SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir. |
Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası
1. ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.29-cu maddəsinə və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.
1.2. Bu Qayda təşkilati-hüquqi formasından asılı olmayaraq, aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:
1.2.1. ümumi təhsil müəssisələrində tətbiq olunan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;
1.2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.
1.3. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) məqsədi ilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir.
2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.
2.3. Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.
3. Formativ qiymətləndirmə
3.1. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.
3.2. Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.
3.3. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.
3.4. Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.
4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.
4.2. Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:
4.2.1. hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;
4.2.2. hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.
4.3. Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
4.4. I sinifdə summativ qiymətləndirmə aparılmır.
4.5. Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.
4.6. Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.
4.7. Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:
4.7.1. ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;
4.7.2. ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
4.7.3. lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;
4.7.4. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
4.7.5. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;
4.7.6. lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.
4.8. Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
4.9. Pedaqoji şuranın qərarı ilə 4.7.3-cü, 4.7.5-ci, 4.7.6-cı yarımbəndlərdə və 4.8-ci bənddə müəyyənləşdirilməsi nəzərdə tutulmuş fənlərin seçimi tədrisin keyfiyyətinə nəzarət etmək məqsədi daşıyır. Pedaqoji Şuranın müvafiq qərarı dərs ilinin əvvəlində qəbul edilir və təhsilalanlara elan edilir.
4.10. Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.
4.11. II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.
4.12. Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq ºkala ilə ölçülür.
4.13. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.
4.14. Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.
4.15. Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.
4.16. Üzrsüz səbəbdən I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.
4.17. Təhsilalan I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur.
4.18. Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma) hazırlanır.
4.19. Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.
4.20. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.
5. Yarımillik və illik qiymətlərin hesablanması
5.1. Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
5.2. Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:
Y= (ksq1 + ksq2+…+ ksqn ) / n
Y- təhsilalanın yarımillik üzrə balını;
ksq1, ksq2,...ksqn - hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;
n – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.
5.3. Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:
Y= |
ksq1 + ksq2+…+ ksqn |
. |
40 |
+ BSQ |
. |
60 |
n |
100 |
100 |
BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.
5.4. Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
5.5. İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
6. Qiymətləndirmənin nəticələrinə yenidən baxılması
6.1. Summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar (onların valideynləri və ya digər qanuni nümayəndələri) qiymətin bu Qaydanın 4.20-ci və 5.4-cü bəndlərində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər.
6.2. Təhsilalanın (onun valideyninin və ya digər qanuni nümayəndəsinin) şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:
6.2.1. qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılır və nəticələrə dəyişiklik edilir;
6.2.2. qiymətləndirmənin nəticələri ləğv edilir və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil edilir.
6.3. Təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada aparılır.
6.4. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndərilir.
6.5. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan təhsilalanların (onların valideynləri və ya digər qanuni nümayəndələri) müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır. Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, bu Qaydanın 6.2.1-ci və ya 6.2.2-ci yarımbəndlərində göstərilən tədbirlərin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq verilir. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndərilir.