• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinə start verilir

Fevralın 12-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi başlayır. Müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə  üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. Müsabiqənin keçirilməsinin məqsədi ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan müsabiqə fevralın 14-də başa çatacaq.

Azərbaycanlı müəllimlər Lester Universitetində səfərdə olub

Ölkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Lester Universitetində səfərdə olub. Səfərin məqsədi seçilmiş müəllimlərin peşəkarlıq səviyyəsini və mentorluq bacarıqlarını artırmaq, qabaqcıl təcrübələri Azərbaycanda təbliğ etməkdir. Səfər proqramına müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən istifadə, ölçüləbilən təlim məqsədlərini müəyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqənin təmini, dərs müşahidəsi zamanı müəllimlərin dəstəkləyici əks-əlaqəsinin təşkili kimi məsələlər daxil olub.   Müəllimlər Böyük Britaniya məktəblərində istifadə edilən mövcud yanaşmalar, müasir təhsil nəzəriyyələri və metodik tövsiyələrlə tanış olublar. Təlimin sonunda müəllimlər həmin proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayaraq dəyərləndirmə üçün Lester Universitetinin nümayəndələrinə təqdim ediblər.  

Firudin Qurbanov Çex Respublikasının səfiri ilə görüşüb

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb. Firudin Qurbanov Azərbaycanla Çex Respublikası arasında diplomatik əlaqələrin qurulmasından ötən müddət ərzində ikitərəfli münasibətlərdə böyük nəticələr əldə edildiyini bildirib. Təhsil Nazirliyinin Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Firudin Qurbanov BDU və Çexiya universitetləri arasında əlaqələrin daha da genişləndiyini vurğulayıb. Firudin Qurbanov BDU-nun Çexiyanın Masarik Universiteti, Kimya Texnologiyaları Ali Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edib. Həmçinin bildirib ki, ötən əsrin 60-cı illərindən etibarən iki ölkə universitetləri arasında təşkil olunan  yay məktəbləri ənənəsi də uğurla davam edir. Firudin Qurbanov BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında ikili diplom, akademik mübadilə sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert  iki ölkənin təhsil sahəsindəki əlaqələrini yüksək qiymətləndirib. Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələri üzrə layihələri dəstəkləyən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Neftçala şəhərində ümumtəhsil məktəblərinin direktorları ilə görüş

Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə son illər təhsil sahəsində aparılan islahatlardan danışılıb, ümumi təhsil müəssisələrinin qarşısında duran həlli vacib məsələlər və nəzərdə tutulan hədəflərə çatmaq üçün məktəb rəhbərlərinin vəzifələri vurğulanıb. Daha sonra nazir M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olub. Nazirə məlumat verilib ki, gimnaziyanın 380 şagird yerlik binası 1960-cı ildə inşa edilib. 2 mərtəbəli bina 5 korpusdan ibarətdir. Məktəbdə təhsil alan 439 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim və 39 texniki işçi məşğul olur. Bu şagirdlərdən 63 nəfəri məktəb binasında gecələyir. 2016-cı ildən məktəb binasında əsaslı təmir-tikinti işlərinə başlanılıb. Gimnaziyanın yataqxana və yeməkxana  binaları təmir olunaraq 2018-ci ilin sentyabr ayından, əsas tədris korpusu, idman və akt zalları isə cari ilin yanvar ayından istismara verilib. Hazırda yeni tədris korpusunda tikinti-quraşdırma işləri yerinə yetirilir. Binanın 90 nəfərlik akt zalında təmir-tikinti işləri başa çatdırılıb, mebel və inventarlarla təchiz olunub. Qeyd edək ki, görüşdən öncə təhsil naziri Ceyhun Bayramov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Məhdudiyyətləri aşan gələcəyin peşəkarları

Peşə təhsili müəssisəsində inklüziv təhsil uğurla tətbiq olunur   Aralarında öyrənməyə həvəslisi də var, həvəssizi də. Gecə işləyib, gündüz dərsdə iştirak edəni, dərsə gəlməsi müəllimlərin valideynlərlə işbirliyinin nəticəsi olanlar, 16 yaşında məktəb partasından durub gələnləri, 50 yaşında təzədən oxumaq həvəsinə düşənləri də var. Ancaq onlar işləyib özlərini təmin etməkdə ali məktəb məzunlarından daha məharətlidirlər. Söhbət Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin tələbələrindən gedir. Burada sağlamlıq imkanları məhdud qızların əlləri ilə yaratdıqları tikiş nümunələri, kişi peşəsi kimi tanınan qaynaqçılıqda qadın toxunuşunun fərqini göstərən 18 yaşlı qızla tanışlıq Peşə Mərkəzinə infoturda iştirak edən hər kəs üçün maraqlı oldu. Hələ peşəkar kran sürücüsünün sonradan quru inşaat ustası ixtisasına yiyələnməsinə ehtiyac duyması faktı ömürboyu təhsil anlayışının həyatımıza niyə girdiyinin zəruriliyini ortaya qoydu.    Dual təhsil sistemi   Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində  22 ixtisas üzrə tədris aparılır. Burada elektrik xətt quraşdırıcısı və tikişçi ixtisası üzrə hazırlıq pilot qaydada həyata keçirilir. 40 tələbəni əhatə edən layihəyə görə, Almaniyanın dual (paralel) təlim sistemi tətbiq edilir. Bu sistemə görə tədrisdə əsas üstünlük səriştəyə, praktikaya verilir. Tədris prosesində təcrübənin çəkisi 70 faiz təşkil edir. Tələbələrin səriştəsi “səriştəli”, “səriştəsiz”, “müəllimin dəstəyi ilə” səviyyələrinə uyğun dəyərləndirilir. Bölgü 3 olsa da, Mərkəzdə tələbələrinin səriştəsiz olmaması üçün əllərindən gələni edirlər.   Hər dərs həm də bir yarışdır   Bir sözlə, tədris ilinin əvvəlindən dərslərdə nəzəriyyədən çox praktika olur. Tələbələr yorğanlar sırıyır, adyallar hazırlayır, biçib tikirlər. Trikotaj məhsulu, süfrə bəzədilməsində istifadə olunan aksesuarlar, geyimlər hazırlayırlar. İlin əvvəlindən iynə-sapı əlindən düşməyən tikiş avadanlığının operatoru, tikişçi ixtisası üzrə I kurs tələbələri ilə Texnika və Texnologiyalar üzrə usta Təranə Qasımova və Samirə Cabbarova işləyir. Bu dəfə onlar mətbəx aksesuarı hazırlayırlar. Dəmkeşin üstünə çayı isti saxlaması üçün gəlincik dekor hazırlayırlar. Tapşırıq verilən kimi hamı dərhal işə girişir. Model bəllidir: müəllimləri onlara gözəl bir gəlincik təqdim edib. Ancaq tələbələrin öz işi bu gəlinciyə nə qədər bənzəyəcək, ümumiyyətlə, bənzəyəcəkmi, bax, bu, dərsin sonunda bəlli olacaq. Çünki çertyoj qurulandan, kəsim başlayandan sonra qızların düşüncələrində yüzlərlə model canlanır. Hələlik heç kimə yaxın durmaq olmur. Təranə müəllim deyir ki, hər dərs onlar üçün həm də bir yarışdır. Dərsdə, sadəcə, “kim bacardı?” sualına cavab axtarmırlar, necə, nə qədər müddətə bacarmaq da qiymətləndirmədə mühüm rol oynayır. Aytac Butdayeva, Vüsalə Şükürova, Nigar Məmmədova bu yarışlarda tez-tez fərqlənib, hətta mükafatlandırılıblar da.   “Öz atelyemi quracağam”   Təranə müəllim hesab edir ki, bu qrupda 10 nəfər potensial dərzi var.  Ancaq  aralarında öz  atelyesini yaradıb tikdikləri ilə ölkə,  hətta  dünya  bazarına  çıxmağa  cəmi  iki  tələbə  iddialıdır.   Onlardan biri də Rənadır. Rəna Nəbiyevanın gəlinciyi bir aşpazdır. Məktəbin fəal tələbələrindəndir. Gələcəyini bu peşədə görür: “Məktəbdə tikib-biçməyi öyrənirik. Çox həvəsliyəm. Yaxşı ki, bu məktəbi seçdim və burada oxuyuram. Məncə, məktəbi bitirən kimi dərzi işləyə bilərəm. Hətta öz atelyemi qurmaq fikrindəyəm. Adını da “Aynur” qoyacam. Ay işarəsi, yanında da nur sözü. Ayın nuru gecəni aydınlatdığı kimi, mənim də tikdiklərim insanların üzünü, ovqatını aydınladacaq”.   “Adlı-sanlı dərzi olmaq istəyirəm”   Öz gəlinciklərini bəzəmək üçün əlinə iynə-sap alan Fatimə də bu işdə ad alıb, nüfuz qazanmağa iddialıdır: “Anam dərzidir. Bu peşəyə marağım da anamdan qaynaqlanır. Məktəb barədə qohumumdan eşitmişdim. Yaxşı öyrətdiklərini demişdi. Gəlib gördüm ki, həqiqətən elədir. Təhsil almağa başlayandan çox şey öyrənmişəm. Öyrənməyimə anam da çox həvəs göstərir. Müstəqil işləməyə başladıqdan sonra əl işlərimi sosial şəbəkələr vasitəsilə nümayiş etdirəcəyəm. Əsas müştərilərimi burdan toplayacağam. Sıradan deyil, tanınmış, adlı-sanlı dərzi olmaq istəyirəm”.   