SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək. Valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər. Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.
24/09/2020 10:56
"Dərs vaxtı"nın 24 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
23/09/2020 21:28
Azərbaycanın 3 şəhəri YUNESKO-nun təhsil şəbəkəsində
Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib. Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür.
23/09/2020 18:42
Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Təlim Proqramı
Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə beynəlxalq ekspertin iştirakı ilə iki günlük onlayn təlim proqramı təşkil edilib. Proqram Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı,Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Proqram çərçivəsində peşə təhsili mütəxəssisləri, özəl sektor nümayəndələri və sahə üzrə peşəkarlar bir araya gətirilib. Proqram təlim, bilik və bacarıqlarının rəsmiləşdirilməsini istəyən vətəndaşlar üçün nəzəri, həmçinin praktik qiymətləndirmə prosesinin təşkilinə dair addımları əhatə edib. Bu qiymətləndirmələr aparıldıqdan sonra vətəndaşlar iş tapmaq yaxud karyeralarını yeni mərhələyə daşımaq şanslarını artırmağa kömək edəcək sertifikatlar alacaqlar. Qeyri-formal və informal səriştələrin tanınması üzrə təşviq fəaliyyətlərinin Azərbaycan əmək bazarında bacarıqlı işçi qüvvəsi üçün yeni imkanlar açacağı gözlənilir. İlk imtahan bu ay, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Gəncədə həyata keçiriləcək. İİmtahan zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. İmtahan öncəsi keçirilən bu təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.
23/09/2020 17:39
32-ci Beynəlxalq İnformatika Olimpiadasından 3 medal
Sinqapurda 32-ci Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib. 87 ölkə və 343 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz ADA Universitetindən virtual formatda qoşulublar. Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib. Azərbaycan məktəbliləri sözügedən olimpiadada uğurlu nəticə əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 7 bürünc medal əldə edilib. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
23/09/2020 15:37
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır
Sentyabrın 23-dən 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır. Müsabiqə ümumi təhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır. Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçirilir. Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma baxımından nəzərdə tutulub. Elektron müraciət mərhələsi 1 oktyabr tarixinədək davam edəcək. Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslərin sözügedən müvafiq vakansiyalara müraciət etmək imkanı var: - Ümumtəhsil fənn müəllimi - Orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər; - İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər; - İstehsalat təlim ustası (praktiki dərslərin tədrisi) -Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik şəxslər. Müsabiqənin növbəti müsahibə mərhələsinin 7-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaq. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcək. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək. Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.
23/09/2020 14:52
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Cari ilin 28 sentyabr - 2 oktyabr tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq. Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Aşağıdakı linklərdə test imtahanı, müsahibə mərhələsi üçün müsabiqə proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərsiniz: Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə dair sual-cavab Test imtahanı və müsahibə mərhələsi üzrə müsabiqə proqramı Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi ilə bağlı test tapşırığı nümunələri
23/09/2020 13:55
Arsak toponiminin elmi mənşəyi ilə bağlı canlı vebinar keçirilib
Sentyabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Arsak toponiminin elmi mənşəyinə dair onlayn vebinar təşkil edilib. Vebinarda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə və media nümayəndələri iştirak edib. Vebinarda çıxış edən Ramin Əlizadə Arsak toponiminin elmi mənşəyi barədə ətraflı məlumat verib. Bildirib ki, əslində Arsak adı Sak etnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə “Sak əri, ərəni” deməkdir. Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Ramin Əlizadənin sözlərinə görə, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan Alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərini “Arşaki soyundan olan Alban türkləri” adlandırıblar. Arsak adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində əsasən yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Azərbaycanın şimalında qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimləri, hazırda isə Azərbaycan Respublikasında Şəki şəhərinin, Zaqatala rayonunun, Zəngəzurda Sisakan (Sisian) rayonunun, Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlib. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı. Ramin Əlizadə qeyd edib ki, Ərsak adı ermənicə təhrif olunmuş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edilib. Sonra vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
23/09/2020 12:50
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı