SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Globallab” layihəsi üzrə konfrans
Bakı Avropa Liseyində YUNESKO tərəfindən reallaşdırılan “Globallab” layihəsi üzrə konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin, “Microsoft Azərbaycan” təşkilatının və İTE Tədris Mərkəzinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər. Konfransda layihənin birinci mərhələsində əldə edilmiş nailiyyətlər və nəticələr müzakirə olunub, iştirakçı məktəblərə nominasiyalar üzrə sertifikatlar verilib. Qeyd edək ki, Bakı Avropa Liseyi Azərbaycanda “Globallab” layihəsinin model məktəbi kimi müvafiq ideyaları həyata keçirən təhsil ocağıdır. Lisey bu statusu Təhsildə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2012-2014-cü illər ərzində YUNESKO-nun “Gələcək üçün təhsil layihəsi”nin 18 ölkədən olan təmsilçiləri arasında qalibi kimi qazanıb. 2015-ci ildən Bakı şəhərindəki 10 məktəb Bakı Avropa Liseyi tərəfindən işlənmiş “Planetimizin təbii resuslarının qorunması” və “Planetimizdə təbiətin qorunma resursu kimi dünya ölkələrinin mədəni-ekoloji ənənələr bankının yaradılması” layihələri üzərində işləyir. Multikulturalizm ideyalarına əsaslanan layihələr şagirdlərdə ekoloji şüur, ənənələrin qorunması və müasir tələblərə uyğun bacarıqların formalaşdırılması məqsədlərinə xidmət edir.
19/02/2016 10:35
Azərbaycan Milli Kvalifikasiyalarının Avropa Kvalifikasiyalar Çərçivəsinin tələblərinə uyğunlaşdırılması mövzusunda konfrans
Fevralın 18-də Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının inkişafı üzrə Təhsil Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının “Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzKÇ) Avropanın ali təhsil məkanının və “Ömürboyu təhsil üzrə Avropa Çərçivəsinin tələblərinə uyğunlaşdırılması” mövzusunda konfrans keçirilib. Tədbirdə Təhsil, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, ali və ilk peşə-ixtisas təhsili müəssisələrinin əməkdaşları, Tvinninq layihəsinin, Avropa Təhsil Fondunun, Dünya Bankının ekspertləri iştirak ediblər. Konfransın əsas məqsədi AzKÇ-nin məzmunu, məqsədi və vəzifələri, habelə bu sənədin icrası üçün dövlət və institusional səviyyədə həyata keçiriləcək tədbirlərlə bağlı məsələlərin müzakirəsidir. Konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Natiq İbrahimov məruzə ilə çıxış edərək, "Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi”nın hazırlanması, hüququ bazası, əsas prinsipləri, strukturu və həyata keçirilməsi üçün görülməli tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Avropa İttifaqının təklif etdiyi “Ömürboyu təhsil üzrə Avropa kvalifikasiya çərçivəsi” adlı sənədə uyğun olaraq 2010-cu ildə təhsil nazirinin müvafiq əmrinə əsasən, “Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin hazırlanması üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Təhsil, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mütəxəssisləri və ali təhsil müəssisələrinin nümayəndələri daxil edilib. Göstərilən sənədin ölkəmizin təhsil sisteminin və əmək bazarının inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda Milli Kvalifikasiyalar çərçivəsinin hazırlanması öz əksini tapıb. Sonra çıxış edənlər bildirib ki, bu sənədin hazırlanması ölkəmizin bütün təhsil pillə və səviyyələri üzrə təhsil proqramlarının, təhsilalanların bilik, bacarıq və səriştələrinin müəyyənləşdirilməsi baxımından ümumavropa standartlarına uyğunlaşdırılmasına imkan yaradacaq. Bu da öz növbəsində tələbələrin mobilliyinə və təhsil sənədlərimizin xaricdə tanınmasına öz töhfəsini verəcək. Hazırda Milli Kvalifikasiya Çərçivəsi təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.
