SPECIAL ANNOUNCEMENT
“ORGANIZATION OF VOCATIONAL CLASSES IN GENERAL EDUCATION INSTITUIONS”
Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Eyni zamanda, peşə təmayüllü siniflərdə təhsilanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, bununla da gələcəkdə peşə sahibi kimi öz iş yerlərini yaratmağa həvəsləndirilməsi və nəhayət əmək bazarının peşəyönümü istiqamətində hazırlıqlı və bacarıqlı əmək qabiliyyətli şəxslərlə təmin edilməsi ilə ölkə miqyasında iqtisadi inkişafa töhfə vermək layihənin hədəflərini təşkil edir. Ümumi təhsil aldıqları müddətdə peşə vərdişlərinə yiyələnmək şagirdlərə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, ömürboyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi keçirmək və ətraf mühitə fəal inteqrasiya olmaq imkanı verir. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək. Bu səbəbdən də şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması üçün ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili ciddi aktuallıq kəsb edir.
Peşə təmayyüllü siniflər 2019-2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə fəaliyyətə başlamışdır.
2020-2021-ci tədris ilində 15 yeni sinif açılmaqla “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatəsi daha da genişləndirilib. Hazırda layihə 28 şəhər və rayonda 35 məktəb, 55 sinif, 1187 şagird, 165 müəllim heyəti ilə tədris prosesini davam etdirir.
Layihə çərçivəsində peşə təmayüllü siniflərin yerləşdiyi ümumtəhsil məktəblərində müxtəlif peşələrə uyğun yeni emalatxanalar və sinif oltaqları qurulub, müvafiq avadanlıqlarla təchiz edilib.
Ötən tədris ilində layihə çərçivəsində dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası və santexnik, mebel quraşdırma, aqronom, dərzi peşə ixtisasları tədris edilirdisə, cari tədris ilində qənnadçı, bərbər, xalçaçılıq, İKT olmaqla daha 4 peşə ixtisasının tədrisinə başlanılıb. Həmçinin, cari ildən 20 məktəbdə “STEAM” metodologiyası tətbiq edilir. 2020-2021 tədris ilinin sonunadək 20 məktəbdə 417 nəfər şagird üçün “Sürücülük” modulunun tətbiqinə başlanacaq.
Bu il peşə təmayüllü siniflərin müəllimlərinin bilik və bacarıqlarının arıtırılması məqsədilə bir sıra təlimlər də təşkil edilib. Qrup rəhbərləri üçün nəzərdə tutulan təlimlər “Peşə etikası”, “Şəxsi inkişaf və karyera”, “Estetika və mədəni özünüifadə”, “Sahibkarlıq” modullarını əhatə edib. Peşə ixtisası müəllimləri üçün isə metodiki-pedaqoji-didaktik təlimlər keçirilib və təlimlərə 89 nəfər müəllim qoşulub. Həmçinin, müəllim heyətindən 30 nəfər “STEAM” təlimlərinə cəlb edilib. Ümumilikdə təlimlərdə 210 nəfər iştirak edib.
2021-2022-ci tədris ilindən layihənin qarşısında bir sıra yeni məqsədlər durur. Peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır. Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 nəfər şagird üçün “Sürücülük” modulunun və “STEAM” metodologiyasının tətbiqi nəzərdə tutulub.