• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar

Aprelin 5-də “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib. 

 

Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.

 

  Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir.  2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinin tədqiqi və təbliği işinə yeni təkan verəcək, yubiley tədbirləri istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda ən yüksək səviyyədə qeyd olunacaq, “Nizami Gəncəvi İli” Nizami əsərlərinin tədqiqi və təbliğinə öz parlaq töhfələrini verəcək, bütün dünyada sözün və idrakın bayramına çevriləcək.

 

Vebinarda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi qədim mədəniyyətimizin incilərinə, onların qorunub saxlanmasına, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə dövlətimizin və dövlət başçısının münasibətinin təzahürüdür. Nazir müavini qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin ən mühüm nüsxələri bu gün dünyanın müxtəlif kitabxanalarında və əlyazma saxlanclarında mühafizə olunur. Bu, Nizami irsinin mütaliə dairəsinin bariz göstəricisidir. Böyük şairin yaradıcılıq nümunələri dünyanın ən parlaq zəka sahibləri tərəfindən öyrənilib və hazırda da öyrənilməkdədir. Şairin əsərləri dünyanın müxtəlif ölkələrində fərqli dillərə tərcümə olunaraq nəşr olunub. Bununla yanaşı, onun ədəbi irsi həm də qədim tarixə, mükəmməl ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olub, xalqımızın fəxri, milli iftixarı, bütün türk dünyasının qürur mənbəyidir.   

 

Nazir müavini diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycanın ümumtəhsil məktəblərində Nizami irsi layiqincə tədris edilir və hər yeni gün onu müasir gənclərimizə daha da yaxın etmək imkanları barədə düşünülür, Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir. 

 

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva,  İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Əkmələddin İhsanoğlu, ISESCO-nun sabiq baş direktoru  Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov da çıxış edərək vebinar çərçivəsində müzakirə edilən önəmli məsələlərin, səsləndirilən fikirlərin tədbirin işinə töhfəsini verəcəyini qeyd ediblər.

 

Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşər dünyasının mədəni sərvətidir” mövzusunda geniş məruzəsi dinlənilib.


3 il əvvəl