SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Dövlət Proqramı tələbələrimiz üçün çox böyük kömək və qayğıdır"
Avstraliyanın La Trobe Universitetində bakalavr təhsili alan Kənan İzzətlə söhbət
Kənan İzzət 1996-cı il aprelin 25-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakıdakı 160 nömrəli klassik gimnaziyanın I sinfinə gedib. Peşəkar şahmatçı, gənclər üzrə milli yığmamızın üzvü olaraq respublika, Avropa və dünya şahmat yarışlarında ölkəmizi təmsil edib. Müxtəlif səviyyəli yarışlara hazırlıqla əlaqədar VII sinifdən təhsilini 219 nömrəli evdə məktəbdə davam etdirib, 2013-cü ildə bu məktəbin məzunu olub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Melburn şəhərindəki La Trobe Universitetində nanotexnologiya ixtisası üzrə bakalavr təhsili alır. Bu günlərdə Kənan uzaq Avstraliyada daha bir uğura imza atıb. Adelaida şəhərində Avstraliyanın gənc şahmat ustaları arasında keçirilən (Australian Young Masters) yarışda ölkə üzrə I yeri tutub. İndi təhsil aldığı universitetdə hər kəs Kənandan, azərbaycanlı tələbənin uğurlarından bəhs edir. Yerli mətbuat isə uzaq Avstraliyada Azərbaycan bayrağını yüksəldən Kənanın öz rəqiblərinə qarşı yüksək texniki ustalıq nümayiş etdirməsindən yazır. Kənanla söhbətimizə orta məktəbdən, ilk təhsil illərindən, ilk uğurlardan başladıq.
- Uşaqlıqdan riyazi fənlərə daha çox üstünlük verirdim. IV sinifdə oxuyarkən Səbail rayonu üzrə keçirilən riyaziyyat fənn olimpiadasının qalibi oldum. Məktəb illərində daha çox şahmatla maraqlanırdım və buna görə də vaxtımın böyük hissəsi şahmat oyununa yönəlmişdi və bu da tezliklə öz bəhrəsini verdi. 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində keçirilən gənclər arasında Dünya çempionatında 1-ci yerə, 2011-ci ildə Bolqarıstanın Albena şəhərində keçirilən Avropa çempionatında 2-ci yerə, həmin ildə Polşanın Krakov şəhərində keçirilən Dünya çempionatında da 2-ci yerə layiq görüldüm. Beynəlxalq usta titulunun sahibiyəm.
- Bəs necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz?
- Xaricdə oxumaq məncə hər kəsin bir arzusudur. Səmimi desək, xaricdə təhsil almaq barədə qərarım, demək olar ki, bir ay içində tamamlandı. Artıq I ixtisas qrupu üzrə imtahanlara hazırlaşırdım və evdə qonaqlar olarkən sadəcə xaricdə oxumaqla bağlı söhbət açıldı və hamı məni dəstəklədi, uğur qazanacağımı, sadəcə çalışmaq lazım gəldiyini söylədilər. Valideynlərim də həmçinin mənə dəstək oldular və məni çalışmağa həvəsləndirdilər. Sözün düzü, Dövlət Proqramından keçmək şansımı az qiymətləndirirdim. Lakin prosesdə iştirak etməyə qərar verdim. Dediyim kimi, uşaqlıqdan riyazi fənlərə sevgim var idi, lakin ondan da böyük sevgim kainatın sirləri ilə bağlı idi. Uşaqlıq illərimdə həmişə xəyallar qururdum ki, kainatın sirlərini açıb digər intelligent varlıqlarla kontakt yaratmaq mümkün olacaq və beləcə də həyatımızı tamamilə dəyişdirən qlobal dönüşlər baş verəcək. Buna görə də internetdə kosmosla bağlı verilişlərə çox baxırdım və alimlər tərəfindən belə bir elmi fikir irəli sürülmüşdü ki, əgər molekulların fiziki və kimyəvi əlaqələri kiçicik miqyasda dərk edilsə, bu kəşf kainatın sirlərinin açılmasında irəliyə doğru böyük bir addım olacaq. Buna görə də nanotexnologiya fakültəsini seçdim, bildiyiniz kimi, "nano" çox kiçik deməkdir və ümid edirəm ki, mənim də kainatın sirlərinin açılmasında gələcəkdə hansısa köməyim olacaq.
- Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız?
- Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesini doğrudan da çox bəyəndim. İlk dəfə sənədləri təqdim etmək üçün Təhsil Nazirliyinə gedəndə uzun bir sıra gördüm, onlar da müsabiqədə iştirak edən tələbələr idi. Hər kəsin öz xüsusi təyin edilmiş vaxtı var idi və bu vaxt 15 dəqiqədən çox vaxt aparmır. Sıra mənə çatdıqda müsahibə kabinetinə daxil oldum və rəsmi surətdə qarşılandım. Çatışmayan sənədlərim haqqında məlumat aldım və onları necə əldə etməli olduğuma dair informasiya ilə təmin olundum. Sənədlərim qaydasına düşəndən sonra mənə müsahibə tarixi təyin olundu. Çox həyəcanlı idim, bu mərhələni keçəcəyimə inanmırdım. Müsahibəyə vaxtında gəldim və təyin olunmuş vaxtda məni müsabiqə otağına dəvət etmələri mənə çox xoş gəldi. Təhsil Nazirliyi nümayəndələrinin gülərüz davranışları nəticəsində özümü bir az rahat hiss etməyə başladım. Ən çox bəyəndiyim o oldu ki, suallar tamamilə təhsil aldığım fakültə, ölkə ilə əlaqədar idi və sərbəst bir şəkildə verilirdi. Demək istədiyim odur ki, verilən suallardan və alınan cavablardan tələbənin nə dərəcədə xaricdə oxumağa hazır olduğunu və yaxud biliklərinin buna uyğun olub-olmadığını asanlıqla müəyyən etmək olardı. Dövlət Proqramı həqiqətən də tələbələrimiz üçün çox böyük kömək və qayğıdır. Hər bir xırda detalın rəsmi olması, hər bir prosesin tələbələrə aydın başa salınması, məlumatların və seçim prosesinin vaxt amili ilə tam üst-üstə düşməsi və aşkarlığın təmin olunması bu işin professional şəkildə təşkilinə dəlalət edir.
- Tələbə həyatınız necə keçir?
- Tələbə həyatım çox maraqlı keçir, dərslər vaxtımın böyük hissəsini alsa da, dostlarıma və sevdiyim əyləncələrə vaxt tapa bilirəm. Belə ki, yaşadığım Melburn şəhəri Böyük Britaniyanın Quacquarelli Symonds (QS) kompaniyasının 2014-cü il versiyasına görə dünyanın ən yaxşı tələbə şəhəri statusunu daşıyır, ona görə də burada tələbələrin öz asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait mövcuddur. Şahmatçı olduğuma görə adətən şahmat yarışlarında iştirak edirəm, belə ki şahmat üzrə Viktoriya ştatının çempionatında qalib gəldim və burada keçirilən bir çox digər yarışların qalibi olmuşam.
Mənim üçün adaptasiya prosesi çox tez keçdi, yəqin ki, bundan əvvəl də yarışlarla əlaqədar çox ölkədə olduğum üçün müxtəlif iqlim və şəraitə tez öyrəşdim. Yaşadığım şəhər çox gözəldir, insanları doğrudan da diqqətcil və mehribandırlar, burada çox şən və azad mühit var. Yeganə bir mənfi cəhət varsa, o da qiymətlərin çox yüksək olmasıdır. Belə ki, müqayisə üçün, Bakıda aldığımız 20 qəpiklik su burada 3 dollara satılır.
- Seçdiyiniz ixtisas barədə nə deyə bilərsiniz?
- Oxuduğum ixtisas nə qədər təəccüblü olsa da burada o qədər də populyar deyil. Müqayisə edəndə fakültəmizdə ancaq 100-ə yaxın tələbə var. Halbuki o biri ixtisasların tədris olunduğu fakültələrdə minlərlə tələbə oxuyur. Buna baxmayaraq, bizə çox güclü mütəxəssislər dərs keçir, hər həftə Avstraliyanın müxtəlif güşələrindən alimlər dəvət olunur ki, nanotexnologiya elmləri haqqında 3 saatlıq seminar keçirilsin. Müəllimlər hər an tələbələrə kömək etməyə hazırdırlar. Yadımdadır, ilk tədris həftəsində bizə esse yazmaq tapşırılmışdı və deyilmişdi ki, internetdəki elmi materiallardan istifadə etmək qadağan deyil. Lakin informasiyanı oxuyub başa düşdüyün kimi yazmalısan, əks halda, plagiatçılıqda ittiham edilə və cəza ala bilərsən. Müəllimlərin bu xəbərdarlığından sonra mən indiyə kimi esse yazanda internet materiallarından minimum dərəcədə istifadə edirəm.
- Universitetdə tədris semestri necə təşkil olunur?
- Universitetimizdə təhsil 2 yarım semestrə bölünür, belə ki, hər yarım semestrin axırında imtahanlar keçirilir. Ancaq bu imtahanlar tədris olunan fənnin 15-20 faizini təşkil edir. Hər semestrin sonunda isə sessiya imtahanları keçirilir, onlar fənnin 60-70 faizini təşkil edir. Semestr boyu tələbələrə müxtəlif tapşırıqlar verilir ki, onlar da sonda imtahan nəticələrinə əlavə olunur. Ən böyük əziyyət verən laboratoriya dərsləridir. Həftədə 3 laboratoriya məşğələsi olur, onların da hər biri 3 saat davam edir. Çətinlik barədə danışmaq istəməzdim, lakin 3 saat belə, laboratoriya tapşırıqlarının başa çatdırılmasına kifayət etmir.
- Universitet barədə nə deyə bilərsiniz?
- Əsası 1964-cü ildə qoyulmuş La Trobe Universiteti xüsusilə də elm, texnologiya və mühəndislik sahəsində beynəlxalq nüfuza malikdir.
Universitetimizdə, Melburn şəhərinin özündə olduğu kimi, müxtəlif ölkələrdən tələbələr çoxdur. Asiya ölkələrindən tələbələr böyük çoxluq təşkil edir. Tələbələrin bir- birinə münasibəti çox mehribandır, hətta bu dərəcədə gözləməzdim. Belə ki, universitetdə çoxlu tanışlarım və hətta bir neçə yaxşı dostlarım var.
Oxuduğum ixtisas dünya miqyasında da yeni bir profildir. Bu sahə bütün dünya ölkələrindən olan tədqiqatçıların diqqətindədir. Universitetdə oxuduğum təhsil dövründə nanotexnologiya elmində ciddi irəliləyişlər və kəşflər baş verib. Belə ki, artıq xərçəng hüceyrələrinin nanotexnoloji liflərlə (fibre) aşkar olunması üsulu üzərində işlər aparılır. Düşünürəm ki, xaricdə təhsil almaq indi hər bir tələbənin prioritetidir, ancaq bu, sadəcə xaricdə təhsil almaq xatirinə olmamalıdır, gələcək planlar, perspektivlər, aldığın təhsilin nəyə yönəldiləcəyinə və s. amillər təhlil edilməlidir.
- Avstraliyada təhsilə münasibət necədir?
- Azərbaycandan çox uzaqda yerləşməsinə baxmayaraq, Avstraliya mədəniyyətinə və təhsil ənənələrinə görə demək olar ki, Avropa ölkəsi kimidir. İnsanlar sadə, azad, sosiallaşmağı sevən bir millətdir. Təhsilə böyük dəyər verilir, ancaq universitetdə 30-40 yaşlı bir tələbənin səninlə bir yerdə eyni dərsi öyrənməyini görəndə, yəqin edirsən ki, burada oxumağa hər yaş dövründə ciddi əhəmiyyət verilir.
- Azərbaycanı uzaq ölkədə təbliğ edə bilirsinizmi?
- Melburnda hardasa 15-20 azərbaycanlı tələbəmiz təhsil alır. Bir-birimizlə sıx əlaqə saxlayır, boş vaxtımız olan kimi görüşürük. Azərbaycanı çalışdığım qədər yüksək səviyyədə təmsil edirəm. Belə ki, iştirak etdiyim yarışlarda 20-yə kimi insan mənə yaxınlaşıb məndən Azərbaycan haqqında məlumat alırdılar. Burada ölkəmizə marağın yüksək olduğunu qeyd edə bilərəm. Bir şeyi də deyə bilərəm ki, Melburnun şahmat dünyasında ölkəmizin adını soruşsanız, 100 faiz tanıyacaqlar.
- Gələcək planlarınız...
- Gələcək planlar yenicə bitirdiyim sessiyanın nəticələrindən asılıdır. Yaxşı qiymətlər almağı düşünürəm. Təhsilimin II ilindən fakültəmizdə bölgü baş verəcək. Bionanotexnoloji, kimyəvi-nanotexnoloji və fiziki-nanotexnoloji elmlərdən birini seçməliyəm. Fiziki-nanotexnoloji elmlərə daha çox üstünlük verirəm. Ancaq hələ qəti qərar verməmişəm. Bunu gələn il daha dərindən təhlil edib, gələcək perspektivləri və hansı sahələrə daha böyük tələbat olduğunu nəzərə alıb qərar verəcəyəm.
"Azərbaycan müəllimi" qəzeti
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl