SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilmişdir.
Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnazıyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına müsiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin 2019-cu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranmışdır.
Diaqnostik qiymətləndirmənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədilə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamını, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini və 13 may 2019-cu il tarixli F-260 nömrəli “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə” əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 2-ci bəndini rəhbər tutaraq
əmr edİrəm:
1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilsin.
2. Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş qaydalar qüvvədən düşmüş hesab olunsun.
3. İnsan resursları şöbəsi (E.Bağırov) diaqnostik qiymətləndirmənin cari ilin sonunadək “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsini təmin etsin.
4. Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (P.Yusifov), De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva), şəhər və rayonların təhsil şöbələrinə (idarələrinə) tapşırılsın:
4.1. aidiyyəti peşə, ümumi və xüsusi təhsil müəssisələrində çalışan təhsilverənlərin siyahılarının hazırlanmasını və Təhsil Nazirliyinin elektron bazasına daxil olunmasını təmin etsinlər;
4.2. diaqnostik qiymətləndirmədə iştirak edəcək heyətin zəruri İKT bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər görsünlər.
5. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu) nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq yerli təhsili idarəetmə orqanları ilə birgə diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (V.Xanlarov):
6.1. qiymətləndirmə zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etsin;
6.2. proqram təminatının təhlükəsizliyini artırmaq məqsədilə əlavə tədbirlərin həyata keçirilməsini təmin etsin;
6.3. imtahan mərkəzi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında bağlantını təmin etsin, server avadanlığına nəzarəti həyata keçirsin və məlumatların replikasiya vasitəsi ilə təhlükəsiz saxlanılmasına şərait yaratsın;
6.4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) ilə birlikdə imtahanlar keçiriləcək mərkəzin kompüter və şəbəkə avadanlığı ilə təchizatını təşkil etsin.
7. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) diaqnostik qiymətləndirmənin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.
8. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) diaqnostik qiymətləndirmədə iştirak edəcək heyətin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.
9. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (Ö.Eldarov), Bakı Xoreoqrafiya Akademiyası (T.Əfəndiyev), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (C.Mahmudova), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (F.Bədəlbəyli) və Azərbaycan Milli Konservatoriyası (S.Kərimi) qiymətləndirmənin müsahibə və qabiliyyət imtahanı mərhələlərinin adıçəkilən müəssisələrin tədris binasında keçirilməsi, qabiliyyət imtahan komissiyasının formalaşdırılması və imtahan məkanında müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
10. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet saytında yerləşdirilməsini, qiymətləndirmə və onun nəticələri ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasını təmin etsin.
11. Əmrin icrasına nəzarət aparat rəhbərinə (M.Məmmədov) həvalə edilsin.
Əsas: Aparat rəhbəri M.Məmmədovun xidməti məlumatı.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
4 oktyabr 2019-cu il
F-595