SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Təhsil Şurasının sədri: “Gələcək fənn olimpiadalarında iştirakçıların və qaliblərin sayı artacaq”
Azərbaycanda yeni qaydalar əsasında keçirilən respublika fənn olimpiadaları təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
APA-nın xəbərinə görə, təhsil ekspertləri, təhsil şöbələrinin nümayəndələri, şagirdlər, müəllimlər respublika fənn olimpiadaları ilə bağlı fikirlərini bölüşüblər.
Təhsil eksperti Elmina Kazımzadə Respublika Fənn Olimpiadasının məktəblilər üçün çox gözəl bir bayram olduğunu bildirib. Onun fikrincə, olimpiada məktəblilərin gələcək karyeralarının müəyyən olunmasında, məktəblərin tərəfdaş təşkilatlarla əlaqələrinin qurulmasında müsbət rol oynacaq.
Təhsil eksperti Əjdər Ağayev isə bildirib ki, bu fənn olimpiadalarının əhəmiyyəti böyükdür: “Təhsil sahəsində görülən işlərin nəticəsi meydana çıxır, uşaqlar arasında rəqabət yaradılır. Bu da onları həvəsləndirir. Konkret olaraq, bu dəfə olimpiada həm təşkilati, həm məzmun baxımından, ideya və mədəni - mənəvi cəhətdən yüksək səviyyədə keçirilib. Düşünürəm ki, gələcək fənn olimpiadalarında iştirakçıların və qaliblərin sayı artacaq”.
Respublika fənn olimpiadasına marağın həddindən artıq böyük olduğunu deyən təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, 240 nəfər qalibin mükafatlandırılması olimpiadaya olan marağın artmasının göstəricisidir.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə bunları deyib: “Biz artıq neçənci dəfədir ki, Təhsil Nazirliyinin pozitiv yeniliyə imza atmasının şahidi oluruq. İstənilən olimpiada təhsilin inkişafının göstəricisidir. İlkin mərhələdə 22 000 şagirdin iştirakı həm də onu göstərir ki, təhsilimizin miqyas üzrə inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub”.
Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 9-cu sinif şagirdi Zəka Cəfərli tarix fənni üzrə olimpiadada iştirak etdiyini deyib: “Rayon turunda 82, zona turunda 92 bal toplayaraq, respublika turuna vəsiqə qazanmışam. Olimpiada çox şəffaf keçirildi. Respublika turunda 23 bal topladım və bürünc medala layiq görüldüm. Bizim üçün yaradılan şəraitə, ayrılan diqqətə görə öz təşəkkürümüzü bildirdik və söz verdik ki, uğurlarımız davamlı olacaq”.
Quba Rayon Təhsil Şöbəsinin nümayəndəsi Ağababa Atakişiyev də respublika fənn olimpiadalarının şəffaf və obyektiv keçirildiyini qeyd edib. Onun sözlərinə görə, qızıl medal almış İsmət Ağayev isə "Ən yaxşıların yaxşısı" seçilib.
Biləsuvar Rayon Təhsil Şöbəsi metod kabinetinin müdiri Kərəmət Sadatov bildirib ki, Respublika fənn olimpiadalarının bir şagirdi kimya fənni üzrə II yer tutaraq, gümüş medala layiq görülüb. 3 şagird fizika, tarix, coğrafiya fənləri üzrə III yeri tutaraq, bürünc medala layiq görülüb. Təhsil Nazirliyinin nümayəndələrinin peşəkarlığı sayəsində fənn olimpiadalarının bütün mərhələləri obyektiv və aşkarlıq şəraitində təşkil edilib.
Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin şagirdi Sergey Styopin olimpiadanın səviyyəsinin çox yüksək olduğunu qeyd edib: “Qızıl medal qazandığıma və “Birincilərin birincisi” olduğuma görə, cox sevindim. Olimpiadanın təşkilat komitəsinə, oxuduğum liseyin bütün müəllim kollektivinə, təhsil naziri Mikayıl Cabbarova öz minnətdarlığımı bildirirəm. Bu il ölkəmizdə keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında da yüksək nəticə əldə edəcəyimə inanıram”.
Neftçala rayonu Xıllı qəsəbəsinin Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbinin fizika müəllimi Seyran Səfərov bildirib ki, 16 il olimpiadanın bütün mərhələlərində iştirak edib: “Lakin olimpiadanın builki təşkili əvvəlki illərdən çox fərqlənirdi. Əvvəla olimpiadaya hazırlıq təşkilati baxımdan çox ciddi idi. Sevindirici haldır ki, olimpiadanın gedişindəki şəffaflıq, şagirdlərin təminatı yüksək səviyyədə idi”.
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə münsiflər heyətinin sədri İslam Hüseynov isə qeyd edib ki, bu il olimpiadanın yeni formatda keçirilməsi, gözlənildiyi kimi, ictimaiyyət, təhsil işçiləri və şagirdlər tərəfindən müsbət qarşılanıb: “Həqiqətən də olimpiada yüksək səviyyədə təşkil olunub. Şagirdlər tam obyektiv və şəffaf bir mühitdə öz biliklərini nümayiş etdirmək imkanı əldə ediblər. Münsiflər heyətinin işinə hər hansı səviyyədə təsir göstərilməyib. Şagirdlərin apellyasiya müraciətlərinə də şəraitin yaradılması müsbət bir dəyişiklik kimi yadda qalıb. Olimpiada iştirakçılarının rahatlığının təminatı və asudə vaxtlarının səmərəli keçməsi üçün görülmüş işlər də təqdirəlayiqdir. Bütün bunlar Azərbaycan məktəblisinə özünəinam hissini, obyektiv rəqabət mühitində yarışmaq və qalibiyyət əzmini aşılayır”.
Qeyd edək ki, Respublika fənn olimpiadasının media dəstəkçisi APA Holdinqdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl