SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən və mükafatlandırılan gənclərdən biri də Xədicə Novruzovadır.
Xədicə Novruzova 1995-ci ildə Bakıda doğulub, 219 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin II kursunda təhsil alır.
- Prezident mükafatına layiq görüldüyünüzü eşidəndə hansı hissləri keçirdiniz?
- Əvvəla bu mükafata layiq görüldüyüm üçün hörmətli Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirəm. Bu xəbəri ilk olaraq anamdan eşitdim, o, sevindiyindən ağlayaraq məni qucaqladı, öpdü. Özümü yuxuda hiss edirdim, bunun gerçək olduğuna inana bilmirdim. Biz bir yerdə saytlarda sərəncamla tanış olduqdan sonra özümə gəldim. Dostlar, qohumlar, tanışlar mənə zəng vuraraq təbrik edirdi. Bu mükafat mənə daha yaxşı çalışmağa və ölkəmizə layiqli gənc kimi yetişməyə böyük stimul oldu.
- Mükafatlandırılma mərasimi necə xatirinizdə qaldı?
- Mərasim çox gözəl və möhtəşəm təşkil olunmuşdu. O anları yaşamaq lazımdı, hisslərin sözlə ifadəsi mümkün deyil. Siz inana bilməzsiniz ki, mən 15 il çalışdığım teatr səhnəsindən daha çox “Buta Palace”ın səhnəsində həyəcan keçirdim. Mükafatı və diplomu əlimə alana qədər inana bilmirdim.
-Mükafat demişkən, sizə mükafat olaraq verilən pulu nəyə xərcləmək fikrindəsiniz?
-Bu, mənim üçün o qədər ani oldu ki, heç düşünməyə vaxtım olmayıb. Çox güman ki, gələcək təhsilim və işim üzrə planlaşdıracam. Təbii ki, ailəmlə məsləhətləşdikdən sonra.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə təhsil alırsınız. Aktyorluq özünüzün seçimidir, yoxsa belə alınıb?
-Mənim ailəm incəsənət sahəsində çalışan insanlardı. Babam aktyor və rejissor, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovdur. Məni həmişə onun davamçısı adlandırırlar. Anam teatrşünasdır, atam da aktyorluq üzrə təhsil alıb. Hətta qardaşım turizm üzrə ixtisaslaşsa da, incəsənətlə maraqlanan insandır.
-Deməli, uşaq yaşlarınızdan teatr, səhnə sizə tanışdı. Bəs bir aktrisa olaraq səhnə ilə tanışlığınız nə vaxt yaranıb?
-Səhnə ilə tanışlığım 15 il bundan əvvələ gedib çıxır. İlk dəfə Akademik Milli Dram Teatrında Elçinin əsəri əsasında Azərpaşa Nemətovun səhnələşdirdiyi “Mənim ərim dəlidir” tamaşasında səhnəyə çıxmışam və orada 5 yaşlı qonşu qızı rolunu oynamışam. Səhnəyə sevgim indi də ilk gündə olduğu kimidir, teatra marağım illər ötdükcə daha da artır. Səhnə, auditoriya elə bir yerdir ki, orda olanda sanki səmadasan və yerlə-göyün arasında sənin üçün ayrılmış xüsusi bir fəza var, ora düşürsən. Mən səhnə ilə yaşayıram.
-Səhnəyə, teatra bu qədər bağlı olmağınız təhsilinizə mane olmur ki?
-Tələbə olmaq çox maraqlıdı. Bizim universitetdə dərsin keyfiyyəti, tələbələrə münasibət çox yaxşıdı. Yaxşı tələbə olmaq yaxşı oxumaq deməkdi. Nə qədər oxusan, dünya, yaxud yerli ədəbiyyatla nə qədər çox tanış olsan, bir o qədər savadlı olarsan. Hər kəsin səhnədə heyranlıqla izlədiyi aktyorlar bizim universitet müəllimlərimizdi. Savadlı aktyor olmaq irəli getmək üçün yeganə yoldu. Kino, film çəkilişləri bəzən 5-10, hətta daha çox dublla çəkilir, ancaq teatrda aktyorun belə imkanı yoxdu. Səhnə səhvi bağışlamır. Teatr aktyoru əhatəli, məlumatlı olmalıdır. O, oynadığı obrazı tanımalıdır. Əgər bu tarixi bir obrazdırsa, bu zaman ikiqat məsuliyyət daşıyırsan, həm tarixi bilməlisən, həm də rejissorun istədiyi duyğuları çatdırmalısan.
-Oynadığınız hansı tamaşalar sizin hafizənizdə dərin iz buraxıb?
–25-26 fevral tarixlərində Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası səhnəyə qoyulacaq, biz o tamaşa ilə dünyanın bir çox teatrlarında çıxış eləmişik və hətta Çexov teatr festivalında “Ən yaxşı aktyor oyununa görə” mükafatı almışıq. Serbiyada, Belarusda, Gürcüstanda, Maltada və bir çox başqa ölkələrdə də çıxışlarımız olub. Çıxış etdiyim tamaşalardan “Kabuslar”, “Brüsselden məktublar”, “Müsyö Jordan”, “Poçt şöbəsində xəyal”, “Qaraca qız”, “Mənim ərim dəlidir”, “Xəcalət” və s. yaddaşımda qalıb. Yerli aktyorların çoxuyla uzun illər birgə çalışmışıq və mən özümü onların tələbəsi kimi hiss eləmişəm. Korifeylərlə də eyni səhnəni bölüşdüyüm tamaşalar olub.
-Gənclərin teatra münasibəti sizi qane edirmi?
-Azərbaycanda kifayət qədər teatr sevənlər var. Paytaxtda səhnələşdirdiyimiz tamaşalar auditoriyanı cəlb edə bilir, anşlaqla keçən hər çıxışa görə biz öz tamaşaçılarımızdan razı qalırıq. Hətta bölgələrə qastrol səfərlərinə gedəndə hər tamaşa anşlaqla keçir, tamaşaçıların əksəriyyəti gənclər olur, teatrda hər yer dolu olur və alqışlar, təriflər dayanmır. Bu bizi inanılmaz dərəcədə sevindirir.
-Sonda ürək sözlərinizi eşitmək istərdik.
-Mən Gənclər Günü münasibəti ilə gəncləri təbrik edirəm, hər kəsə uğurlar arzulayıram. Biz gəncləri diqqətdə saxladığına görə Prezidentimiz başda olmaqla bütün dövlət qurumlarına minnətdarlığımı bildirirəm.
Sonda hər kəsi tamaşalarımıza baxmağa dəvət edirəm. Teatr dünyası çox dərindi və maraqlı tamaşalarımız da çox olur, gəlin izləyin, qiymət verin. Biz sizin üçün çalışırıq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl