SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edib
Aprelin 17-də təhsil naziri Mikayıl Cabbarov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəlimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqından azad olunma, müəllim əməyinin qiymətləndirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
17/04/2017 14:58
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş Respublika təsviri sənət müsabiqəsinə start verilib
IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən Respublika təsviri sənət müsabiqəsinə start verilib. Müsabiqə 6–17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Musabiqə 2 mərhələdə təşkil olunacaq. I mərhələ 24–27 aprel 2017-ci il tarixlərində zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq. Müsabiqənin I mərhələsinin qalibləri yerli təhsili idarəetmə qurumlarında yaradılmış münsiflər heyəti və mərkəzin əməkdaşlarının iştirakı ilə müəyyən edilərək II mərhələyə vəsiqə qazanacaqlar. Zonalar üzrə sərgilər təşkil ediləcək və hər yaş kateqoriyası üzrə qaliblər diplomlarla mükafatlandırılacaqlar. II mərhələyə təqdim olunan rəsm əsərləri 8-10 may 2017-ci il tarixlərində Təsviri Sənət Qalereyasında qiymətləndiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
17/04/2017 14:22
Məktəblərdə “Xocalıya ədalət!” kampaniyası davam edir
Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilib. Görüşdə jurnalist Vüsalə Məmmədova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Şagirdlərə Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törədilən kütləvi qırğın, vəhşilik və soyqırımı barədə məlumat verilib. 1988-ci ildə azərbaycanlıların yaşadıqları tarixən Azərbaycan torpaqları olan Ermənistanın ərasisindən qovulduğu və Dağlıq Qarabağ hadisələrində xalqımıza qarşı soyqırımı aktlarının davam etdirildiyi, ermənilərin Xocalıya qarşı hərbi təcavüzünin isə məqsədyönlü xarakter daşıdığı bildirilib. Görüşdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər haqqında da məlumat verilib. Bakı şəhərinin ümumi təhsil müəssisələrində belə görüşlər davam etdirilir.
17/04/2017 12:12
“Bizim müəllim” layihəsi fotolarda
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatına başlayır. “Bizim müəllim” layihəsinin ilk belə təqdimatı Abşeron və Şabran rayonlarından olan müəllimlərə həsr olunur.
17/04/2017 11:36
Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır
Aprelin 16-da Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır. Qiymətləndirmə 5 gün davam edəcək. 10 min nəfərdən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
15/04/2017 12:29
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində məktəblərdə görüş
Bakı şəhərindəki 27 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilib. Görüşdə fondun nümayəndəsi Cavid Məmmədzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Həmçinin şagirdlərə tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törədilən kütləvi qırğın və soyqırımı ilə bağlı məlumat verilib. Daha sonra 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışılıb. Qeyd edək ki, paytaxt məktəblərində belə görüşlər davam etdiriləcək.
14/04/2017 17:32
Məktəbli qızlar olimpiadada uğur qazanıblar
Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 43 ölkədən 172 şagirdin iştirak etdiyi olimpiadaya Avropa ölkələri ilə yanaşı ABŞ, Yaponiya, Hindistan, Braziliya və digər ölkələrin məktəbliləri də qatılıblar. Azərbaycan məktəbliləri ikinci dəfədir ki, bu olimpiadada iştirak edib. Olimpiadada şagirdlər ümumilikdə 6 tapşırıq üzrə billik və bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanı olimpiadada təmsil edən qızlarımız bu mötəbər bilik yarışında nailiyyət əldə ediblər. Belə ki, İ.Əfəndiyev adına “Elitar” gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan “Honourable Mention” sertifikatına layiq görülüblər. Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvləridir.
14/04/2017 15:20
Tələbələr arasında futbol çempionatının yarımfinal turu
Aprelin 14-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının yarımfinal görüşü keçirilib. Yarımfinal oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qarşılaşıb. Oyunun nəticələrinə əsasən, aprelin 29-da keçiriləcək final görüşündə BDU və ADBTİA komandaları qarşılaşacaq. Çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir. FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunur. Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.
14/04/2017 14:37
“Peşəkar ol” layihəsinə başlanılıb
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlar üçün "Peşəkar ol" proqramına start verib. Layihənin məqsədi pedaqoji ali təhsil alan tələbələrdə qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq təhsil işçiləri formalaşdırmaq, onlarda peşəyə loyallıq tərbiyə etmək, eləcə də xüsusi fərqlənənləri institutla əməkdaşlığa cəlb etməkdir. “Peşəkar ol” proqramı “Oyrətmək iddiası olanın öyrənmək əzmi gərək” devizi altında təşkil olunub. Proqram üzrə seçilən tələbələr "Müasir təhsilin xüsusiyyətləri", "Təhsilin məzmunu, kurikulum, tədris metodikası", "Şagird-müəllim münasibətləri", "İKT-nin təhsilə tətbiqi", "Auditoriya ilə iş" və digər mövzulu seminarlarda iştirak edəcəklər. "Media savadlılığının əsasları" adlı modula isə proqramda xüsusi yer ayrılır. Bu modul üzrə müxtəlif məzmunlu və formalı informasiyanı axtarmaq, təhlil etmək, qiymətləndirmək, habelə mediamətn hazırlamaq bacarıqları öyrədiləcəkdir. Seminarlar TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilir. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sertifikat veriləcəkdir.
13/04/2017 17:28
Məktəblilər arasında yarışlar davam edir
IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman yarışları davam edir. İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində akrobatika gimnastikası, Xaçmaz Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma güləşi, Cəlilabad Olimpiya İdman Kompleksində basketbol, Şirvan Olimpiya İdman Kompleksində taekvando, Lənkəran Uşaq-Gənclər İdman Məktəbində atletika idman növləri üzrə zona yarışları keçirilib. İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində keçirilən yarışın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov idmançıları təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək məqsədi ilə keçirilən yarışların şagirdlər arasında idmana meyl və marağın gücləndirilməsində, idmanın kütləviliyinin artırılmasında əhəmiyyətli rol oynadığını bildirib. 700 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Xaçmaz, II yerə Siyəzən, III yerə Abşeron, Yunan-Roma güləşi idman növü üzrə I yerə Sumqayıt, II yerə Abşeron, III yerə Qusar, basketbol idman növü üzrə I yerə Cəlilabad, II yerə Lənkəran, III yerə Lerik, taekvando idman növü üzrə I yerə Zərdab, II yerə Laçın, III yerə Saatlı, atletika idman növü üzrə I yerə Lənkəran, II yerə Salyan, III yerə Astara, akrobatika gimnastikası idman növü üzrə I yerə Səbail, II yerə Nizami, III yerə Suraxanı rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaq.
13/04/2017 16:56
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı