SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.
31/08/2019 12:46
Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə elektron sənəd qəbulu davam edir. Sənəd qəbulu sentyabrın 5-dək "ASAN xidmət" mərkəzlərində ödənişsiz şəkildə və elektron qaydada aparılır. Müsabiqəyə 1-ci turda iştirak etməyən namizədlər də qatıla bilərlər. İkinci mərhələ üzrə nəticələrin sentyabrın 12-dək açıqlanması nəzərdə tutulur. Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə yeni Peşə Təhsil Mərkəzinə sənəd qəbulunun birinci mərhələsində uğur qazanmış 174 nəfər peşə təhsili müəssisəsində artıq qeydiyyatdan keçib. Cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.
30/08/2019 17:10
“Yay məktəbi” başa çatıb
Avqustun 30-da “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Bilik yarışı” ilə yekun vurulub. “Bilik yarışı”nda Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 27 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət məktəblərin komandaları qalibiyyət uğrunda mübarizə aparıb. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iştirak edib. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. İdarə müdiri layihənin şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onlara asudə vaxtın səmərəli təşkili vərdişlərinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. İki hissədən ibarət müsabiqənin nəticəsinə əsasən, BŞTİ-nin tabeliyindəki 102 və 3 nömrəli tam orta məktəblərin birləşmiş komandası I, 72 nömrəli məktəb-liseyin komandası II, 286 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və medallar təqdim olunub. Qeyd edək ki, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Yeni tədris ilindən etibarən “Məktəblinin dostu” pilot layihəsinin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
30/08/2019 16:13
Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
30/08/2019 15:01
Əlavə yerləşdirmə üzrə müsahibə
Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək. Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.
30/08/2019 12:23
Vakansiya seçimi başa çatıb
Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb. 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.
30/08/2019 10:19
Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri
“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərində təlimlərə start verilib. Təlimlərə Gəncədə fəaliyyət göstərən 49 ümumtəhsil müəssisəsindən 200-ə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. TOPs metodologiyası üzrə təşkil oluan 3 günlük təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir. Həmçinin, dərslərin səmərəli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək. Qeyd edək ki, TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. TOPs metodologiyası vasitəsilə fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi də layihənin məqsədlərindəndir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində Bakı, Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonlarından olmaqla layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb. 2019-2020-ci tədris ilində proqramın ölkənin digər rayon və şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətbiqi davam etdiriləcək.
29/08/2019 17:33
Əlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda
“Təhsil” televiziyasının “Həftənin sualı” verilişində müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılır. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir. Mövzuya dair sualları şərh bölməsində yaza bilərsiniz.
29/08/2019 15:51
Şagirdlərin və valideynlərin nəzərinə
2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir.
29/08/2019 14:29
Əlavə yerləşdirmədə iştirak etmək istəyənlər üçün son gün
Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər. İndiyədək 19 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2 996 namizəd elektron ərizəsini təsdiqləyib. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər. Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
29/08/2019 12:10
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı