respublika mərhələsində 23 nəfər birinci, 12 nəfər ikinci, 18 nəfər üçüncü yeri qazanıb. Müsabiqə mahnı, təsnif və xalq mahnıları, şeir və rəqs olmaqla, 4 nominasiya üzrə keçirilib. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək üçün hər nominasiya üzrə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Qaliblər Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
21/05/2016 18:17
Təhsil naziri Kolumbiya Respublikasının müvəqqəti işlər vəkilini qəbul edib
Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
20/05/2016 17:21
Yeni layihə təqdim olunub
Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, Azərbaycanda rəsmi səfərdə olan “British Council” təşkilatının regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates və BP şirkətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, “British Council” tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə bu günə qədər ölkə üzrə 13 rayonu əhatə edən ingilis dili müəllimləri üçün ixtisaslaşdırma təlim proqramı həyata keçirilib. Növbəti layihə Azərbaycanın neft-qaz boru kəməri keçən qərb regionunda- Ağstafa, Goranboy, Samux, Tovuz və Şəmkirdə baş tutacaq. Bir il müddətində davam edəcək layihə adıçəkilən bölgədə 10 ümumi təhsil müəssisəsindən seçilən 75 ingilis dili müəlliminin, 10-16 yaş qrupunda 500-dən çox məktəblinin,150 nəfər icma üzvünün ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
20/05/2016 12:05
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı