SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfransda iştirak edib
Avqustun 31-də “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilib. Onlayn konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva pandemiya dövründə tətbiq olunan karantin rejimi çərçivəsində təhsilin təşkili məsələləri ilə bağlı “Uşaq Səfirlər Məclisi”nin üzvlərini maraqlandıran sualları cavablandırıblar. Konfransı giriş nitqi ilə açan Komitə sədrinin müavini Aynur Sofiyeva “Uşaq Səfirlər Məclisi” üzvlərinin təşəbbüsləri əsasında bu istiqamətdə keçirilən tədbirləri müsbət qiymətləndirib. Təhsilin uşaqların həyatında mühüm rolunu, eyni zamanda, hazırda davam edən pandemiya şəraitində tədrisin təşkili məsələsinin aktual olduğunu qeyd edib. Aynur Sofiyeva bildirib ki, uşaqlar pandemiya dövründə təhsilin təşkili istiqamətində onları maraqlandıran bir çox sualları ümumiləşdirərək belə bir görüşün keçirilməsi xahişi ilə Komitəyə müraciət ediblər. Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları salamlayaraq xüsusi karantin rejimi dövründə təhsilin təşkili məsələləri barədə onlara ətraflı məlumat verib. Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan nazir müavini informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığını daha da artdığını diqqətə çatdırıb. Firudin Qurbanov uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb. Konfransın moderatoru, “Uşaq Səfirlər Məclisi”nin həmsədri Aydan Hacıyeva uşaqların təklifi ilə konfransın təhsil məsələlərinə həsr edilməsinin onlar üçün əhəmiyyətli olduğunu və Təhsil nazirinin müavini ilə həmsöhbət olmaq fürsəti yaratdığına görə Komitə rəhbərliyinə, eləcə də Firudin Qurbanova təşəkkürünü bildirib. Daha sonra uşaqların pandemiya şəraitində təhsildə yeni layihələrin həyata keçirilməsi, növbəti dərs ilinin təşkili qaydaları, şagirdlərin internetə çıxış imkanlarının artırılması, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların onlayn təhsilə əlçatanlığının təmin edilməsi, pandemiya dövründə xaricdə təhsil imkanları, peşə təhsilinin təşviqi istiqamətində çoxsaylı sualları cavablandırılıb. Uşaqlar tərəfindən səsləndirilən suallara cavab olaraq Firudin Qurbanov pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını, həmçinin uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkilinin nəzərdə tutulduğunu bildirib. Nazir müavini həmçinin müasir texnologiyalar vasitəsilə peşə təhsilinin təşviqinin aparılması istiqamətində görüləcək işlərdən danışaraq peşə təhsilinin önəmi barədə uşaqlara məlumat verib. Konfransın sonunda moderator Aydan Hacıyeva ətraflı cavab və tövsiyələrə görə Komitə sədrinə və Təhsil nazirinin müavininə minnətdarlığını bildirib.
01/09/2020 14:37
Azərbaycanda Beynəlxalq Təhsil Forumu
1 sentyabr saat 17:00-da “Təhsildə yeni çağırışlar” adlı Beynəlxalq Forum keçiriləcək. TAM - Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) təşkilatçılığı, Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçiriləcək forumun əsas hədəfi yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsidir. "Youtube" üzərindən canlı yayımlanacaq forumda çıxışlar sinxron tərcümə ediləcək. Canlı yayımı bu link vasitəsilə izləyə bilərsiniz: https://bit.ly/31MJkTM Məlumdur ki, COVID-19 pandemiyası nəticəsində 193 ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayanıb. Bir çox ölkələr kimi, Azərbaycan da məsafədən təhsilə keçməyə məcbur olub. Odur ki, mövcud vəziyyəti təhlil, təhsildəki yeni çağırışları müzakirə etməyə ehtiyac yaranıb. Postpandemiya dövründə təhsildə keyfiyyəti artırmaq üçün nələr etməliyik? Təhsilin keyfiyyətli olması üçün hansı imkanlar var? Təhsilin tərifində, təhsilverənlərin rolunda hansı dəyişikliklər yaranacaq? Təhsilverənlər hansı bacarıqlarını inkişaf etdirməlidir? Forum zamanı çıxışlar və müzakirələr vasitəsilə bu kimi sualların cavablandırılması nəzərdə tutulur. Forumun əsas məruzəçisi (keynote speaker) PİSA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Schleicher olacaq. Azərbaycan 2006-cı ildən həmin proqramın iştirakçısıdır. Bundan başqa, Forumda Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, "The Global Prize -2018" müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin (BELMAS - The British Educational Leadership, Management and Administration Society) rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF Azərbaycanın Təhsil proqramlarının rəhbəri Leyla Həsənova, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin ikinci prezidenti və sabiq Təhsil naziri Mehmet Ali Talat, xalq yazıçısı Çingiz Abdullayev, Doğu Akdeniz Universitetinin doktorantı, beynəlxalq təlimçi Arzu Soltan, Türkiyənin Yenilikçi Öğrenme Məktəblər Şəbəkəsinin yaradıcısı Kayhan Karlı, Forumun Təşkilat Komitəsinin sədri, TAM-ın baş direktoru Cəfər Mənsimi çıxış edəcəklər. Forumun moderatorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarpten olacaq. Forum günü TAM-ın təsis etdiyi yeni eyniadlı təhsil jurnalı da təqdim ediləcək. Əsas məqsəd bütün öyrənmə proseslərinin maraqlı, yaradıcı, yeni tərəflərindən söz açaraq onları təbliğ etmək, təhsil sahəsində hiss olunan boşluqları tamamlamaqdır. Forumun informasiya dəstəkçisi Təhsil Forumu-2020 və Təhsil Dünyası/Education World/Мир Образования feysbuk qrupları, Təhsil İdarəçiləri Assosiasiyası, Gənc Müəllimlər Assosiasiyası, "Çinar" Yayımları Nəşriyyatıdır.
01/09/2020 11:01
İşə qəbul imtahanları davam edir
Sentyabrın 1-də ingilis dili, alman dili və kimya fənləri üzrə test imtahanları keçirilir. İmtahanlarda 1530 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
01/09/2020 09:07
Xaricdə təhsil almaq istəyənlərin diqqətinə!
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik. Eyni zamanda, xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara (ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu və s.) dair zəruri məlumatları özündə əks etdirən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin (tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma (nostrifikasiya) prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır. Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir.
31/08/2020 17:34
Məktəbdənkənar dərnəklərə yekun vurulub
“Virtual məktəb” platforması üzərindən təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti başa çatıb. Dərnəklər şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. Cari ilin iyul ayının əvvəllərindən başlayan və iki ay müddətinə 6 fərqli istiqamət - “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” üzrə davam edən dərnəklərdə 20 mindən çox məktəbli iştirak edib. "COVID-19” pandemiyası ilə əlaqədar onlayn platformada şagirdlərin maraqlarına uyğun olaraq təşkil edilən dərnəklərdə Azərbaycan və rus bölmələri üzrə şagirdlərə bədii əsərlərin düzgün oxunuşu, toxuma və əl işlərinin hazırlanması, şahmat, milli və xarici rəqslər öyrədilib, xalq çalğı alətləri haqqında geniş məlumatlar verilib. Bundan əlavə, dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün məşğələlərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək onları təkrar izləmək imkanı yaradılıb.
31/08/2020 16:34
Peşə təhsili müəssisələrinə qəbul olunanlar üçün daha 2 gün şans
Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb. Sözügedən şəxslər 2 sentyabr tarixinədək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Sənəd qəbulu pandemiya şəraitinə uyğun xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilir. Uğurlu nəticə göstərən şəxslər arasında xüsusi karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisəsinin yerləşdiyi şəhərə/rayona giriş icazəsi olmayanlar varsa, onlar qəbul olunduqları müəssisə ilə əlaqə saxlayaraq sənədlərini müvəqqəti elektron şəkildə göndərə və ya yaşadıqları əraziyə yaxın yerləşən digər peşə təhsili müəssisəsinə təqdim edə bilərlər. Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Qeyd edək ki, peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə ictimaiyyətə məlumat veriləcək.
31/08/2020 15:19
Yeni tədris ilində yeni formatda “Dərs vaxtı”
Sentyabrın 1-dən ““Mədəniyyət” telekanalı və "Təhsil" televiziyasının "Facebook"səhifəsində “Dərs vaxtı” proqramının yayımına start verilir. Əziz şagirdlər, həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq. Unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
31/08/2020 12:13
Məktəblilərimiz Avropa Coğrafiya Olimpiadasında uğur qazanıblar
Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar. Belə ki, aşağı və yuxarı yaş qrupu üzrə 14 ölkədən 73 şagirdin qatıldığı müsabiqədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüblər. Qeyd edək ki, sözügedən elm yarışı 29-30 avqust 2020-ci il tarixlərində təşkil edilib. Olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya ilk dəfə qatılıblar. Onların hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında, həmçinin Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib.
31/08/2020 11:03
"Postpandemiya dövründə birlik"
"BİR" tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihənin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işinin aparılması, onların həyat keyfiyyətini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır. 2 ay davam etdiriləcək layihə pandemiyadan sonrakı həyat tərzi, təhsil, karyera mövzularını əhatə edir və hər istiqamət çərçivəsində təlim, görüşlərin təşkili planlaşdırılır. Layihədə iştirak edəcək tələbə-könüllülər üçün sessiya günlərinə əsasən qeydiyyat linki açılacaq. Hər sessiya üçün qeydiyyatdan keçmiş və tələblərə uyğun olan 100 nəfər layihədə iştirak hüququ qazanacaq. Layihə 3 əsas və 6 alt mövzusu olan sessiyalardan ibarət olacaq. Hər sessiyada bir spikerin çıxışı nəzərdə tutulub. Sonda bağlanış mərasimi keçiriləcək və tələbə-könüllülər arasında “Öz həyat tərzini karantin dövründə necə məhdudlaşdırmamaq olar?” mövzusunda müzakirə təşkil ediləcək.
31/08/2020 10:43
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı