SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi”
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayev, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gənclərə diqqət və qayğısından söhbət açılıb, dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsindən bəhs olunub. Sonda kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib. AZƏRTAC
10/05/2019 23:03
Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat festivalı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Festival “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunub. “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən festivalın bağlanış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işlərdən, şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, həmçinin gənc şahmatçılara uğurlar arzulayıb. Sonra final mərhələsində II, III və IV siniflər üzrə yarışlarda birinci, ikinci və üçüncü yeri tutan oğlan və qız şahmatçılar mükafatlandırılıb. Qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli mübarizə aparıb. Festivalın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli şəkildə qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
10/05/2019 12:41
Heydər Əliyev ideyaları ilə yetişən nəsil
“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldı O, biri üçün xilaskar, başqası üçün sadəcə Günəşdir. Biri hər sətrində onu görmədiyinə təəssüflənir, digəri istəyəndə onunla danışa bilir. Ümummilli lider Heydər Əliyev hər məktəbli üçün bir çox məna ifadə edir. Danışanda jestləri, baxışları, ifadə tərzləri ilə böyüklər qədər ağıllı görünən məktəblilərin yazılarındakı hər kəlmə, hər cümlə onları ələ verir. Bu nümunələrin hər birində uşaq məsumiyyəti üzə çıxır. Söhbət “Ən yaxşı təqdimat” layihəsinin builki qaliblərindən gedir. Gözü yaşlı, həyəcandan dili söz tutmayan bu uşaqların əksəriyyəti ümummilli liderlə bağlı yazı müsabiqəsinin rəqibsiz qalibi olmağa hazırlaşmışdılar. Ancaq burada məlum oldu ki, sən demə, tək deyillər. Məktəbli dostları arasında kifayət qədər güclü rəqibləri var. Mayın 7-də “Ən yaxşı təqdimat” müsabiqəsinin növbəti qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş tədbir yenə möhtəşəm, yenə həyəcanverici olub. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. “Ümummilli liderin uzaqgörənliklə söylədiyi konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir” “Ümummilli liderin fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə olub. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirləri, tarixi tövsiyələri bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir”, - deyən Təhsil naziri Ceyhun Bayramov çıxışında əsası Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası nəticəsində əldə olunan nailiyyətlər sırasında 2018-ci ildə təhsil qanunvericiliyinin əsaslı şəkildə yeniləndiyini, təhsil islahatlarının daha çevik şəkildə aparılmasına əlverişli zəmin yarandığını qeyd edib. “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi, “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Qanunların tətbiqi ilə əlaqədar olaraq 25-dək normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Onların böyük əksəriyyəti təsdiq edilib. Bu ilin mart ayında “Ümumtəhsil haqqında qanun” Milli Məclisdə qəbul olunub. Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb. 110 mindən çox tələbə və doktorantı əhatə edən qərara görə, təqaüdlərin məbləği orta hesabla 20 faiz qalxıb. Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb. Həmin tədbirlərin davamı olaraq, I və II dərəcəli əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidenti növbəti sərəncam imzalayıb. Ötən ilin noyabrında təsdiq edilən “2019-2023-cü illər üçün Azrbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı da xatırladan nazir bu sənədin ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoyduğunu deyib: “Proqram ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi məqsədi daşıyır”. Peşə təhsili sisteminin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədi ilə 55 təhsil müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsil mərkəzi yaradılıb, peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib. Nazir peşə təhsilinin əhatə dairəsinin genişlənməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilən səriştələrin tanınması istiqamətində görülən tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini vəd edib. Çıxışında müəllimlərin ildən-ilə artan nüfuzundan da danışan Təhsil naziri deyib ki, son illərdə müəllimlik peşəsi rəqabətli sahəyə çevrilib: “Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb. Ceyhun Bayramovun sözlərinə görə, istedadlı şəxslərin müəllim peşəsinə cəlb olunması əsas məqsədlərdəndir”. C.Bayramov qeyd edib ki, məktəbəqədər təhsil pilləsi təhsilin sonrakı pilləsində göstəricilərin yüksəlməsinə təsir göstərdiyindən Təhsil Nazirliyi üçün son illərdə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması prioritet istiqamət olub. Ölkədə 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması 75 faizə çatdırılıb, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda məktəblilərin beynəlxalq olimpiadalarda iştirakına və qazandıqları uğurlara diqqət çəkən nazir 2019-cu ilin uğurlarından da danışıb. Olimpiada qaliblərinin müsabiqədənkənar Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsinin bu hərəkatın genişlənməsinə şərait yaradacağını vurğulayıb. İnformatika üzrə dünya olimpiadasının bu il Azərbaycanda keçiriləcəyini deyən nazir bunu əlamətdar hadisə kimi xüsusi qeyd edib. Ölkəmizdə 1 milyondan çox şagirdin təlim vəziyyətinin yaxşılaşdığını deyən nazir növbəti illərdə qəzalı məktəblərin taleyinin həll ediləcəyini vurğulayıb. Məktəblərdə həyata keçirilən uğurlu layihələrdən də danışan Təhsil naziri 71 məktəbdə 26 min şagirdi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsinin yaxın illərdə 100 mindən artıq şagirdi əhatə edəcəyinin planlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsil verənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir: “Məktəb rəhbərləri üçün məktəb-ailə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. “Məktəblinin dostu” layihəsinin əhatəliliyinin 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir. “Bu, məktəblilərin sadəcə bilik yarışı kimi qəbul edilməməlidir” “Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur”, - deyən Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvərlik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək: “Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”. Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın bugünkü vəziyyəti 1990-cı illərin əvvəllərində mövcud olan vəziyyətdən əhəmiyyətli dərəcədə fərqlənir, bugünkü gerçəkliklər o zamankılardan tam seçilir: “Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”. Baş nazirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu tədbirlər öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir: “Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır. İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Təkcə bu ilin bir neçə ayı ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb”. Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, dövlətin prioritet istiqamətlərindən biri də təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”. Ə.Əhmədov hər il yüzlərlə məktəblinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu müsabiqədə iştirakına diqqət çəkərək deyib: “Bu, məktəblilərin sadəcə bilik yarışı kimi qəbul edilməməlidir. Bu, ölkəmizin gələcəyinin formalaşmasında rol oynayacaq nəslin Heydər Əliyev ideyaları ilə yetişməsi deməkdir”. Ə.Əhmədov “Ən yaxşı təqdimat” layihəsinin 50-yədək qalibinin Yeni Azərbaycan Partiyasının təqaüdünə layiq görüldüyünü vurğulayaraq, builki qaliblər arasından da tələbə adı qazanacaq gənclərin olacağına inandığını deyib: “YAP-ın təqaüd ayırması həm müsabiqədə iştirak edən məktəblilərin əməyinin qiymətləndirilməsi, həm də stimullaşdırıcı addımdır. Ən önəmlisi, bu tədbirdə yaxından iştirak edən yetişməkdə olan nəslə Heydər Əliyev irsinə göstərdiyi həssaslığa görə ifadə etdiyimiz minnətdarlığın kiçik təzahürüdür”. 6 nəfərə I, 11 nəfərə II, 18 nəfərə III dərəcəli diplom, 27 nəfərə isə tərifnamə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev ümummilli liderlə bağlı yazı yazmağın çətin, məsuliyyətli və şərəfli olduğunu xatırladaraq qalib məktəbliləri təbrik edib. Qaliblərin hər birinə 200 manat məbləğində mükafat ayırdıqlarını deyib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb, ulu öndərin irsinin yaşadılması baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik edib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri öz ifaları ilə tədbirə rəng qatıblar. “Azərbaycan müəllimi” qəzeti
10/05/2019 10:34
“Bizim müəllim”
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Aytən Məmmədovaya həsr olunub. Aytən Məmmədova 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb. Uşaqlıqdan coğrafiya fənninə xüsusi marağı olduğunu bildirən Aytən Məmmədova dərs zamanı şagirdlərinin dünyanı qiyabi olaraq səyahət etməsinə çalışdığını deyir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
10/05/2019 09:35
“Tullantıdan sənətə”
Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Tullantıdan sənətə” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd gənc nəslə ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqları aşılamaqdır. Sərgidə “Dekorativ rəsm” dərnəyinin üzvlərinin ekoloji mövzuda hazırladıqları 50-yə yaxın əl işi nümayiş olunub. Mərkəzin gənc rəssamları tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyalarını təqdim ediblər. Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA-nın Zoologiya İnstitutu, AMEA nəzdində fəaliyyət göstərən Zooloji Muzey, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dənizkənarı Bulvar İdarəsi, AMEA Mərkəzi Nəbatat Bağı və digər qurumların nümayəndələri iştirak ediblər. Sonda dərnək üzvləri sərgidə fəal iştiraklarına görə diplomlarla təltif olunublar.
08/05/2019 17:02
Təhsil naziri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara Maldonado ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Çili Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
08/05/2019 16:18
Respublika fənn olimpiadalarının final turu keçiriləcək
Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final turu keçiriləcək. Final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılacaqlar. 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar. Olimpiadada ümumilikdə 533 şagirdin iştirakı nəzərdə tutulub. Final turuna qeydiyyat prosesi mayın 15-dək www.olimpiada.edu.az saytı vasitəsilə keçiriləcək. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
08/05/2019 15:12
Bədii yaradıcılıq festivalının yekun konserti
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, xüsusilə, təhsil sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb və bu uğurlu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Firudin Qurbanov bildirib ki, bu il festivalda respublika üzrə ümumilikdə 17 ali məktəb və 10 kollec qatılıb. 2 mərhələdə keçirilən festivalda 800-ə yaxın tələbə iştirak edib. Çıxışının sonunda nazir müavini tələbələrə uğurlar arzulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Səttar Möhbalıyev bədii yaradıcılıq festivalının şagird və tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, istedadlı gənclərin aşkarlanması baxımından əhəmiyyətli rolunu qeyd edib. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, istedadlı gəncləri üzə çıxarmaq və onların bədii-estetik səviyyəsini yüksəltməkdir.
08/05/2019 13:48
Təhsil Nazirliyində qanvermə aksiyası
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin kollektivi və tabe qurumların əməkdaşları iştirak edib. Qanvermə aksiyası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.
08/05/2019 12:36
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı