SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2020/2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarının icrası haqqında” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2020-ci il 2 sentyabr tarixli F-391 nömrəli əmrindən irəli gələn məsələlərin icrası məqsədi ilə və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
əmr edirəm:
1. 2020/2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunsun.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Ümumi və məktəbəqədər təhsil şöbəsi (V.Yaqublu), Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (V.Xanlarov) və Azərbaycan Respublikasının Təhsil İnstitutuna (A.Nağıyev) tapşırılsın ki, 14 sentyabr 2020-ci il tarixində 2020/2021-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkilinə həsr olunan təhsil işçilərinin respublika videokonfransını təşkil etsinlər.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri aşağıda qeyd olunan əlavə tədbirlər əhatə olunmaqla fəaliyyət planı təsdiq edib icrasını ciddi nəzarətdə saxlasınlar:
3.1. 2019/2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətini diaqnostik qiymətləndirmə vasitəsilə öyrənib çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması;
3.2. tabeliklərindəki təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, mütəmadi dezinfeksiya işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarına müraciətlərin edilməsi;
3.3. müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələsinin pedaqoji heyətin, eləcə də valideynlərin diqqətinə çatdırılması, məsuliyyətli təhsilalanların formalaşdırılması;
3.4. məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği;
3.5. pandemiya və post-pandemiya dövründə bütün şagirdlərin təlimə cəlb edilməsi üsullarının tətbiq edilməsi;
3.6. ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi;
3.7. buraxılış imtahanlarının nəticələrinin təhlilinə əsasən şagird nailiyyətlərinin daha da yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi;
3.8. fənn olimpiadalarının nəticələrinin təhlili əsasında müvafiq tədbirlərin görülməsi;
3.9. xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi;
3.10. “Rəqəmsal bacarıqlar” və “STEAM” pilot layihələri tətbiq olunan təhsil müəssisələrinə bu layihələrin icrası ilə bağlı əməli köməkliyin göstərilməsi;
3.11. ümumi təhsillə bağlı normativ hüquqi aktlardan, Təhsil Nazirliyinin kollegiya qərarlarından, əmrlərindən irəli gələn vəzifələrin təhsil şöbələrinin (idarələrinin) əməkdaşları və ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri tərəfindən icrasına nəzarətin təmin edilməsi.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Ümumi və məktəbəqədər təhsil şöbəsi (V.Yaqublu), Təhsilin inkişafı proqramları şöbəsi (N.Hüseynova), Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (V.Xanlarov), Azərbaycan Respublikasının Təhsil İnstitutu (A.Nağıyev):
4.1. Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən) təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlb olunması məsələlərini həll etsinlər;
4.2. “Dərs vaxtı” teledərs layihəsinin davam etdirilməsini, “Virtual məktəb” platformasının genişləndirilməsini təmin etsinlər.
5. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:
5.1. bu əmrdə nəzərdə tutulan məsələlərin pedaqoji kollektivlərə çatdırılmasını, müəyyən olunmuş vəzifələrin icrasını həyata keçirmək məqsədilə icra mexanizmlərinin yaradılmasını təmin etsinlər;
5.2. əmrin icrası ilə əlaqədar 2020-ci ilin dekabr və 2021-ci ilin may ayında təsdiqedici sənədlər (protokollar, fotoşəkillər, cədvəllər və s.) əlavə olunmaqla arayış təqdim etsinlər.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (S.Hacıyeva) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini, Naxçıvan MR Təhsil Nazirliyinə, yerli təhsili idarəetmə orqanlarına, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
10 sentyabr 2020-ci il
F-420