SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn kurikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü, inkişafetdirici xarakter daşımaqla şagirdlərdə həyati bacarıqların (kompetensiyaların) formalaşmasına xidmət edir.
Təhsil Nazirliyi məzmun islahatları istiqamətində bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirir. Belə layihələrdən biri də Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən həyata keçirilən "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsidir. Dünya təcrübəsində geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı ilin yanvarından başlanmışdır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində "Həyati bacarıqlara əsaslanan təhsil" üzrə fakültativ kursun tədrisi nəzərdə tutulmuşdur.
Məzmununa görə inteqrativ olan bu kursun məqsədi şagirdlərə sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması, bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv davranış strategiyalarının formalaşdırılmasıdır.
Kursun məzmununa sağlamlığın qorunması
ilə yanaşı, insan hüquqları, vətəndaşlıq və digər qlobal sosial problemlər də daxil edilmişdir. Kursun tədrisində təlimin fəal/interaktiv üsullarından istifadə edilməklə şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və vərdişləri həyatda tətbiq edə bilmələri əsas məqsəd kimi müəyyənləşdirilmişdir.
Layihə çərçivəsində Təhsil Nazirliyində qabaqcıl müəllimlərdən, metodistlərdən, alimlərdən ibarət işçi qrupu yaradılmış və həmin işçi qrupu tərəfindən "Həyati bacarıqlara əsaslanan təhsil üzrə Milli Konsepsiya" (Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli, 366 nömrəli əmri ilə təsdiq edilmişdir), I-IV, V-IX və X-XI siniflər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun proqramları hazırlanmış (Təhsil Nazirliyinin 17.07.2006-cı il tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir), ibtidai, əsas və orta təhsil pillələri üzrə müəllimlər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaiti hazırlanmışdır. Tədris vəsaitində hər bir mövzunun məqsədi, təlim üsulları, qiymətləndirmə mexanizmi və təlim materialının məzmunu barədə məlumatlar öz əksini tapmışdır.
Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "təlimçilərin təlimi" üzrə treninqlər keçirilmiş, sonrakı mərhələdə isə respublikanın 1987 məktəbində "Həyati bacarıqlara əsaslanan təhsil" kursunu tədris edəcək 5142 nəfər müəllim treninqdən keçirilib, il ərzində treninqlərin keçirilməsi davam etdiriləcəkdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2010-2011-ci tədris ilindən respublikanın ümumtəhsil məktəblərinin I-XI siniflərində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisinə həftədə 1 saat ayrılmaqla davam etdirilsin.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə:
2.1. Tədris planında fakültativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlar hesabına "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisini təşkil etsinlər və dərs ilinin sonunda Təhsil Nazirliyinə yazılı hesabat təqdim etsinlər.
2.2. Fakültativ, fərdi və qrup məşğələləri üçün nəzərdə tutulmuş saatlardan kursun tədrisinə ayrılması mümkün olmayan hallarda dərnək məşğələlərində, həmçinin fənlər üzrə müvafiq mövzuların tədrisində nəzərdə tutulmuş vəsaitdən istifadə olunmasını təmin etsinlər.
2.3. Kursun müvafiq treninqdən keçmiş müəllimlər tərəfindən tədris edilməsini nəzərdə tutsunlar.
3. Layihənin milli əlaqələndiricisi (F.Qədirov) "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun ümumtəhsil məktəblərində tədrisi və nəticələr barədə tədris ilinin sonunda hesabat təqdim etsin və müvafiq təkliflər hazırlasın.
4. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini təmin etsin.
5. Təhsil Nazirliyinin Ümumi şöbəsi (A.Nəbiyev) əmrin çoxaldılaraq bütün rayon (şəhər) təhsil şöbələrinə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 avqust 2010-cu il
Azərbaycan Respublikasının təhsil naziri
10 avqust 2010-cu il