SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub
18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb. Vakant yer tutmuş namizədlər 25 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.
23/09/2020 11:58
Təhsil naziri Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək
Təhsil naziri Emin Əmrullayev 2 oktyabr 2020-ci il tarixində saat 15:00-da Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Videoqəbula yazılmaq istəyən vətəndaşlar 23-30 sentyabr (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır. Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir. Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın qəbul otağında tək olmasına şərait yaradılacaq. Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı olacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək. Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.
23/09/2020 10:37
Arsak toponiminin elmi mənşəyi
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadənin iştirakı ilə "Arsak toponiminin elmi mənşəyi" mövzusunda canlı verbinar
23/09/2020 10:34
Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
Peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan komissiya apellyasiya müraciətlərinə baxılması üçün 23-25 sentyabr tarixlərində fəaliyyət göstərəcək. Apellyasiyada ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha əvvəl müraciət etməyən şəxslər iştirak edə bilərlər. Daha əvvəl hər hansı peşə təhsili müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə iştirak edə bilməzlər. Apellyasiyada iştirak üçün vətəndaş şəxsi kabinetinə daxil olmalı, “Apellyasiyaya müraciət et" bölməsində görüş üçün vaxt götürməlidir. Görüş üçün vaxt yalnız 23-25 sentyabr tarixlərində seçilə bilər. Nəzərə alınmalıdır ki, görüş vaxtı yarımsaatlıq intervalla bölünüb və hər bir intervalda say limiti qoyulub. Limit dolduqdan sonra həmin yeri seçmək mümkün deyil. Vətəndaş vaxt seçdikdən sonra onun apellyasiya müraciəti təsdiqlənmiş hesab edilir və qeyd etdiyi vaxtda onunla onlayn görüş təşkil olunur. Müraciət edən şəxs mütləq şəkildə onunla təyin edilən görüş vaxtı şəxsi kabinetinə daxil olmalı, orada göstərilən görüş linkinə keçid etməlidir. Qeyd edilən intervalda görüş linkinə daxil olmayan şəxslərin müraciəti “apellyasiyada iştirak etmədi” kimi nəzərə alınacaq və onlara yenidən müraciət etmələri üçün əlavə şərait yaradılmayacaq. Müraciətçilərin mütləq şəkildə əməl etməli olduqları qaydalar var. Belə ki, ilkin olaraq şəxsi kabinetdən görüş tarixi seçilməlidir, seçilən görüş intervalında vətəndaş kompüter qarşısında olmalı və şəxsi kabinetindəki görüş linkinə daxil olmalıdır, görüşdə müraciətçi şəxsən iştirak etməlidir, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və attestatın əsli yanında olmalıdır. Görüşdə vətəndaşın müraciəti dinləniləcək və müvafiq dəstək göstəriləcək, müraciət üçün Agentliyə yaxınlaşmağa ehtiyac yoxdur. Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 4-14 sentyabr tarixlərində elektron qaydada həyata keçirilib. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014, ümumilikdə isə 14 950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.
23/09/2020 09:30
"Dərs vaxtı"nın 23 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 23-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
22/09/2020 21:16
"Virtual məktəb"lə bağlı maarifləndirici məlumatlar
"Virtual məktəb"lə bağlı çoxsaylı müraciətlər təhlil edilərək, ən çox verilən suallara dair hazırlanmış poster, şifrənin bərpası qaydası ilə bağlı videorolik və ümumtəhsil məktəbləri üçün 2020-2021-ci tədris ilində "Virtual məktəb" platformasında tədris prosesinin təşkilinə dair təlimat təqdim olunur.
22/09/2020 16:49
Xarici ali təhsil sahəsində ixtisasların tanınması və nostrifikasiyası qaydalarında edilən dəyişiklik
Nazirlər Kabinetinin 2020-ci il 21 sentyabr tarixli müvafiq Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlərə görə dövlət rüsumunun ödənilməsi ləğv olunub və Nazirlər Kabineti tərəfindən müəyyən edilməli olan məbləğdə xidmət haqqı ilə əvəzlənib. Qeyd edək ki, hazırda sözügedən xidmət haqqı məbləğinin miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyi üçün xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvəqqəti olaraq ödənişsiz qaydada həyata keçirilməkdədir.
22/09/2020 14:33
Gürcüstana 21 613 ədəd dərslik və metodik vəsait göndərilib
Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib. Sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərilib.
22/09/2020 14:05
"Dərs vaxtı"nın 22 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 22-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
22/09/2020 10:44
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı