SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bu günə qədər 20 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak edib.
Bu treninqlər “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı Proqramı (2005-2007)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır.
Təlimlər dünyada qəbul olunmuş metodlar əsasında yaradılmış Skulz Onlayn- “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” və İntel - “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir. Təlimlərin əsas məqsədi müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməklə XXI əsrin təhsil metodlarına yiyələnməsinə və bu metodların tədrisdə tətbiqinə nail olmaqdan ibarətdir.
Təlimlərin ilkin mərhələsində ABŞ-dan və digər ölkələrdən müvafiq təlim vəsaitlərinin yaradıcıları ölkəmizə dəvət olunub. Onlar tərəfindən təlimlərin keçirilməsi üçün təlimçi heyət hazırlanıb. Hazırda ölkə üzrə 150-yə yaxın təlimçi fəaliyyət göstərir.
Dövlət büdcəsi hesabına keçirilən treninqlərin digər əsas məqsədi gündəlik pedaqoji fəaliyyət çərçivəsində kompüterdən, proqram təminatından və müvafiq avadanlıqlardan istifadə etməklə tədrisin daha effektiv təşkilinə nail olmaqdır. Treninqlərin effektivliyinin qiymətləndirilməsi beynəlxalq səviyyədə də öz əksini tapıb. Belə ki, 2009-cu ilin martında Vyanada keçirilən İnnovativ müəllimlərin Avropa Forumunda ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin işləri 60 layihə arasında ilk onluğa daxil olub. Onların təqdim etdiyi layihələr Xorvatiya və Bolqarıstan nümayəndə heyətləri tərəfindən xüsusi maraqla qarşılanıb. Müvafiq razılığa əsasən 2009-2010-cu tədris ilində Azərbaycan müəllimlərinin layihələri həmin ölkələrin ümumtəhsil məktəblərində istifadə olunacaqdır.
Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron məktəb” pilot layihəsində iştirak edən 20 məktəbin müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha dərin biliklərə yiyələnirlər. “Elektron məktəb” konsepsiyası əsasında həmin məktəblərdə əlavə olaraq təhsil portalının ayrılmaz bir hissəsi olan elektron cədvəl, elektron qiymət jurnalı və digər elektron resurslar geniş tətbiq ediləcəkdir. Treninqlər bütün bu resurslarla işləmək üçün praktik bacarıqların aşılanmasına yönəlib. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də təhsil portalının resurslarından istifadə edəcək və həmin tədris ocaqlarının müəllimləri xüsusi treninqlərə cəlb olunacaqdır.
Ümumiyyətlə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əsas məqsədi təhsil sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər yaratmaq və müəllim kollektivlərinə həmin alətlərdən gündəlik tədrisdə istifadə üçün biliklər verməkdir. Məlumdur ki, müasir dövrdə yalnız informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacaran müəllimlər vasitəsilə təhsil sahəsində inkişafa müvəffəq olmaq mümkündür. Bunun üçün müəllimlər treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi vərdişlərinə dərindən yiyələnməlidirlər.
Treninqlərdən keçmiş bütün müəllimlər İKT-dən istifadə bacarıqlarını eyni səviyyədə mənimsəmirlər. Treninqlərdən keçən müəllimlər həm elektron tədris resurslarını hazırlaya bilməli, həm də şagirdlərə informasiya texnologiyalarının yeni imkanlarından istifadə etməyi öyrətməlidirlər. Treninqlərdən sonra təşkil olunan sınaqlar orta hesabla “normadan yuxarı” bir səviyyəni göstərsə də, yaşlı müəllimlərin bir hissəsi İKT-nin tətbiqi üzrə biliklərə yiyələnməkdə çətinlik çəkirlər. Praktika göstərir ki, cavan müəllimlər yeni bilikləri daha effektiv əxz edirlər. Lakin təqdirəlayiq haldır ki, yaşlı nəslin nümayəndələri də İKT bilikləri sahəsindəki boşluğu doldurmağa səy göstərirlər. Çünki müasir təhsil sistemi müəllimlərdən İKT sahəsində yüksək bilik səviyyəsi tələb edir və sözsüz ki, tədricən bütün müəllimlər həmin tələblərə cavab verməlidirlər.
Dövlət Proqramına müvafiq olaraq müəllimlərin təlimi prosesinə məktəb direktorlarının da cəlb edilməsi çox mühüm amildir. Yeniliklərə daha həssas yanaşan məktəb direktorları məktəbin bütün müəllim heyətinin müvafiq treninqlərə cəlb olunması üçün müraciət edirlər. Lakin bəzi hallarda direktorlar bu məsələyə etinasız yanaşırlar. Odur ki, Təhsil Nazirliyi müəllimlər üçün treninqlərlə yanaşı, məktəb direktorları və rayon təhsil şöbələrinin əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi treninqlərin keçirilməsinə başlayıb. Treninqin iştirakçılarına təhsildə informasiya texnologiyalarının imkanları haqqında ümumi məlumat verilir, tədris prosesində İKT-nin tətbiqinin üstün cəhətləri izah olunur. Təcrübə göstərir ki, bir məktəbdə 2-3 müəllim tədrisdə informasiya texnologiyalarının tətbiqinə başlayırsa, həmin təhsil ocağının digər müəllimləri də müvafiq bilikləri əldə etməyə çalışırlar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl