SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Noyabrın 20-də təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbər heyəti, xüsusi nailiyyətləri ilə seçilən idmançılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün mövcud pandemiya ilə əlaqədar sosial təhlükəsizlik qaydaları gözlənilməklə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.
20/11/2020 19:21
Təhsil naziri "Microsoft" korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib
Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib. Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, “Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkili, “Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq mövzuları müzakirə olunub.
20/11/2020 16:59
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planı təsdiq edilib
Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilib. Məqsəd ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir. Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edir. Planda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əks olunur. Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır. Həmçinin “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır. Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, “Dərs vaxtı” teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur. Xatırladaq ki, görüləcək işlər çərçivəsində noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil ediləcək.
20/11/2020 14:53
"Qarabağın məşhur müəllimləri" – Xudu Məmmədov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Xudu Məmmədovdur. O,1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. Kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə, mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib. "Elmin Vətəni yox, alimin Vətəni olmalıdır” deyən Xudu Məmmədov uşaqların, gənclərin bu ruhda böyüməsini istəyirdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər” deyirdi. Görkəmli alimin elmimizdə açdığı yol "Xudu məktəbi” adlandırılıb. Xudu Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi” yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. Xudu Məmmədov həmişə müəllim və müəllimlik sənəti haqqında iftixarla danışıb: “Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır. O, adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
20/11/2020 12:03
Dərsliklərin təkmilləşdirilməsi üzrə Sinqapur şirkəti ilə əməkdaşlıq
Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək. Layihə çərçivəsində I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq. Ümumi təhsil sahəsində aparılan beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən, Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir. Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il hesabatına əsasən, Sinqapurun IV sinif şagirdləri təbiət elmləri üzrə ortalama 590 bal toplayaraq 47 ölkə arasında birinci yerə, VIII sinif şagirdləri isə ortalama 597 bal toplayaraq 39 ölkə arasında birinci yerə çıxıb. Eyni zamanda Şagird Nailiyyətlərinin Beynəlxalq Qiy-mətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən, təbiət elmləri üzrə Sinqapurun 15 yaşlı şagirdlərinin ortalama müvəffəqiyyəti 551 bal olub ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə iştirakçı ölkələr arasında 2-ci yer deməkdir.
20/11/2020 11:02
"Dərs vaxtı"nın 20 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 20-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
20/11/2020 07:22
Avropa Ali Təhsil Məkanına qoşulmuş ölkələrin növbəti nazirlər konfransı keçirilib
Noyabrın 19-da Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin onlayn formatda növbəti nazirlər konfransı keçirilib. Tədbirdə EHEA-ya qoşulmuş 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev iştirak və çıxış edib. Emin Əmrullayev çıxışında ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu yöndə əldə olunan uğurlardan söz açıb. İtaliyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyd olunub ki, növbəti 10 illikdə EHEA-nın inkişafının üç əsas dəyər və hədəf üzərində qurulması nəzərdə tutulur: ali təhsilin inkluzivliyi (sosial inkluzivlik), innovativlik, əməkdaşlıq və mobillik. Konfrans Bəyannamənin qəbul edlməsi ilə başa çatıb.
19/11/2020 19:09
10 minə yaxın uşaq üçün təhsil imkanı
Oktyabrın ilk həftəsindən başlayaraq icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq erkən təhsilə cəlb olunub. Hazırda xüsusi karantin rejimi ilə əlaqədar əyani tədris formasına müvəqqəti fasilə verilsə də, valideynlərin maariflənməsi üçün yaradılmış ilk5il.com platforması erkən uşaq inkişafı ilə bağlı fəaliyyətini davam etdirir. Eyni zamanda bu tədris ilində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəsmi veb saytı (www.icmalayihesi.edu.az) fəaliyyətə başlayıb. Bu da vətəndaşlara layihə barədə suallarını yönləndirmək imkanı verir. Bununla yanaşı, layihənin “Facebook” səhifəsi də aktivdir. Ümumi sayı 500-ə çatan icma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor fəaliyyət göstərir. Xüsusi karantin rejimi dövründə tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər aşağıdakı mövzuları əhatə edib: - Uşaqlarda koqnitiv sferanı necə inkişaf etdirməsi; - Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi; - Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri; - Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası və sair. Qeyd edək ki, cari tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi respublikanın 50 şəhər və rayonunda icra olunur.
19/11/2020 15:56
Peşə təhsili üzrə teledərslərin 20 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 20 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
19/11/2020 15:02
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı