SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
«Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında” kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəolunma sisteminin yenidən qurulmasını, onun cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir. Bu gün həmin istiqamətdə görülən işlər, ilk növbədə, təhsilin idarə olunması sistemində dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya qoyur.
Azərbaycan məktəbinin dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin yalnız yaddaşa deyil, düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi onun yeni təhsil texnologiyaları əsasında qurulmasını və inkişaf etdirilməsini, mövcud metodik sistemin təşkilati struktur baxımından yeniləşdirilməsinə, onun məzmununun təkmilləşdirilməsinə ehtiyac olduğunu aydın şəkildə göstərir. Bu zərurət hazırda ölkəmizdə ümumi təhsil sahəsində köklü islahatların aparılması, metodik işin məzmunu və formalarının təkmilləşdirilməsi, rayon (şəhər) təhsil şöbəsi (idarəsi) metodik kabinetlərinin (metodik mərkəzin) fəaliyyətinin daha səmərəli təşkili, burada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və metodik xidmət sahəsində bacarıqlarının artırılması, metodik xidmətin təşkilində müasir texnologiya və mexanizmlərin tətbiq edilməsi, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqindən irəli gəlir.
Son illərdə Respublikanın ümumtəhsil müəssisələrinə göstərilən metodik xidmətin təşkili vəziyyətinin təhlili və bu sahədə aparılan işlərlə bağlı Təhsil Nazirliyinə daxil olan məlumatların araşdırılması göstərmişdir ki, islahatların həyata keçirildiyi hazırkı şəraitdə yerli təhsili idarəetmə orqanlarının metodik kabinetlərinin fəaliyyətində hələ də bir sıra nöqsanlar və həll edilməmiş problemlər qalmaqdadır.
Metodik xidmətin təşkili sahəsində mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə işlərin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin 22.12.2009-cu il tarixli, 1442 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən 73 rayon (şəhər) təhsil şöbələrindən və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Nazirliyə təqdim edilmiş sənədlər təhlil edilmişdir.
Məlum olmuşdur ki, metodik xidmətin həyata keçirilməsi üzrə Naxçıvan MR də daxil olmaqla Respublikanın 73 şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərir. Hazırda bu metodik kabinetlər və Metodik Mərkəzdə 734 nəfər metodist, 147 nəfər texniki işçi çalışır. Metodistlərdən 626 nəfəri tam, 108 nəfəri 0,5 ştat vahidi üzrə işləyir. Metodik kabinetlərdə 40 ştat vahidi metodist yeri boşdur. Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyindəki təhsil şöbələrinin metodik kabinetlərində 2, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzində 6,5 Gəncə ŞTİ-nin metodik kabinetində 5,5, Goranboy RTŞ metodik kabinetində 4, Qusar və Hacıqabul rayonları təhsil şöbəsi metodik kabinetlərinin hər birində 3, Yevlax RTŞ metodik kabinetində 2,5, Xocalı RTŞ metodik kabinetində 2, Sumqayıt, Şirvan, Naftalan ŞTŞ, Qax, Zərdab, Gədəbəy, Sabirabad, Ağstafa, Cəlilabad, Şamaxı, Zaqatala RTŞ metodik kabinetlərinin hər birində 1, Quba RTŞ metodik kabinetində isə 0,5 metodist ştatı vakantdır.
Təhlil göstərmişdir ki, metodik kabinetlərdə (metodik mərkəzdə) metodistlər arasında ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, tarix, rus dili və ədəbiyyat, ingilis dili, coğrafiya və ibtidai sinif ixtisasları üzrə metodistlər çoxluq təşkil edir. Metodik kabinetlərdə (metodik mərkəzdə) 90 nəfər Azərbaycan dili və ədəbiyyat, 40 nəfər rus dili və ədəbiyyat, 40 nəfər ingilis dili, 9 nəfər fransız dili, 1 nəfər ərəb dili, 75 nəfər riyaziyyat və informatika, 73 nəfər tarix, 40 nəfər coğrafiya, 36 nəfər kimya, 21 nəfər biologiya, 40 nəfər fizika, 9 nəfər informatika, 78 nəfər ibtidai sinif, 20 nəfər rəsmxət və əmək hazırlığı, 37 nəfər GÇH, 33 nəfər fiziki tərbiyə, 49 nəfər məktəbəqədər təhsil, 4 nəfər musiqi, təsviri incəsənət, 7 nəfər tərbiyə işləri, 6 nəfər psixoloq, 15 nəfər kitabxana ixtisası üzrə metodist çalışır.
Aparılmış təhlil və araşdırmalardan müəyyən edilmişdir ki, son illərdə respublikanın bir sıra təhsil şöbələrinin (idarələri) metodik kabinetləri (metodik mərkəzi) öz fəaliyyətlərini “Rayon (şəhər) təhsil şöbəsinin metodik kabineti haqqında Əsasnamə”, Təhsil Nazirliyinin əmr, kollegiya qərarları və digər normativ-hüquqi sənədlərinin tələbləri əsasında qurmuş, metodik xidmətin təşkili sahəsində üzərlərinə düşən vəzifələri, əsasən, yerinə yetirmişlər.
Bu sahədə Sumqayit ŞTŞ metodik kabinetində müsbət təcrübə toplanmışdır. Metodik kabinetin müsbət fəaliyyətinin nəticəsidir ki, təhsilin yeni məzmununun tətbiqinə daha çox diqqət yetirilmiş, şagirdlərin faktiki biliklərinin aşkara çıxarılması üçün bütün siniflərdə monitorinqlər keçirilmiş, nəticələr ŞTŞ-də və yerlərdə müzakirə olunmuş və müvafiq tədbirlər görülmüşdür. Metodkabinet fənn kurikulumlarının tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin monitorinqi, dayaq məntəqələrinin işinin istiqamətləndirilməsi, bilik yarışları və müsabiqələrin keçirilməsi sahəsində də xeyli iş görmüşdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodik mərkəzi, Gəncə, Şirvan şəhər, Beyləqan, Neftçala, Yevlax, Zərdab, Hacıqabul, İsmayıllı RTŞ və digər rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetləri metodik xidmətin təşkilinin səmərəli formalarından istifadə edirlər. Mütərəqqi haldır ki, son illərdə metodistlərin “öyrədənlər” kimi kurikulumlar üzrə təlimlərə cəlb olunması istiqamətində məqsədyönlü iş aparılır.
Bununla yanaşı, əksər rayon (şəhər) təhsil şöbələri metodik kabinetlərinin fəaliyyətində bir sıra nöqsanlar, çatışmazlıqlar və həllini gözləyən problemlər vardır. Onların bir çoxu öz fəaliyyətlərini “Əsasnamə”nin tələbləri səviyyəsində qura bilməmişlər. Metodik kabinetlər tərəfindən fənn kurikulumları, yeni qiymətləndirmə sistemi, dərslik siyasəti, yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı əsaslı tədbirlər həyata keçirilməmiş, yaradıcı müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması istiqamətində sistemli iş aparılmamışdır. Gənc müəllimlərlə işin təşkili, demək olar ki, metodik kabinetlərin diqqətindən kənarda qalmış, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində səmərəli iş sistemi yaradılmamışdır. Metodik kabinetlərin çox az qismi tədris proqramlarının yerinə yetirilməsi və proqram materiallarının mənimsənilməsinə dair diaqnostik təhlil aparmişdır.
Aparılmış təhlil göstərmişdir ki, respublikanın bir sıra rayon (şəhər) metodik kabinetlərində metodistlərin işə qəbulunda “Əsasnamə”nin tələbləri kobud şəkildə pozulmuş, 5 il pedaqoji stajı tamam olmayan kadrlar metodist vəzifəsinə təyin edilmişlər. Şabran, Beyləqan, Sabirabad, Laçın, Goranboy RTŞ metodik kabinetlərinin hər birində 2 nəfər, Neftçala, Qəbələ, Quba, Saatlı, Qubadlı, Zaqatala, Qobustan, Göygöl, Xocalı, İmişli, Daşkəsən RTŞ metodik kabinetlərinin hər birində isə 1 nəfər düzgün olmayaraq metodist vəzifəsinə qəbul edilmişdir.
Araşdırma zamanı bu da müəyyən edilmişdir ki, bir sıra rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərində ştat vahidlərindən düzgün istifadə edilməmiş, ayrı-ayrı illərdə ehtiyac olmadan eyni ixtisaslı kadrlar metodist vəzifəsinə təyin edilmiş, bu səbəbdən metodik kabinetlərdə digər ixtisaslar üzrə metodistlərə ehtiyac yaranmışdır. Xızı RTŞ metodik kabinetində 4 nəfər metodistdən 3 nəfəri, Göyçay RTŞ metodik kabinetində 12 nəfərdən 4 nəfəri, Şəmkir RTŞ metodik kabinetində 20 nəfərdən 5 nəfəri, Qubadlı RTŞ metodik kabinetində 8 nəfərdən 3 nəfəri Azərbaycan dili və ədəbiyyat, Mingəçevir ŞTŞ metodik kabinetində 8 nəfərdən 3 nəfəri rus dili və ədəbiyyat, Salyan RTŞ metodik kabinetində 12 nəfərdən 8 nəfəri humanitar fənlər, Zaqatala RTŞ metodik kabinetində 11 nəfərdən 4 nəfəri xarici dil, Astara RTŞ metodik kabinetində 8 nəfərdən 3 nəfəri ibtidai təhsil, 3 nəfəri fiziki tərbiyə fənləri üzrədir. Belə faktlar digər RTŞ metodik kabinetlərində də vardır.
Ştat vahidlərindən düzgün istifadə edilməməsinin nəticəsidir ki, respublikanın 73 metodik kabinetindən 42-də kimya, 50-də biologiya, 58-də fizika, 65-də informatika, 23-də ibtidai təhsil, 44-də fiziki tərbiyə, 53-də əmək hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 36-da məktəbəqədər təhsil ixtisasları üzrə metodist yoxdur. Yerli təhsil orqanları yaranmış problemin aradan qaldırılmasına vaxtında təşəbbüs göstərməmiş, “Rayon (şəhər) təhsil şöbəsinin metodik kabineti haqqında Əsasnamə”nin 4.8-ci bəndinin yaratdığı imkandan istifadə edilməmiş əsas iş yeri saxlanılmaqla göstərilən ixtisaslar üzrə qabaqcıl müəllimləri 0,25 və 0,5 ştat həcmində həmin metodik kabinetlərə işə dəvət etməmişlər. İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqindən iki il keçməsinə baxmayaraq Şirvan, Naftalan şəhər, Şabran, Sabirabad, Siyəzən, Kürdəmir, Goranboy, Kəlbəcər, Zəngilan, İmişli, Yardımlı, Hacıqabul və digər rayon təhsil şöbələrinin metodik kabinetlərində hələ də ibtidai siniflər üzrə metodist yoxdur.
Metodik kabinetlərdə çalışan metodistlərdən 156 nəfəri (21,6%) pensiya yaşındadır. Şirvan ŞTŞ, Şəki, Ağdam, Ağcabədi, Qubadlı, Kəlbəcər, Tovuz, Füzuli, Göygöl RTŞ metodik kabinetlərində metodistlər arasında 75 və daha yaşlıları vardır. Bəzi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) metodik kabinetlərinin (metodik mərkəzin) əməkdaşlarından 200 nəfəri (27,6 %-i) məktəblərdə dərs aparmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzində çalışan 96 metodistdən 36 nəfərinin, o cümlədən 0,5 ştat vahidi üzrə işləyənlərdən 29 nəfərinin, Tovuz RTŞ metodik kabinetində 20 nəfərdən 10 nəfərinin, Göygöl RTŞ metodik kabinetində 8 nəfərdən 7 nəfərinin, Bərdə RTŞ metodik kabinetində 16 metodistdən 11 nəfərinin, Ağcabədi RTŞ metodik kabinetində 10 nəfərdən 7 nəfərinin, Xızı RTŞ metodik kabinetində 4 metodistdən 3 nəfərinin, Gədəbəy RTŞ metodik kabinetində 9 nəfərdən 5 nəfərinin dərs yükü yoxdur. Belə faktlar digər rayonların RTŞ metodik kabinetlərində də vardır.
Təhlil göstərmişdir ki, Naftalan ŞTŞ, Sədərək, Babək, Qəbələ, Biləsuvar, Goranboy, Ağsu, Ağcabədi, Siyəzən, Xızı, Lerik, Zaqatala, Bərdə RTŞ metodik kabinetlərinin illik fəaliyyət planları müasir tələblərə cavab vermir. Onların əksəriyyəti ümumi xarakter daşıyır, nəzərdə tutulan məsələlər aktuallıq kəsb etmir, gözlənilən nəticələr əvvəlcədən müəyyənləşdirilmir. Fəaliyyət planları ilə il ərzində icra edilən işlərə dair hesabatlar arasında xeyli uyğunsuzluq vardır.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetləri (metodik mərkəz) tərəfindən qabaqcıl, yaradıcı müəllimlərin pedaqoji təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasına da lazımi diqqət yetirilməmişdir. Ölkə prezidentinin sərəncamına əsasən son iki ildə 200 nəfər ilin müəllimi müəyyənləşdirildiyi halda, metodik kabinetlər tərəfindən həmin müəllimlərin iş təcrübəsinin öyrənilməsi istiqamətində əsaslı addımlar atılmamış, belə müəllimlərin bazası yaradılmamışdır.
Dayaq məntəqələrinin yaradılması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilmiş, son illərdə bu prosesi tənzimləyən lazımi reqlamentlər hazırlanıb təsdiq edilmiş, icra üçün yerlərə göndərilmişdir. Nazirliyin “Dayaq məntəqələri mexanizminin tətbiqi barədə” müvafiq əmrinin yerinə yetirilməsi sahəsində rayon (şəhər) təhsil şöbəsi metodik kabinetləri (metodik mərkəz) tərəfindən müəyyən işlər görülsə də, dayaq məntəqələrinin ahəngdar işinin təmin olunması üçün bütün imkanlardan istifadə edilməmiş, bu istiqamətdə məqsədyönlü iş aparılmamışdır. Metodik kabinetlərin fəaliyyət planlarında və hesabatlarında çox əhəmiyyətli olan bu məsələ kifayət qədər öz əksini tapmamışdır. Metodik kabinetlərin dayaq məntəqələri ilə əlaqəsinin zəif olmasının nəticəsidir ki, ixtisasartırma müəssisələri ilə birlikdə proqramların tərtibi, müəllimlərin ixtisasartırma kurslarında ixtisaslarının tənzimlənməsi, onların pedaqoji, psixoloji və metodik sahələr üzrə ehtiyaclarının öyrənilməsi və təkliflərin hazırlanmasında zəif iştirak edirlər.
Metodik xidmətin təşkili sahəsində bir sıra ölkələrin təcrübəsi öyrənilmiş və onların ölkəmizdə mövcud olan sistem ilə müqayisə edilmişdir. Məlum olmuşdur ki, ABŞ və Avstraliyada kurikulum departamentləri, Hollandiyada kurikulum və qiymətləndirmə mərkəzləri, Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri bilavasitə ölkə, şəhər səviyyəsində metodik xidmətin təmin olunmasına yönəlmişdir.
Təhsil islahatının həyata keçirildiyi, ayrı-ayrı bilik sahələri üzrə informasiyaların çoxaldığı, fəal təlim metodlarının geniş miqyasda tətbiq edildiyi hazırkı şəraitdə metodik kabinetlərin strukturunun təkmil olmaması pedaqoji innovasiyaların çevik şəkildə təhsil müəssisələrinə çatdırılmasına, metodistlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan vermir, onların tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyətini məhdudlaşdırır. Metodik kabinetlərin maddi-texniki bazasının zəif olması da metodik xidmətin səmərəli təşkilinə mənfi təsir göstərir.
Metodik xidmətin təşkili sahəsində mövcud beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan üçün məqbul variantın müəyyənləşdirilməsi metodik xidmətin səmərəli təşkili üçün yeni mexanizmlərin işlənib hazırlanması, metodik xidmət sahəsinin normativ - hüquqi bazasının yeniləşdirilməsi zamanın tələbindən irəli gəlir.
Təhsil Nazirliyi kollegiyasının «Metodik xidmətin təşkili vəziyyəti və onun
yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 01.05.2010-cu il tarixli qərarının icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. “Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər” haqqında arayış nəzərə alınsın.
2. Hazırda təhsil sahəsində köklü şəkildə islahatların aparıldığını, xüsusilə məzmun islahatının keçirildiyini nəzərə alaraq, ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin müasir pedaqoji texnologiyalara, tədris resurslarına ehtiyacını ödəmək üçün rayon (şəhər) təhsil şöbələrinin nəzdindəki metodik kabinetlərin (mərkəzin) gələcəkdə resurs mərkəzlərinə çevrilməsi və bu sahədə fəaliyyəti tənzimləyən nümunəvi Əsasnamənin işlənib hazırlanması məqsədəmüvafiq hesab edilsin.
3. Rayon (şəhər) təhsil şöbələri (idarələri) metodik kabinetlərinin resurs mərkəzlərinə çevrilməsinin zəruriliyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılsın.
4. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) metodik xidməti sistemli şəkildə həyata keçirmək üçün xarici ölkələrin təcrübəsini öyrənsin, resurs mərkəzinin strukturunu və onun Əsasnaməsini hazırlayıb 3 ay müddətinə Nazirliyə təqdim etsin.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin hazırkı strukturunun təhsil müəssisələrinə metodik xidmət göstərmək baxımından müasir tələblərə cavab vermədiyini nəzərə alaraq, resurs mərkəzi yaradılanadək mövcud strukturda dəyişikliklərin aparılması, fənlər üzrə kabinetlərin yaradılması və metodistlərin müsabiqə yolu ilə ixtisaslarına uyğun həmin kabinetlərə cəlb olunması məqsədəuyğun hesab edilsin.
6. Azərbaycan Müəllimlər İnstitutu (A.Naxçıvanlı), Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (A.Zamanov):
6.1. Metodistlərin ixtisasının artırılması, onların “öyrədənlər” kimi hazırlanması, dayaq məntəqələrinin koordinatorları üçün müvafiq proqramlar əsasında təlimlərin təşkili istiqamətində tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.
6.2. Rayon (şəhər) təhsil şöbələri (idarələri) metodik kabinetləri (metodik mərkəzi) ilə əlaqələrin daha səmərəli forma və metodlar üzrə qurulmasını, ixtisasartırma tədbirlərinin təşkilində metodik kabinetlərin imkanlarından istifadəni təmin etsinlər.
7. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, bütün rayon (şəhər) təhsil şöbələri:
7.1. Əmri kollegiya və şura iclaslarında müzakirə etsinlər, metodik xidmətin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələr baxımından konkret tədbirlər hazırlayıb həyata keçirməyə nail olsunlar;
7.2. Fənn kurikulumlarının, yeni dərsliklərin, qiymətləndirmə sisteminin tətbiqinə dair məsələlərin metodik kabinetlərdə (gələcəkdə resurs mərkəzlərində) və dayaq məntəqələrində mütəmadi olaraq müzakirə olunmasını, məktəblərə bu sahədə müvafiq kömək göstərilməsini təmin etsinlər;
7.3. Əsasnamə tələblərinə zidd olaraq işə qəbul edilmiş metodistlərlə bağlı araşdırma aparsınlar və müvafiq tədbir görülməsini təmin etsinlər;
7.4. Dərs yükü olmayan metodistlərin növbəti tədris ilindən ixtisasları üzrə dərs aparmalarına şərait yaratsınlar;
7.5. Metodistlərin tərkibinə yenidən baxsınlar, imkan daxilində metodik kabinetlərin bütün fənlər üzrə səriştəli kadrlarla təmin olunması, “öyrədənlərin” peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görsünlər. Bu məqsədlə Əsasnaməyə uyğun olaraq 0,5 və 0,25 ştat vahidindən istifadə etsinlər;
7.6. Metodistlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini təmin etsinlər, vəzifə funksiyalarının öhdəsindən gələ bilməyən işçilər barəsində müvafiq tədbir görsünlər;
7.7. Metodik xidmətin səmərəli təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən hazırlanmış Fəaliyyət Planı əsasında yerli şərait nəzərə alınmaqla metodik kabinetlərin (mərkəzin) fəaliyyət planlarının hazırlanmasını və həyata keçirilməsini təmin etsinlər;
7.8. Metodik kabinetlərin (mərkəzin) maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT vasitələri ilə təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirsinlər.
8. Əmr “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin “Təhsil xəbərləri” məcmuəsində dərc edilsin.
9. Nazirliyin Ümumi şöbəsinə (H.Məhərrəmova) tapşırılsın ki, əmrin çoxaldılaraq Naxçıvan MR Təhsil Nazirliyinə, Gəncə Şəhər Təhsil İdarəsinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Problemləri İnstitutuna, Azərbaycan Müəllimləri İnstitutuna, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna çatdırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 01.05.2010-cu il tarixli qərarı.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
01 iyun 2010-cu il,
təhsil naziri
01 iyun 2010-cu il,
№ 717