SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ali və orta ixtisas təhsili müəssisələrində 2010/2011-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikasının təhsil nazirinin əmri
Ali və orta ixtisas təhsili müəssisələrində 2010/2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyində «Qaynar xətt» xidmətinin fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel: 496-34-82, faks: 496-37-61, e-mail: qaynar-xett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
- 2010/2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar;
- qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt» xidmətinə operativ məlumat verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;
- imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:
- Təhsil Nazirliyinin əməkdaşlarının, Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər;
- ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğularını təşkil etsinlər;
- yay imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
- sessiyanın nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
5. Əmr «Azərbaycan müəllimi» qəzetində və nazirliyin İnternet saytında dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Ali və orta ixtisas təhsili şöbəsinin 2011-cu il üçün iş planı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 dekabr 2007-ci il, 1225 saylı əmri ilə təsdiq olunmuş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007-2011-ci illər).
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
19 may 2011-ci il
№ 856