18/02/2016 15:34
İnternat məktəbdə birgə tədbir
Təhsil Nazirliyinin 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirilib. Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi ilə birlikdə təşkil olunmuş tədbir narkomaniyaya, erkən nigaha və pis vərdişlərə qarşı mübarizə məsələlərinə həsr edilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Sabunçu rayon Polis İdarəsinin, Bilgəh qəsəbə nümayəndəliyinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin direktoru Gülnarə Abdullayeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını vurğulayıb. Məktəbin müəllimləri Azər Abdurahmanzadə, Aygün Məmmədova yuxarı sinif şagirdləri arasında tez-tez müvafiq mövzu ətrafında söhbət və müzakirələrin aparıldığını qeyd ediblər. Tədbirdə iştirak edən polis əməkdaşları dövlətimizin bu istiqamətdəki siyasətinin gənclərin formalaşmasına müsbət təsir göstərdiyini bildiriblər. Məktəbin XI sinif şagirdləri Mirzəbala Əliyev, Hüseynəli İmanzadə və Lalə Həbibova mövzu ətrafında çıxış edib, fikir və mülahizələrini söyləyiblər. Tədbirin sonunda qərara alınıb ki, yuxarı sinif şagirdləri müzakirə olunan mövzu ilə bağlı inşa yazı işləsinlər.
17/02/2016 12:55
“Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyinin 11 yaşlı üzvü Mədinə Hüseynzadənin “Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi keçirilib. “Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər. Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib. Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, dərnək üzvlərinin əsərlərinin nümayiş olunması üçün açılan sərgilər azyaşlıların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Tədbirin bədii hissəsində mərkəzin dərnək üzvləri çıxış ediblər. 2010-cu ildən rəsm dərnəyinin üzvü olan Mədinə Hüseynzadə bir neçə yerli və beynəlxalq rəsm müsabiqəsində iştirak edib, nailiyyətlər qazanıb. 2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalı günlərində Mədinə Hüseynzadənin fərdi sərgisində 40-a yaxın rəsm əsərləri nümayiş olunub. 11 yaşlı məktəbli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyində də məşğul olub. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeçiliyində olan Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəz məktəbdənkənar tərbiyə müəssisəsi kimi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün şərait yaradır. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 28 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1800 uşaq, yeniyetmə və gənc məşğul olur.
17/02/2016 10:51
Qaliblər mükafatlandırıldı
YUNESKO-nun 70 illik yubileyi və 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Estetik Tərbiyə üzrə Respublika Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat məktəblərin, yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları və sülh problemləri üzrə YUNESKO Mərkəzi ilə birgə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qeyd olunan 21 sentyabr-Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Müsabiqə üç yaş qrupu üzrə: 6-9, 10-14 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilib, hər yaş qrupu üzrə 9 qalib iş seçilib. Rayon (şəhər) və respublika mərhələləri olmaqla 2 mərhələdə təşkil edilən müsabiqəyə ümumi təhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkanar təhsil müəssisələrinin dərnək üzvləri qatılıblar. Müsabiqənin respublika mərhələsinə təqdim olunan 674 rəsm işindən 27-si münsiflər heyəti tərəfindən qalib seçilib, 91 müəllif xüsusi fərqlənmə sertifikatı ilə təltif olunub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Müsabiqədə seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanacaq.
17/02/2016 09:24
Müsabiqənin II mərhələsinə yekun vurulub
Fevralın 16-da "Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin II mərhələsi başa çatıb. İlk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir. Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqəyə "Ən yaxşı müəllim işi" və "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə 86 layihə qəbul edilib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə, 21 nominant seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti qarşısında təqdim olunacaq və qiymətləndiriləcək. Müsabiqə qaliblərinə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.
16/02/2016 17:25
Müəllimlər təltif edilib
Bakı şəhəri 6 saylı tam orta məktəbdə “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumi təhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təşkil edilmiş təlim kurslarını müvəffəqiyyətlə bitirmiş müəllimlərin təltif olunması mərasimi keçirilib. Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini tədris etdikləri fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdən ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, QHT nümayəndələri və ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edib. TOPs proqramının əsas icraçı operatoru olan “İnkişaf naminə idman” İctimai Birliyinin layihə rəhbəri Vəli Musayev təqdimatla çıxış edərək, 2015-2016-cı tədris ilində həyata keçirilən layihələrdən danışıb. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bununla bağlı silsilə layihələr həyata keçirilir. Çıxışlardan sonra 2014-2015-ci tədris ilində layihənin icrasında səmərəli fəaliyyətlərinə görə 220 saylı məktəbin direktoru Nərminə Ağayeva, 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərli və 269 saylı məktəbin direktoru Alla Vəzirovaya fəxri diplomlar təqdim edilib. Bakı və Sumqayıt şəhərləri üzrə 33 məktəbdə çalışan 170 nəfər fiziki tərbiyə müəllimi TOPs proqramı əsasında təşkil edilmiş təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif olunub. Həmçinin, layihənin uğurlu icrası və təbliğində xüsusi əməyi olan “İnkişaf naminə idman” İctimai Birliyinin və “Təhsil” TV-nin əməkdaşlarına fəxri diplomlar verilib. Xatırladaq ki, bu layihə 2015-2016-cı tədris ilindən Bakı və Sumqayıt şəhərindəki 33 məktəb, internat evi və liseyi əhatə edir. Layihə çərçivəsində təşkil olunan təlim kurslarından 200 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi fiziki tərbiyənin tədrisinə dair yeni bilik və bacarıqlar əldə edib. Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyanın tətbiqi nəticəsində 35 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərslərindən, həmçinin dərsdən kənar fəaliyyətdən faydalanır.
16/02/2016 12:32
Azərbaycanlı məktəbli Belçikada I yerə layiq görülüb
Təhsil Nazirliyi Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Belçikada keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2-7 fevral tarixlərində keçirilən bu müsabiqə EPTA – Avropa Fortopiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. EPTA 1978-ci ildə Londonda yaradılıb və hazırda Avropanın 42 dövləti bu assosiasiyanın üzvüdür. Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirib. Leyla Zeynalova müsabiqənin II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və Slonimskinin əsərlərini peşəkarlıqla ifa edərək, münsiflər heyəti tərəfindən yüksək qiymətə layiq görülüb. Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Leyla Zeynalovanın adı gənc istedadların “Qızıl kitabı”na yazılaraq xüsusi təqaüdə layiq görülüb. Gənc pianoçumuz 2015-ci ildə “Young musician - Tallinn 2015” adlı beynəlxalq müsabiqədə iştirak edərək Grand-Prix mükafatına layıq görülüb.
16/02/2016 11:18
Respublika çempionatının təqdimat mərasimi
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçiriləcək ali təhsil müəssisələri tələbələri arasında Respublika çempionatının təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında keçirilən təqdimat mərasimində ali təhsil müəssisələrinin idman komandalarının nümayəndələri, müvafiq idman növləri üzrə baş hakimlər və işçi qrupun üzvləri iştirak ediblər. Çempionatın əsasnaməsi videoçarx şəklində mərasim iştirakçılarına təqdim olunub. 2016-cı ilin mart-may aylarında tələbələr arasında keçiriləcək Respublika çempionatının proqramına 10 idman növü daxildir. “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov çempionata hazırlıq mərhələləri, komandaların sifariş vərəqələrinin doldurulma qaydaları, oyunların keçirilməsi şərtləri haqqında geniş məlumat verib. N.Lahıcov bildirib ki, ali məktəb tələbləri arasında keçiriləcək idman tədbirlərinin daha yaxşı təşkil edilməsi üçün Təhsil Nazirliyi lazımi köməklik göstərir. Sonra təkliflər dinlənilib, müvafiq idman növləri üzrə baş hakimlər oyunların keçirilmə qaydaları haqqında məlumat veriblər.
15/02/2016 12:59
Beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçim turu keçirilib
Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, eləcə də Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə yeni şagirdlərin seçimi aparılıb. 2015-ci ilin oktyabr ayından bu ilin yanvar ayınadək ölkənin bütün şəhər və rayonlarında keçirilmiş fənn müsabiqələrinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə 70-120 şagird bu seçim mərhələsi üçün Bakıya dəvət olunub. Seçim mərhələsində iştirak edən şagirdlərin 60 faizi bölgələrdən olub. Ümummilikdə riyaziyyat , fizika, kimya və biologiya fənləri üzrə 400-ə yaxın VII və VIII sinif şagirdi seçim turunda öz bilik və bacarığını nümayiş etdirib. Hər fənn üzrə seçilmiş 15-20 şagird xüsusi proqram əsasında olimpiadalara hazırlıq məşğələlərinə cəlb olunacaq. Qeyd edək ki, müvafiq seçim turu Təhsil Nazirliyi tərəfindən artıq ikinci dəfədir keçirilir. 2014-2015-ci tədris ilində seçilmiş şagirdlər artıq 1 ildir ki, mərkəzlərdə hazırlıqlarını davam etdirirlər.
15/02/2016 12:24
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı