SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yerdəyişmə müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələrinə əsasən 1775 müəllim iş yerini dəyişib. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib. Uğur qazanmış şəxslər 24-26 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə (ünvan: Mir Cəlal küçəsi 71) gələrək zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdiklərini təsdiq etməlidirlər.
19/06/2019 12:12
Təhsil naziri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
İyunun 18-də Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin cari əməkdaşlıq əlaqələri və gələcək inkişaf perspektivləri müzakirə edilib.
18/06/2019 18:11
“İdman – sağlamlıq, dostluq, birlik...” rəsm müsabiqəsi
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini Azər Əliyev, münsiflər heyətinin üzvləri, məktəb direktorları və digər rəsmi şəxslər iştirak ediblər. Bakı şəhərində fəaliyyət göstərən 45 ümumtəhsil məktəbindən 6-10 və 11-14 yaş kateqoriyaları üzrə müsabiqəyə buraxılan 159 rəsm işindən 6-sı I yer, 12-si II yer və 16-sı III yerə layiq görülüb. Qiymətləndirmə münsiflər heyəti tərəfindən və sosial şəbəkə vasitəsi ilə aparılıb. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub. Tədbir bədii hissə ilə davam etdirilib. Müsabiqə Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 20-28 iyul tarixlərində nəzərdə tutulan Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalı çərçivəsində həyata keçirilib. Müsabiqənin məqsədi Yay Olimpiya Festivalı haqqında məktəbliləri məlumatlandırmaq, olimpiya hərəkatını tanıtmaq, şagirdlərdə tolerantlıq, sülh, həmrəylik, dostluq hisslərini aşılamaq, uşaqların idmanla bağlı maraqlı fikir və düşüncələrini öyrənmək, yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarət olub.
18/06/2019 16:41
Gənclər Fondunun əsas fəaliyyət istiqamətləri, gələcək planları nələrdir?
“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında Fond tərəfindən gənclər üçün yaradılan imkanlardan danışılır. Verilişin qonağı Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovdur.
18/06/2019 15:47
“Məktəbimizdə” – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Cəbrayıl rayonu Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbindən çəkilib. Məktəb 1920-ci ildə Cəbrayıl rayonu Çərəkən kəndində fəaliyyətə başlayıb. 1993-cü ildən Sabirabad rayonu ərazisində yerləşən “Qalağayın” çadır şəhərciyində fəaliyyət göstərib. 2007-ci ildən isə Biləsuvar rayonunda yerləşən 11 saylı Cəbrayıl qəsəbəsində fəaliyyətini davam etdirir. Məktəbdə 22 müəllim işləyir. 2018-2019-cu tədris ilində məktəbdə 225 şagird təhsil alıb. Ötən il məktəbin məzunlarından 8 nəfər tələbə adını qazanıb. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
18/06/2019 15:36
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci turu
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci mərhələsində iştirak hüququ qazanmış namizədlər qiymətləndirilib. Qiymətləndirmədə 325 nəfər iştirak edib. Namizədlərə elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqlar təqdim edilib, həmçinin onlar ilk dəfə olaraq psixoloji testə cəlb olunublar. İkinci turdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək. Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə elan etdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
18/06/2019 12:24
Təhsil naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək
Şəki, Oğuz və Qəbələ rayon sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 28 iyun 2019-cu il tarixində saat 10:00-da Şəki şəhərindəki Heydər Əliyev Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək. Qəbulda Şəki, Oğuz və Qəbələ rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 18-21 iyun 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
18/06/2019 11:22
“Gələcəyə doğru” adlı məzun gecəsi
İyunun 15-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib. Tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər. Qonaqlar əvvəlcə foyedə quraşdırılmış gənclər təşkilatlarına məxsus müxtəlif məzmunlu stendlərlə tanış olublar. Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb. Məktubda qeyd edilib: "Əziz məzunlar! Hər birinizi salamlayır və məzun olmağınız münasibətilə ürəkdən təbrik edirəm! Orta məktəb illəri hər kəsin həyatının ən yaddaqalan dövrüdür. 11 il ərzində siz məktəbdə əlifbadan başlayaraq elmin sirlərinə yiyələnmisiniz. Nəhayət, bu gün uşaqlıq və qayğısız məktəb illəri ilə vidalaşırsınız. Məktəbdən məzun olmaq hər bir insanda təzadlı hisslər doğurur. Bu gün siz uzun illər təhsil aldığınız məktəbdən, müəllimlərinizdən və sinif yoldaşlarınızdan ayrılırsınız. Eyni zamanda, bu gündən etibarən müstəqil həyata, öz taleyinizi müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyursunuz. Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini dərindən mənimsəmək günümüzün tələbidir. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir. Seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir. Əziz dostlar! Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu sadə həqiqəti gözəl dərk edərək, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük vəsait yatırılmaqdadır. Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir. Çünki parlaq gələcəyimizi qurmaq sizin üzərinizə düşəcəkdir. Son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Nailiyyətlərimiz göz önündədir. Lakin qarşıda bizi hələ yeni hədəflər gözləyir, üzümüzə geniş üfüqlər açılır. Cənab Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsinə dəstək olaq! Bir daha sizi məzun günü münasibətilə təbrik edir, sonrakı təhsilinizdə və fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm. Yolunuz açıq olsun!" Tədbir konsert və əyləncə proqramı ilə davam etdirilib.
15/06/2019 20:24
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Bakı şəhəri Qaradağ rayonu 110 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Firudin Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili Aydın Hüseynov, müəllim-şagird kollektivi, valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. Nazir müavini 2018-2019-cu tədris ilinin uğurlarından söz açıb və son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin əksər təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov öz növbəsində rayon üzrə əldə edilən təhsil uğurlarını diqqətə çatdırıb. Sonra məzunları təbrik edən icra başçısı bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib. *** Bakı şəhəri 179 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Şahin İsgəndərov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, müəllim və şagirdlər, valideynlər və digər qonaqlar iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Bayaz Novruzova qonaqları salamlayaraq məzunları təbrik edib və rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ümumi məlumat verib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilə olan dövlət qayğısını xüsusi qeyd edib və yeni məktəblərin istifadəyə verilməsini yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirib. Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və 2018-2019-cu tədris ilinin uğurlarından danışıb. Məhəbbət Vəliyeva çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib. Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib. *** C.Cabbarlı adına Siyəzən şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Təhsil nazirinin müavini İdris İsayev, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyev və digər şəxslər iştirak edib. Təhsil nazirinin müavini İdris İsayev əvvəlcə məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar aruzlayıb. Nazir müavini qeyd edib ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Siyəzən rayonunda da yüksək inkişafa stimul olub. Təhsilə göstərilən dövlət qayğısından söz açan nazir müavini bildirib ki, bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov məzunları təbrik edib və təhsilin inkişafı üçün yaradılan imkanlardan və cəmiyyətdəki aparıcı rolundan danışıb. “Son zəng” tədbiri bədii hissə ilə yekunlaşıb. *** Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Xətai Rayonu İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quluyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları paytaxtdakı 257 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib. O, məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıb. Xətai Rayonu İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quluyev təhsil sahəsinə dövlət qayğısı nəticəsində ümumi təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunduğunu, yeni məktəb binalarının tikildiyini diqqətə çatdırıb. Rafiq Quluyev məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb. Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqslər nümayiş etdirilib.
14/06/2019 18:11
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı