SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin tətbiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin tətbiqinə başlanılmışdır. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam Təhsil” texnologiyaları əsasında təmir və təchiz edilmişdir. Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərmişdir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.
2019-2020-ci tədris ilində layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
əmr edİrəm:
1. Bakı şəhəri, Hövsan qəsəbəsində, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan ümumtəhsil məktəbinin bütün ibtidai siniflərinin “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin texnologiyaları əsasında təmir və təchizatı təşkil olunsun.
2. Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) MİDA məktəbində yalnız fiziki indikatorlara təsir edən amilləri nəzərə alaraq “Sağlam Təhsil” siniflərinin təmir və təchizatını həyata keçirsin.
3. Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsinə (A.Əhmədov), Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) tapşırılsın ki:
3.1 2019-2020-ci tədris ilində siyahı üzrə 34 ümumtəhsil müəssisəsinin 51 birinci sinfinə (siyahı əlavə olunur) layihə çərçivəsində qəbul həyata keçirilsin.
3.2 əmrə əlavədə adları qeyd edilən təhsil müəssisələrində birinci siniflər komplektləşdirilərkən sinif otaqlarında hər bir şagird normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunsun;
3.3 sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilatı işlər həyata keçirilsin;
3.4 sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində sağlamlığın mühafizəsinə yönəlmiş təlim texnologiyalarının davamlı inkişafına köməklik məqsədi ilə ümumtəhsil məktəblərində layihənin pedaqoji, tibbi-gigiyenik və psixoloji bloklarının əməkdaşlarının səmərəli fəaliyyətinə lazımi şərait yaradılsın;
3.5 sağlam təhsil texnologiyalarının mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılmasını təmin etsin;
4. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) müvafiq qurumları cəlb etməklə layihənin tədris ili ərzində mütəmadi monitorinqini keçirsin;
5. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin;
6. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə edilsin.
Əsas: Nazir müavini M.Vəliyevanın 18.06.2019-cu il tarixli, 1-02-4228 nömrəli təqdimatı.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 avqust 2019-cu il
F-490