İnklüziv qrup   Bu qrup həm də inklüzivdir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində iki ildir ki, inklüziv təhsil həyata keçirilir. Bu tədris ilində də Mərkəzə sağlamlıq imkanı məhdud tələbələr qəbul olunub. Tikişçi qızların arasında 5 nəfər sağlamlıq imkanı məhdud tələbə təhsil alır. Müəllimlərinin sözlərinə görə, qabiliyyət sarıdan digər tələbələrdən geri qalmırlar. Şağan 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evindən məzun olan bu qızlardan biri Nigar Məmmədova beynəlxalq müsabiqələrə qatılaraq böyük uğurlar da qazanıb. Nigar Məmmədova uşaqlığından tikib-biçməyə, rəsm çəkməyə başlayıb. Atası da, anası da dərzidir. Nigar da dərzi kimi yetişir. Norveçdə, Hindistanda rəsm sərgiləri keçirilib və ona sertifikatlar verilib. Samirə Cabbarova bu prosesə ilk qoşulanlardandır. Texnologiya mütəxəssisi olan Samirə müəllim iki il əvvəl kursdan keçərək nitq qüsurlu uşaqlarla işləməyə başlayıb. Bu dərsdə də surdo müəllimdir.   Onlar tullantılardan sənət nümunəsi yaradırlar   Tikişçi qızların plastik qablardan, tullantılardan maraqlı əl işləri var. Onlar öz nümunələri ilə çoxsaylı müsabiqələrə qatılıb, bol-bol uğurlar qazanıblar. Özü də, sadəcə, tikişçilər yox. Mərkəzin tələbələri müsabiqələrdə əsas yerləri tuturlar. Elə qaynaqçılar da ətrafındakı tullantılara xammal gözü ilə baxmağa başlayıblar. STEP Kompüter Akademiyasının keçirdiyi beynəlxalq  “Golden Byte” (Qızıl Bayt ) müsabiqəsinin regional mərhələsində özü ilə bağlı çəkib montaj etdiyi filmlə III yerə layiq görülən Kifayət Hüseynova ölkədə yeganə qaynaqçı qız sayılır və hazırda Mərkəzdə məhz bu ixtisas üzrə II kursda təhsil alır. 18 yaşlı qaynaqçı qız insanların atdığı dəmir tullantılarından elə onların özü üçün yararlı ola biləcək əşyalar düzəldib. Dediyinə görə, əmisinə baxıb qaynaqçı olmaq həvəsinə düşüb. Müəllimi onun barəsində bu fikirdədir: “Bu əllərlə o, yaxşı qaynaqçı ola bilər”.   “Onları mən yox, özləri qiymətləndirirlər”   Müəllimi Balağa Poladov 70-ci illərdən usta müəllimdir. Hər tələbəsinin adı qeyd olunmuş böyük masası var. Adların qeyd olunduğu cədvəldə gündəlik əl işlərini sərgiləyir: “Hər kəs adının üstündə duran işə özü qiymət verir. Onları mən yox, özləri qiymətləndirirlər. Qaynaqçılıq əl işidir. İnsan nə qədər çox işləsə, peşəsini bir o qədər yaxşı bacaracaq. Qrupda Əmrah Ağayevin əl qabiliyyəti hamıdan yaxşıdır. Onun etdiyi qaynağı tələbə demirəm, hər usta bacarmır. Taleh Əhmədov, Mehdi Mirzəyev, İlham Abbaszadə də onun kimi əlinə burada qaynaq alan uğurlu tələbələrimizdəndirlər”. Taleh Əhmədov İsmayıllı rayonundandır. İş tapmaq dərdi yoxdur. Deyir ki, gedib rayonda öz sexini açıb işləyəcək. Fərid Məlikov IX sinifdən çıxıb peşə məktəbinə gəlib: “İstədim ki, bir sənətim olsun. Uşaqlıqdan bu sənətlə məşğulam. Atam yönləndirdi məni. İndiyədək dostumla birgə işləyirdim. Artıq 6 ildir qaynaqçıyam. Burada isə bu sənətin texnikasını öyrənirəm”. Növbəti emalatxanada hərə bir işlə məşğuldur. Kəsən, birləşdirən, quraşdıran... Amma onlar gücünü qızlar kimi parça üzərində deyil, dəmir-dümür üzərində sınayırlar. Nə işlə məşğul olduqlarını özlərindən öyrənməyə çalışırıq.   “Öyrənməyə başlayandan sonra bu peşəni də sevdim”   Çilingər-santexnik ixtisası üzrə təhsil alan tələbələr tədrisə cəmi 7 aydır başlamalarına baxmayaraq, artıq bir çox hamam, mətbəx sisteminin çəkilişini öyrəniblər. Bu da sübutu. I kurs tələbələri su kranı quraşdırır. Elşən Xıdırov maşın elektriki olmaq istəyirmiş. Ancaq attestat balı çilingər-santexnik ixtisası üzrə təhsil almağa imkan verib: “Öyrənməyə başlayandan sonra bu peşəni də sevdim”. Peşəsini də sevib, kranı da quraşdırıb. Ancaq quraşdırdığı kranın su buraxıb-buraxmayacağı bəlli deyil: “Bu gün praktika günümüzdür. Müəllim də bilmək istəyir ki, əlimizdən bir iş gəlir, yoxsa yox. Biz də kranı quraşdırıb göstərəcəyik ki, əlimizdən bir iş gəlir”.   Diplom arzulayan çilingərlər   Vahid Nadirov çilingər-santexnik ixtisası üzrə ustadır. 20 nəfər tələbə ilə işləyir: “Tələbələrimiz məişətimizdə istifadə edilən santexnika cihazlarının quraşdırılması, xətlərin çəkilməsini öyrənirlər. Bundan sonrakı mərhələdə onlar istehsalatda olacaqlar. Demək olar ki, hazır vəziyyətdədirlər. 18-23, hətta 30 yaşına qədər olan tələbələrimiz var. Hazırda bu qrupda ən kiçik tələbəmiz 16, ən böyük tələbəmiz təxminən 30 yaşındadır. Elə tələbələrimiz var, artıq bu sahədə işləyirlər. Ancaq kortəbii tətbiq etməyi bilirlər. Peşə Mərkəzində təhsil almaqla isə nəzəriyyəni öyrənir və onu tətbiq etməyin texnikasına bələd olurlar. Bu səbəbdən də Mərkəzə üz tutanların sayı kifayət qədərdir”. Çilingər-santexnik ixtisası üzrə hazırlıq müddəti bir il  nəzərdə tutulub. Bu müddətdə 3, hətta 4-cü dərəcəyədək yüksələn tələbələr var. 16 yaşlı Ülvi Talıbov bu qrupda yetişməkdə olan çilingər santexniklərin yaşca ən kiçiyidir: “Metal  boru kəsməyi, yiv açmağı öyrənirəm. Məktəbdən IX sinifdən çıxıb burada oxumağa gəldim”. Peşəni qohumları sevdirsə də, onlardan deyil, məktəbində öyrənməyə üstünlük verib: “Valideynlərim də bu peşəyə marağımı dəstəklədilər. İstəyirəm həm peşəni öyrənim, həm də diplomum olsun”.   Peşə Mərkəzinin ixtiraçıları   Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində, sadəcə, əl əməyi, göz nuru ilə deyil, beyninin məhsulu ilə də öyünən, müsabiqələrdə qazanan tələbələr təhsil alır. 4 nominasiya üzrə “Azərbaycanın intellektual birincisi” də Peşə Mərkəzindən çıxıb. “Xəmsə”, “Nə, harada, nə zaman”, “Vətəni tanı”, “Axtar tap” yarışlarında II yerə layiq görülüblər. Bakı Mühəndislik Universitetində 20-dən artıq universitetin iştirak etdiyi “İdeya” bilik yarışlarında Malik Əliyev adlı tələbəsinin su generatoru qızıl medala layiq görülüb. Malikin təhsil aldığı qrupdayıq. Burada Nərminə Zamanovanın dərsidir. Nərminə müəllim Elektrik xətt quraşdırıcısı ixtisası üzrə təhsil alan I kurs tələbələrinə bu ixtisas üzrə dərs deyir. Bu gün onların da istehsalat günüdür. Uşaqlar sxem yığırlar. Qrup şəklində işləyirlər: “Hər birinin ideyasını dəyərləndiririk. İdeyanı onlar verir, onu reallaşdırmaq üçün biz kömək edirik. Hər biri bir ixtiraçıdır. Qrupda 19 nəfər var, onların 10 nəfəri ideya verə biləcək səviyyədədir. Ziyad Məmmədli mini mühərriklərin dövriyyəyə qoşulmasını sərbəst işləyib. Asif Mehdiyev səsgücləndirici sxemi yığıb. Dəyişən cərəyanın gücləndirilməsi, körpü sxemi Malik Əliyevin öz ideyası və sərbəst işidir. Elmar Zeynalov da ideyalarını sərbəst işləmək iqtidarında olan uşaqlarımızdandır. O, verdiyi ideya və yaratdığı sxemlə birinci qatda oturub, ikinci qatda olan elektrik açarlarını idarə edir. Uşaqlarımızın sərbəst işi çoxdur. Sənan Lətifov gərginliyi tənzimləmənin sxemini yığıb. Qrupda 6-7 liderim var ki, istənilən əməliyyatı icra etmək, maraqlı ideyalar vermək onlar üçün çətin deyil”.   “Hər yerdə internetimiz də ola bilər”   Malik Əliyev yanacaqdan istifadə etmədən, ətraf mühit üçün tam zərərsiz ixtiranın  müəllifi olaraq bir dəfə müsabiqə qalibi olub. Bəs, görəsən, növbəti hədəfi nədir? Dediyinə görə, hazırda ölkəni internetlə təmin etməyin iqtisadi cəhətdən səmərəli yolu üzərində düşünür: “İnternet əsridir. Ancaq Bakının belə hər yerində internet yoxdur. Kabeldən istifadə etmədən peyklərimizdən istifadə edərək Bakının hər yerini internetlə təmin edə bilərik. Bunu reallaşdırmaq üçün mənə rabitə sistemində istifadə olunan modullar lazımdır, bir də bu sahə üzrə mühəndis. İdeyamı reallaşdırmaq üçün hələ o qədər bacarığım da yoxdur. Hesab edirəm ki, bu ideyamı reallaşdıra bilsəm, telefon işlədə bildiyimiz hər yerdə internetimiz də ola bilər”.    Onların məzunları “yerdə qalmır”   Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində məzunlarının hamısının səriştəli olması üçün əllərindən gələni edirlər. Tədris istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva məzunlarının iş tapma faizini 72 faiz dəyərləndirir: “Məzunlarımız təhsil aldıqları ixtisas üzrə işin texnikasını bilir və iş tapmaqda çətinlik çəkmirlər”. Qeyd edək ki, məzunlarının işlə təminatında Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq resurs mərkəzləri - Almaniyanın “Grohe” Akademiyası, Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin “İnova Tədris-Təhsil Mərkəzi” də böyük rol oynayır. Həmin resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir. Təlimlər əsasında kursu bitirdikdən sonra müsabiqə və müsahibədən uğurla keçərək sertifikatlaşan tələbələr həmin şirkətlər tərəfindən işlə təmin edilirlər. Qədir Hacıyevin həmin mərkəzlərdən birində - Rusiyanın “Knauf” Resurs Mərkəzinin quru inşaat ustası ixtisası üzrə təhsil alır. 50 yaşı var. Bu yaşına qədər kran sürücüsü işləyib. 6-cı dərəcəli kran sürücüsüdür: “Təhsil almaq, öyrənmək heç vaxt gec deyil. Bundan sonra lazım olsa, ev də təmir edəcəyəm”, - deyir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin tələbələri arasında başqa peşə sahibləri, ali məktəb məzunları olduğu kimi, məzunları arasında da ali məktəb tələbələri var.   “Azərbaycan müəllimi” qəzeti

Həyatının uğur salnaməsini yazan gənclər

2019-cu il Gənclər üçün Prezident mükafatçıları   Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli sərəncamı  ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında  mükafatların  təqdimolunma mərasimi keçirilib.   Həyatının uğur salnaməsini yazan gəncləri oxucularımıza təqdim edirik.   “Mənə olan inamı doğruldacağam”   Masər  Həsənov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tələbəsi, SABAH məzunu: - 1991-ci ildə Bakı şəhərində anadan olub.  V sinfə qədər Moskvada  təhsil alıb,  daha sonra  isə  Bakıda Sahil qəsəbəsi 273 nömrəli  tam orta məktəbdə  təhsilini davam etdirib.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH”   qruplarının “Rejissorluq”  ixtisası  üzrə  məzunu olan gənc xalq artisti, görkəmli kinorejissor  Eldar  Quliyevin  tələbəsidir.   Universitetin ən nümunəvi tələbələrindən biri kimi çoxsaylı festivalların və ustad dərslərin iştirakçısı olub. Fiziki məhdudiyyətli olmasına baxmayaraq bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir. O, “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə həyata keçirilən “Bir Günəş Altında” layihəsində, məşhur kino rejissoru, ssenaristi və aktyoru Nikita Mixalkovun, Kaliforniya Universitetinin əməkdaşı, sənədli film üzrə rejissor Liza Limanın, amerikalı bədii film rejissoru Lanre Olabisinin ustad dərslərində iştirak edib. Ən yaxşı ssenari, sənədli film, müəllif işi, ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində “İlin rejissoru” və “Ən yaxşı film” nominasiyaları üzrə mükafatlara layiq görülüb, müxtəlif diplom və sertifikatlarla təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb. Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan gənc “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb. Gənc rejissorun çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə “9th Independent International Internet Short Film Festival”da iştirak edib və birinci dərəcəli laureat seçilib. - Mən qürur duyuram ki,  cənab Prezident məni Gənclər üçün Prezident mükafatına layiq görub. Mənə olan inamı doğruldacağam. Sevincimin hədd-hüdudu yoxdur. Mükafata layiq olduğumu biləndə çox həyəcanlı idim. Sevincimi ilk olaraq evdə anamla, bacımla və həyat yoldaşımla bölüşdüm. Təltif olunma günü, görəndə ki,  cənab Prezident yaxınlaşıb mənə diplomu təqdim edir, həyəcanım daha da artdı. Mən çox şanslıyam ki, həmin gün cənab Prezidentlə və  Mehriban xanımla görüşdüm. Onlarla fəxr edirəm.     “Biz gənclərə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”   Hüseynxan  Hacızadə, Gələcəyə Körpü” Gənclər Birliyinin icraçı direktoru: - 1994-cü ilin mart ayının 2-də anadan olub.  2012-ci ildə   Gəncə şəhəri 24 nömrəli  tam orta məktəbi bitirib.   Həmin ildə 598 balla (universitet 2-cisi)  Azərbaycan Dövlət Aqrar Universitetinin “Maliyyə”  ixtisasına qəbul olub.  2013-cü ildən gənclərlə iş sahəsində  yerli və beynəlxalq səviyyəli layihələrdə fəaliyyətə başlayıb. 2014-cü ildən etibarən Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı çərçivəsində Ukrayna, Türkiyə, Gürcüstan, Polşa, Xorvatiya, Serbiya, Niderland Krallığı və s. ölkələrdə layihələrdə  Azərbaycanı yüksək səviyyədə təmsil edib. Avropa Komissiyasının Erasmus+  proqramının EVS (Avropa Könüllülük Xidməti) çərçivəsində “Gələcəyə Körpü” GİB-də EVS koordinator olaraq 2015-ci ildən 15 nəfərdən çox yerli gəncin Avropanın müxtəlif ölkələrində təcrübə keçməsi, o cümlədən könüllülük etməsi və 15 nəfərdən çox əcnəbi gəncin (Almaniya, Türkiyə və Polşadan olan) Gəncə şəhərində yerli gənclər üçün dil dərsləri, şəxsi və peşəkar inkişaf etmələri üçün müxtəlif növ fəaliyyətlər (seminarlar, görüşlər, təqdimatlar və s.) həyata keçirməsini  təmin edib. 2017-ci ilin iyun ayından Azərbaycanda ilk dəfə olaraq Avropa Komissiyasının Erasmus+  proqramının rəsmi Məlumat Mərkəzinin yaradılması və icra olunması təşəbbüsünə qoşulub.  Mərkəzin koordinatoru  olaraq regionlarda yerli gənclərin proqramın imkanlarından yararlanması istiqamətində görüşlər həyata keçirib.  İndiyədək bu istiqamətdə Bakı, Şəki, Mingəçevir və Gəncə şəhərlərində, Samux, Astara, Tovuz, Qazax, Bərdə, Şəmkir və Göygöl rayonlarında gənclərlə maarifləndirici görüşlər təşkil edib. Gənclərin şəxsi və peşəkar inkişafı, ətraf mühit və ekologiya, vətənpərvərlik, təhsil, məşğulluq, Avropada gənclər proqramlarında iştirak və s. mövzularında layihələrdə çalışır. 2016-cı ildə 2 fevral - Gənclər Günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “İlin fəal gənci” nominasiyasına layiq görülüb.  2016-cı ilin oktyabrından “Gələcəyə Körpü” Gənclər Birliyinin icraçı direktoru vəzifəsində çalışır. -  Gənclər sahəsində ilkin fəaliyyətimə Gəncə şəhərində “Gələcəyə Körpü” GİB-də könüllülük edərək başlamışam.  Həm sağlam ətraf, fərqli və innovativ düşüncəli gənclər, ideyalar, fərqliliklər, əyləncə və həm də ən əsası yeni təcrübələr əldə etmək baxımından bu təşkilat həyatımda misilsiz rol oynayıb.  Mənə verilən bu mükafat “ictimai fəallığımı motivasiya edən və daha çox fəal olub işlər görməyimə dəstək olacaq ən böyük dəyərdir” deyərdim. Verilən mükafata və göstərdiyi diqqətə görə cənab Prezident İlham Əliyevə həm şəxsən, həm də Birliyimiz adından dərin minnətdarlığımı bildirirəm.     “Sevincimi heç bir sözlə ifadə edə bilmərəm”   Nigar Mirzəmmədova, Naxçıvan MR Şahbuz rayonu A.Hüseynov adına Ağbulaq kənd tam orta  məktəbinin  ingilis  dili  müəllimi:   - 1 may 1996-cı il tarixində Naxçıvan MR  Babək rayonu Babək qəsəbəsində anadan olub. 2013-cü  ildə  Vəli Mahmudov adına orta məktəbi bitirib. Həmin ildə 585 balla Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “İngilis dili müəllimliyi” ixtisasının əyani şöbəsinə qəbul olunub. Universitet illəri ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edib. 2013-cü il 21 dekabr tarixində Naxçıvan Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan bilik müsabiqəsində iştirak edərək sertifikat əldə edib.  2017-ci ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra  Şahbuz rayonu A.Hüseynov adına Ağbulaq kənd tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə  təyinat alıb.  Hazırda həmin məktəbdə ixtisası üzrə çalışır.  - Bu gün muxtar respublikada gənclərin maariflənməsi üçün yorulmadan çalışan müəllimlərin əməyinin qiymətləndirilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənən, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup şəxs Gənclər üçün Prezident mükafatına layiq görüldü. Təltif edilənlər arasında mənim də adımın olması sevincini heç bir sözlə ifadə edə bilmərəm. Bu, mənim həyatımdakı ən böyük uğur, nailiyyətdir. Əməyimə göstərilən bu qayğı və diqqət, verilən bu dəyər məndə böyük ruh yüksəkliyi yaratdı, məni gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq etdi. Bundan sonra da hərtərəfli biliyə malik gənclərin yetişməsi üçün səylə çalışacağam, öz ölkəmə, xalqıma layiqincə xidmət edəcəyəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə əməli işimlə cavab verəcək, fəaliyyət göstərdiyim A.Hüseynov adına Ağbulaq kənd tam orta təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli gəncliyin yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.   “Bu yüksək etimad gənc tədqiqatçılarımız üçün böyük bir stimuldur”   Allahverdi  Şahverənov, AMEA Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru: - 1990-cı il  yanvarın 28-də  Sumqayıt şəhərində anadan olub.  1996-2007-ci illərdə Sumqayıt şəhərində  tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-işi fakültəsinə daxil olub.  2012-ci ilin iyul və avqust aylarında Almaniyanın Heidelberq Universiteti Böyrək Mərkəzinin yay tibb məktəbində təcrübə keçib.  2012-ci ilin  oktyabrında   Almaniyanın Manheim Tətbiqi Elmlər Universitetində biotexnologiya seminarında iştirak edib. 2013-cü ildə ATU-nun  Müalicə işi fakültəsindən məzun olub.  Universiteti  bitirdikdən sonra 2013-cü ilin sentyabrından hökumətlərarası müqavilə çərçivəsində dövlət xətti ilə  Çinin Huazhong Elm və Texnologiya Universitetinin tibb üzrə doktorantura səviyyəsinə daxil olub.  2016-cı ildə dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alıb.  Azərbaycan, alman, ingilis, rus, Çin və türk dillərini bilir. - Azərbaycan Respublikasının Prezidenti  möhtərəm İlham Əliyev cənablarına elmi fəaliyyətimə yüksək qiymət verərək məni Gənclər üçün Prezident mükafatına layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə gənc alimlərə göstərilən xüsusi diqqətə və qayğıya görə təşəkkür edirəm.  Hesab edirəm ki,  ölkəmizdə  alimlərə göstərilən bu yüksək etimad  gənc tədqiqatçılarımız üçün böyük bir stimuldur.     “Yaradıcılıq bioqrafiyam üçün çox qiymətli mükafat”   Mustafa Mehmandarov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru: - 1992-ci ildə Bakı şəhərində anadan olub. 2009-2013-cü  illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka aləti üzrə təhsil alıb. Skripkaçı kimi Bolqarıstan, Lüksemburq, İtaliya və Avstriyada keçirilən  bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Dirijorluq üzrə ilk dərslərini, tanınmış dirijor, xalq artisti, professor Rauf Abdullayevdən alıb.   2013-2018-ci  illərdə  Vyana Konservatoriyasında  tanınmış dirijor, professor Maksimilian Çençiçin sinfində  “Opera-simfonik dirijorluğu” fakültəsində təhsil alıb.   “Xəzər virtuozları” orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin  dirijorudur. ABŞ, Birləşmiş Krallıq, Avstriya, Almaniya, Fransa, İtaliya və s.  ölkələrdə konsert proqramları ilə çıxış edib. Onun repertuarına Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. - Prezidentin sərəncamı ilə gənclərin yüksək mükafata layiq görülməsi məndə yüksək təəssürat yaradıb.  Əlbəttə ki,  bir gənc olaraq  Prezident mükafatına layiq görüldüyümə görə çox sevindim! Ümumiyyətlə, yaradıcı insanlara verilən qiyməti çox dəyərləndirirəm. Gənclər üçün Prezident mükafatı mənim yaradıcılıq bioqrafiyam üçün çox önəmli və qiymətli mükafat oldu!     “Azərbaycanımız üçün əlimdən gələni edəcəyəm”   Sara Rəcəbli, Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, “One Young World” şirkətinin Azərbaycanda elçisi, sosial sahibkar: - 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Turizm İnstitutunun turizm və otelçilik ixtisasına daxil olub.  2014-2015-ci illərdə DAAD Fondunun təqaüdünü qazanaraq Almaniyanın Yade Universitetində turizmin iqtisadiyyatı üzrə təhsil alıb. 2015-2018-ci illərdə turizm, sosial sahibkarlıq, sosial haqlar, gənclər siyasəti mövzuları üzrə DAAD, Erasmus +,  Avropa Komissiyası, Avropa Şurası, “Yunus & Youth”, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tatarıstan Respublikası Gənclər və İdman Nazirliyinin təqaüdlərini qazanaraq Azərbaycanı Türkiyə, Rusiya, Mərakeş, İsveç, Polşa, Fransa, Belçika, Niderland Krallığı və s. ölkələrdə  təmsil edib. 2017-ci ildə Azərbaycan Turizm və Menecment Universitetini bitirərək “BUTA Art & Sweets” sosial biznesini yaradıb.  Bundan əlavə, “Baku Business Factory”  mərkəzində rezidentlik qazanıb, “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramına Azərbaycandan ilk sosial biznes layihəsi kimi seçilərək böyük uğurlara imza atıb. “Yunus & Youth”  Sosial Sahibkarlıq Fellowship proqramının ən məsuliyyətli iştirakçısı kimi Niderland Krallığının Haaqa şəhərində keçirilən “One Young World” zirvəsində iştirak üçün tam təqaüd qazanıb. Müxtəlif görüş və tədbirlərlə xüsusi ehtiyacı olan xanımlar haqqında “əlillik” stereotiplərin sındırılması üzrə çalışıb. “BUTA Art & Sweets” Azərbaycandan seçilən ilk sosial biznes layihəsi kimi 2018-ci ildə Cenevrədə keçirilən UNCTAD Gənclər Forumunda  iştirak hüququnu qazanaraq  BMT-də Azərbaycanda olan sosial sahibkarlığı təmsil edib. 2018-ci ilin mayında Sosial Biznes Gənclər Mərkəzi yaradıb.  Mərkəzin əsas məqsədi sosial sahibkarlığı gənclər arasında maarifləndirmək, təbliğ etmək və gələcəkdə sosial bizneslərə lazımi dəstək göstərməkdir. 7 ay ərzində 3 ölkədə təmsil olunaraq və 11 təşkilatla əməkdaşlıq quraraq sosial sahibkarlıq mövzusuna aid gənclər üçün təmənnasız tədbirlər həyata keçirib. - Gənclər üçün Prezident mükafatına layiq görülməyim  haqqında məlumat alanda, çox təəccübləndim. Əslində bu, mənim üçün gözlənilməz oldu.  Bu, mənim həyatımda aldığım ən ali mükafatdır. Mənə göstərilən bu etimada görə cənab Prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanımız üçün əlimdən gələn hər şeyi edəcəyəm. Yüksək mükafat  aldığıma görə mənə inanan və dəstək olan hər kəsə təşəkkür edirəm.   “Azərbaycan müəllimi” qəzeti

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edib

Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonu və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, işə bərpa olunma, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Latviyada ali təhsil üzrə təqaüd proqramı

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib. Proqram Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişə əsasən elan olunub. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları cari ilin aprelin 1-dək https://scholarships.viaa.gov.lv/en/login keçidi vasitəsi ilə Latviya hökuməti, aprelin 5-dək isə https://www.app.htp.edu.az/  keçidində Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron ərizə sistemlərini doldurub təsdiq etməlidirlər. Proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd Latviya hökuməti tərəfindən ödəniləcək. Səyahət və sığorta xərcləri isə namizədlərin özləri tərəfindən qarşılanacaq.   Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1504 nəfər müraciət edib. Onlardan 40 nəfərini magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı 141 nəfərdir. 1323 nəfər ölkə ərazisindəki ali təhsil müəssisələrindən köçürülmək və təhsil alma formasını dəyişmək üçün müraciət edib. Orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 316 nəfər təşkil edir. Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin fevralın sonunadək açıqlanması nəzərdə tutulur. Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

SABAH III Karyera Qış Məktəbi başlayır

Fevralın 12-də Qubada SABAH III Karyera Qış Məktəbi öz işinə başlayacaq. SABAH III Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual  mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq. SABAH III Karyera Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər.  Karyera Qış Məktəbi ilə yanaşı, SABAH layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək. SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı