SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlər üçün Yaponiyada təqaüd proqramı
Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei-Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu başlayıb. Proqrama müraciət etmək istəyənlər üçün son tarix 29 yanvar 2021-ci ildir. Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz. Qeyd edək ki, “Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır.
22/12/2020 15:07
"Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər" mövzusunda dinləmə keçirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təəssüf hissi ilə qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Komitə sədri bildirib ki, ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən, zəruri tədbirlərin görüldüyünü diqqətə çatdıran Hicran Hüseynova əlavə edib ki, pandemiya və post-müharibə dövründə yaranmış vəziyyətdə ailələrin sosial-psixoloji durumunun qiymətləndirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə işlər daha da gücləndirilməlidir. Onlayn tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub. Bahar Muradova qeyd edib ki, bütün söylənilən fikirlərlə yanaşı, qanunvericilikdə də müvafiq dəyişikliklərin edilməsi vacibdir. Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, ailə aparıcı sosial institut olaraq, şəxsiyyətin formalaşmasında ən əsas amildir və təsadüfi deyil ki, ölkəmizdə ailə siyasəti bütövlükdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Nazir müavini qeyd edib ki, hər bir ailənin həyat fəaliyyətində təhsilin çox mühüm funksiyası şəxsiyyətin formalaşdırılmasıdır. Ailədə uşaqlar ətraf mühit, dünya haqqında ilkin bilikləri alır. Ailə ilə məktəb əməkdaşlığının əhəmiyyətini vurğulayan Firudin Qurbanov bildirib ki, ailə tərbiyədə məktəbin əsas tərəfdaşıdır. Şagird, müəllim və valideynlərin birgə fəaliyyətinin yaradıcı şəraitin yaradılmasında mühüm əhəmiyyəti var. Qloballaşan dünyada, informasiya cəmiyyətində uşaqların milli zəmində, milli adət-ənənələr ruhunda tərbiyəsi, bu gün həmişəkindən daha vacib və aktualdır. Bu baxımdan, həm ailədə, həm də məktəbdə milli dəyərlərimiz, mədəniyyət, incəsənət və ədəbiyyatımız, onların mütaliəsi daha geniş şəkildə təbliğ olunmalıdır. Valideynlər uşaqlarla səmərəli vaxt keçirməli, hər an onların öyrənməsinə yardımçı olmalı, maraqlarına cavab verən məşğələlərə cəlb etməli, suallarına cavab tapmaqda kömək etməlidirlər. Nazir müavini çıxışı zamanı son illərdə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində tərbiyə işinin təşkili, sağlam mənəvi-psixoloji mühitin yaradılması, məktəb-ailə münasibətlərinin tənzimlənməsi, təhsilalanların təhlükəsiz təhsil şəraiti ilə təmin olunması, xüsusi hallarla bağlı fəaliyyətlərin icrası istiqamətində bir sıra zəruri tədbirlərin həyata keçirildiyini, normativ-hüquqi aktlar və təlimati sənədlərin təsdiq edildiyini diqqətə çatdırıb. Firudin Qurbanov çıxışının sonunda həyata keçiriləcək tədbirlərin məktəb-ailə münasibətlərinin daha səmərəli tənzimlənməsinə, valideynlərin təlim-tərbiyə prosesində daha fəal iştirakına və gənc nəslin formalaşmasına öz töhfəsini verəcəyinə ümidvarlığını ifadə edib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məsələnin aktuallığını vurğulayaraq nazirlik tərəfindən başladılan yeni təşəbbüslər barədə məlumat verib. Videokonfransda iştirak edən Daxili İşlər nazirinin müavini Oruc Zalov, İdman və Gənclər nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov ailənin sosial-psixoloji mühitinin düzgün formalaşması, ortaya çıxan problemlərin, o cümlədən məişət zorakılığının aradan qaldırılması, pandemiya və post-müharibə dövründə ailədaxili münasibətlərin öyrənilməsi və digər zəruri məsələlərdən danışıblar. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Jalə Əliyeva və Rəşad Mahmudov çıxış edərək pandemiya və Vətən Müharibəsinin ölkədə yaratdığı çətinliklərdən söhbət açıblar, problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıblar. Tədbirdə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransa yekun vuraraq məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirib.
22/12/2020 14:04
Onlayn müsahibələr davam edir
Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb. Müsahibələr “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur. Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər. Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb. Müsahibələrin ümumilikdə 9 gün davam etməsi nəzərdə tutulur. 14 dekabr tarixindən bugünədək 1497 nəfərin müsahibəsi yekunlaşıb. Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir. Qeyd edək ki, hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.
22/12/2020 12:38
Çində təhsil almaq imkanı
Çin Xalq Respublikasının 2021-2022-ci tədris ili üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu davam edir. Sənəd qəbulu 6 yanvar 2021-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
22/12/2020 11:35
"Virtual məktəb"lə bağlı dərslər "Dərs vaxtı"nda
Dekabrın 16-dan etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start verilib. Hər həftənin çərşənbə günü efirə gedən dərslərdə "Virtual məktəb"lə bağlı ən çox verilən suallar cavablandırılır və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunur. Sözügedən dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik cədvəlində tanış ola bilərsiniz.
22/12/2020 11:16
"Dərs vaxtı"nın 22 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 22-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
22/12/2020 08:19
Peşə təhsili üzrə teledərslərin 22 dekabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 22 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
21/12/2020 16:50
"Qarabağın məşhur müəllimləri" – Həsənəli xan Qaradaği
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradağidir. 1848-ci il 28 yanvar tarixində Şuşada anadan olub. Qaradaği istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayıb. Evində uşaqlara dərs deyən Həsənəli xan Qaradaği şagirdlərinə dərsi özünün tərtib etdiyi sadə üsulla: təbaşir və yazı lövhəsi ilə, parta arxasında ana dilində keçirdi. Dərs zamanı yazı lövhəsi və partadan ilk olaraq istifadə edən məhz Həsənəli Xan Qaradaği olub. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
21/12/2020 15:41
Almaniyanın "Hertie" İdarəçilik Məktəbi təqaüd proqramı elan edir
Almaniyanın “Hertie” İdarəçilik Məktəbi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris dili ingilis dilidir. Proqramda iştirak etmək istəyənlər üçün 31 yanvar 2021-ci il son müraciət tarixidir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
21/12/2020 14:46
6 145 653 dərs "Virtual məktəb"də
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 13-19 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 380 657, müəllimlərin sayı 127 104, aktiv istifadəçi sayı 1 039 694, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 145 653 təşkil edib.
21/12/2020 11:50
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı