SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb
YUNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. Proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib. Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq. Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.
05/09/2019 11:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurasının yaradılması ilə bağlı görüş keçirilib. Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı İdarəsi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Xidməti, həmçinin 30-dan artıq özəl sektorun nümayəndələri iştirak ediblər. Görüşdə Qəbələ Peşə Təhsil Mərkəzi ilə regionda fəaliyyət göstərən özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədilə yaradılan Məşvərət Şurasının əsasnaməsi müzakirə olunaraq təsdiq edilib. Bildirilib ki, Şura ilk mərhələdə tədris planlarının razılaşdırılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi, tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzinin, məktəbdə müəssisə guşələrinin yaradılması kimi fəaliyyətləri həyata keçirəcək. Görüşdə ED VET layihəsi çərçivəsində kənd təsərrüfatı və turizm ixtisaslarının tədris planları nəzərdən keçirilib, üzvlərin iştirakı ilə razılaşdırılıb. Qeyd edək ki, Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq, əmək bazarına uyğunluğunu təmin etməkdir.
05/09/2019 09:59
Təhsil naziri “Məktəblinin dostu” və “STEAM Azərbaycan” layihələri üzrə keçirilən təlimləri izləyib
Sentyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində olub. Təhsil naziri mərkəzdə “Məktəblinin dostu” və “STEAM Azərbaycan” layihələri üzrə keçirilən təlimlərin gedişini izləyib, təlimçi və iştirakçılarla görüşüb. Hər iki layihə barədə Təhsil nazirinə ətraflı məlumat verilib. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi üzrə təlimlər sentyabrın 11-dək, “STEAM Azərbaycan” layihəsi üzrə təlimlər isə bu ayın 14-dək davam edəcək.
04/09/2019 18:26
Beyləqan, Qax, Şirvan və Sabirabadda sentyabr konfransları
Sentyabrın 4-də Şirvan şəhəri, Beyləqan, Qax və Sabirabad rayonlarında təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib. Qax şəhər 2 nömrəli məktəb-liseyin akt zalında keçirilən Qax, Zaqatala və Balakən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər. Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib. Daha sonra Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev çıxış edərək hesabatlara öz münasibətini bildirib. Əsgər Quliyev çıxışında buraxılış və qəbul imtahanlarının nəticələri, şagirdləri zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub. Təmayülləşmənin tətbiqinin, bu işə diqqət və nəzarətin artırılmasının vacibliyini xüsusi vurğulayan Əsgər Quliyev təmayül siniflərini bitirən şagirdlərin imtahan nəticələrini müqayisəli şəkildə təhlil edib. Əsgər Quliyev çıxışının sonunda təhsil işçilərinə 2019-2020-ci dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb. Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb. *** Sabirabad şəhər Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər şöbəsinin sektor müdiri Firidun Həmzəyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov, Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Konfransda sözügedən rayonların təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinə dair hesabatla geniş çıxış ediblər. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev çıxış edərək hesabatlara öz münasibətini bildirib. Firidun Həmzəyev təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər və perspektiv məsələlərdən danışıb. Firidun Həmzəyev bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflərə uşaqların cəlbi, eləcə də məktəbəhazırlıq qruplarına qəbulla bağlı tövsiyələrini verib. Firidun Həmzəyev çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Sonda 2019-2020-ci tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb. *** Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Konfransda Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, Beyləqan, Füzuli və Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Hər üç rayonun təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov hesabatlara öz münasibətini bildirib. Əhliyət Adıgözəlov ötən tədris ilində görülən işlərdən danışıb, yeni tədris ilinin əsas fəaliyyət istiqamətlərini, qarşıda duran hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Əhliyət Adıgözəlov 2019-2020-ci tədris ilində görüləcək işlərlə bağlı təhsil işçilərinə tövsiyələrini verib, hər birinə uğurlar arzulayıb. Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb. *** Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıdan duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər. Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev çıxış edərək hesabatlara münasibətini bildirib, konfrans iştirakçılarının rəy və təkliflərini dinləyib. Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb. Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.
04/09/2019 17:40
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 234 müraciət daxil olub
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Avqustun 15-dən başlayan bu proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib. Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi üçün valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşmalı, övladının Ümumi təhsil informasiya sisteminə (ÜTİS) daxil edilməsi ilə bağlı müraciət etməlidir. Məktəb tərəfindən həmin şagird sistemə daxil edildikdən sonra valideynə övladının ÜTİS kodu təqdim olunur. Daha sonra valideyn şagirdlərin elektron yerdəyişməsi sistemində (www.sy.edu.az) qeydiyyatdan keçərək müraciət etmək istədiyi məktəbə sorğu yerləşdirir. Bunun üçün valideyn sistemdə şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil edir, daha sonra əldə olunmuş məlumatları təsdiqləyir və istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə gələn SMS-də göstərilmiş təsdiq kodu müvafiq açılan pəncərədə daxil edilir və qeydiyyat tamamlanır. Növbəti mərhələdə valideyn ÜTİS kodu əsasında övladını elektron sistemdə qeydiyyatdan keçirir, yerdəyişmə etmək istədiyi məktəbi seçir. Sistem həmin məktəbdə boş siniflərin olub-olmadığını göstərir. Valideyn boş yeri olan (qara rənglə qeyd olunmuş) sinfi seçməklə, məktəbə müraciətini tamamlayır. Sorğuya sistem tərəfindən ən geci 5 iş günü ərzində təsdiq gələndən sonra valideyn övladının şəxsi işini əvvəl təhsil aldığı məktəbdən götürərək müraciət etdiyi məktəbə təqdim edir. Bundan əlavə, valideyn şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri 258 və 42 nömrəli tam orta məktəblərdə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərinə yaxınlaşa və övladının qeydiyyat prosesini həyata keçirə bilər. Eyni zamanda Alternativ Qeydiyyat Mərkəzindən şagirdin ÜTİS kodunu əldə etdikdən sonra valideyn www.sy.edu.az sisteminə daxil olmaqla yuxarıda qeyd olunan ardıcıllıqla sorğu yerləşdirə bilər. Digər rayon (şəhər) ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikasındakı məktəblərə yerdəyişmə prosesi əvvəlki illərdə olduğu kimi, “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar”a əsasən həyata keçirilir. Ətraflı olaraq bu linkdən https://edu.gov.az/az/page/394/5172 məlumat əldə etmək mümkündür. Xaricdə təhsil alan azərbaycanlı şagirdlərin respublikanın rayon (şəhər) məktəblərinə yerdəyişmə prosesi də Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi qaydalarına əsasən, həmçinin yuxarıda adıçəkilən Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir. Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.
04/09/2019 16:30
Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş
Sentyabrın 4-də Peşə Təhsili üzrə Dövlət Agentliyində Koreya İdxal-İxrac Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondunun nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında 11 aprel 2014-cü il tarixində imzalanmış Kredit sazişi əsasında həyata keçirilən "Peşə Tədris Mərkəzinin Yaradılması” layihəsi üzrə icra edilmiş və icrası nəzərdə tutulan işlər müzakirə edilib. Daha sonra Koreya İdxal-İxrac Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondunun direktoru Chang Younsoonun da yer aldığı nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində son tamamlanma işləri ilə tanış olublar. Qeyd edək ki, cari tədris ilindən fəaliyyətə başlayacaq mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
04/09/2019 16:07
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib. Firudin Qurbanov qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb. Təhsil nazirinin müşaviri, Seçki Komissiyasının üzvü Elnur Məmmədov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlərdən, İctimai Şuranın fəaliyyət növlərindən danışıb. Nazir müşaviri İctimai Şuranın Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə inandığını deyib. Daha sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən, təhsil eksperti, professor Şahlar Əsgərov, “XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, təhsil eksperti Nadir İsrafilov, əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktor İlqar Orucov, Biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova, TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə İctimai Şuraya üzv seçiliblər. Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir. İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.
04/09/2019 14:08
Dərsliklərin şagirdlərə paylanılması davam edir
Dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün dərsliklər sentyabrın 6-dək paylanılacaq. Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir. Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
04/09/2019 13:01
Əlavə yerləşdirmənin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub. Əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın 10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir. Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.
04/09/2019 11:45
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilir
Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya açıq şəkildə seçkilər keçirilir.
04/09/2019 10:26
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı