SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 12-də «Neftqazelmitədqiqatlayihə» İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan gənclər və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində cari ildə təhsilə başlayacaq tələbələrlə görüş keçirilib.
Tədbiri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev açaraq iştirakçıları salamlayıb və belə görüşlərinin ənənəyə çevrildiyini bildirib. Ölkəmizdə gənclərə, onların inkişafına xüsusi diqqət və qayğı göstərildiyini söyləyən şirkət rəhbəri dövlət siyasətində gənclərlə işin prioritet istiqamətlərdən biri olduğunu, gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarının əhəmiyyətini nəzərə çatdırıb.
R.Abdullayev ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən gənclər arasında bu il də çox ciddi seçim aparıldığını vurğulayıb. Qalibləri təbrik edən ARDNŞ-nin prezidenti onlara uğurlar arzulayıb.
Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin uğurlarından danışan R.Abdullayev qazanılmış nailiyyətlərdə Dövlət Neft Şirkətinin böyük rolu olduğunu vurğulayıb. Şirkət rəhbəri qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında yüksək səviyyəli kadrların hazırlanması istiqamətində ARDNŞ bir sıra layihələr həyata keçirir. Bu istiqamətdə aparılan işlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkən Rövnəq Abdullayev ötən əsrin 70-ci illərindən etibarən Azərbaycandan istedadlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildiyini bildirib.
ARDNŞ-nin respublikamızda və xarici ölkələrdə həyata keçirdiyi iri layihələrdən söz açan R.Abdullayev günbəgün yüksək ixtisaslı mütəxəssislərə daha çox ehtiyac duyulduğunu qeyd edib. Şirkət rəhbəri son illər reallaşdırdıqları Təqaüd Proqramları barədə məlumat verib, ARDNŞ-nin orta məktəblərlə sıx əlaqə saxladığını, keçirilən bir sıra tədbirlərə, fənn olimpiadalarına maliyyə dəstəyi göstərdiyini, 2007-ci ildən bəri ölkəmizdə təşkil edilən İNEPO Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının sponsoru olduğunu nəzərə çatdırıb.
ARDNŞ-nin nəzdində Peşə Texniki Təlim Mərkəzinin yaradılması, ölkəmizin ali məktəblərinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulan Daxili Təqaüd Proqramı, Xaricdə Təhsil üzrə Təqaüd Proqramı haqda fikirlərini bildirən Rövnəq Abdullayev hazırda şirkətin gənc kadrları sırasında ABŞ, Fransa, Böyük Britaniya, Türkiyə, Almaniya, Norveç, Rusiya və digər ölkələrin nüfuzlu ali məktəblərinin məzunlarının uğurla çalışdıqlarını söyləyib. Tələbələrin təhsil aldıqları müddətdə istehsalatla yaxından tanış olmaları, əmək vərdişlərinə yiyələnmələri üçün 2010-cu ildən etibarən ARDNŞ-də ödənişli Yay Təcrübəsi Proqramının təşkil olunduğuna diqqət çəkən R.Abdullayev bu tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Sonra təhsil naziri Misir Mərdanov çıxış edərək ARDNŞ-nin təqaüdçüsü olmuş gəncləri və bu il «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələri təbrik edib. Tədbiri yüksək qiymətləndirən nazir yaşlı, orta və gənc nəslin nümayəndələrinin bir araya gəlməsinin faydalı olduğunu qeyd edib, təşkilatçılara, xüsusilə ARDNŞ prezidenti Rövnəq Abdullayevə təşəkkürünü bildirib. Nazir respublikamızda gənclərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib, bu istiqamətdə ölkə Prezidentinin və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin uğurlarından söz açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük vüsətlə həyata keçirilən quruculuq işlərinin 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi»nin nəticəsi olduğunu, həyatımızın bütün sahələrində gedən güclü inkişafda neft amilinin böyük rol oynadığını vurğulayan təhsil naziri son illər Azərbaycanda neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini bildirib.
Azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsinin tarixinə qısa nəzər salan nazir ilk dəfə 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə 100 nəfərin xarici ölkələrin ali məktəblərinə göndərildiyini diqqətə çatdırıb. Bu işin ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xüsusilə geniş vüsət aldığını xatırladan Misir Mərdanov respublikamızdan kənarda ali təhsil almağa göndərilən gənclərin sayının ildə 45 nəfərdən 1500 nəfərə çatdırıldığını söyləyib. Nazir bildirib ki, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın reallaşdırılması sayəsində bu işin səmərəliliyi artırılıb, proqram çərçivəsində 800-dən artıq gənc xarici ölkələrin ən nüfuzlu universitetlərinə göndərilib. Onların bir qisminin artıq təhsillərini uğurla başa vuraraq vətənə döndüyünü söyləyən təhsil naziri deyib ki, bu il 250 gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub.
Misir Mərdanov çıxışının sonunda gənclərə öz tövsiyələrini verərək onları xaricdə ölkəmizi ləyaqətlə təmsil etməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəallıq göstərməyə, yaşadıqları yerlərdə, oxuduqları təhsil müəssisələrində Azərbaycanın səfiri missiyasını yerinə yetirməyə səsləyib.
Tədbirdə söz alan tələbələr onlara göstərilən qayğıya, potensiallarını üzə çıxarmaq üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib və göstərilən etimadı doğrultmağa çalışacaqlarına söz veriblər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və onların irəli sürdükləri təkliflər müzakirə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl