SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.
Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə ali təhsilin, elmin ənənələrinin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan хalqının milli sərvəti Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə
QƏRARA ALIRAM:
1. Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2017-ci il.