SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Novruz mühazirələri” davam edir
Martın 9-da növbəti “Novruz mühazirəsi” keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetində baş tutan görüşdə təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirə səsləndirib. Tədbirdə təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər. Mühazirədə Asif Cahangirov səriştə əsaslı təhsil mühitində müəllimlərin qarşısında duran vəzifələrindən, tədris-təlim prosesinə yeni yanaşmalardan, səriştənin planlanlaşdırılmış səviyyədə formalaşdırılmasından danışıb, səriştə əsaslı təhsildən nümunələr səsləndirib. Qloballaşan dünyanın tələblərinə uyğun olaraq, təhsil sisteminin formalaşdırılmasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının mühüm əhəmiyyət daşıdığını bildirən A.Cahangirov strategiyada təsbit olunan əsas istiqamətlərdən birinin də məhz səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmunu olduğunu diqqətə çatdırıb. O, səriştə əsaslı pedaqoji təhsil, ali məktəblər üçün səriştə əsaslı təhsil proqramı və komponentləri ilə bağlı geniş məlumat verib, bu sahədə mövcud olan yerli və beynəlxalq təcrübəni müqayisə edib. Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzuya dair müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
09/03/2016 18:07
12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə başlanılıb
Martın 9-da Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə həsr edilmiş “Dəyirmi masa” keçirilib. Müzakirələrdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri və əməkdaşları, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin rəhbərləri iştirak edib. Tədbirdə 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb. Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiq edilməsi, bununla əlaqədar ictimaiyyətdə aparılacaq maarifləndirmə işi zamanı əhəmiyyətli tərəflərin qeyd olunmasına dair təkliflər səsləndirilib. Eyni zamanda Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyən edilməsi üçün müvafiq tədqiqatların aparılmasının vacibliyi qeyd olunub. Sonda 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
09/03/2016 17:47
Təhsil naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Martın 9-da təhsil naziri Mikayıl Cabbarov Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda 35 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
09/03/2016 13:50
Təhsil Nazirliyi elmi əsərləri mükafatlandıracaq
Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək. Müsabiqədə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisi əsas götürüləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqədə ildə bir dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı ətraflı məlumat veriləcək. Qeyd edək ki, 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da “Web of Science”platformasının bazasına çıxış imkanı verilib. Elan
09/03/2016 12:39
“Formula-1”Avropa Qran-prisi ilə əlaqədar “Bir” Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalandı
Martın 7-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. Memorandumu gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov imzalayıb. Mərasimdə tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə fəaliyyət haqqında razılıqlarını ifadə ediblər. Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran-prisinin Könüllülük Proqramı təqdim olunacaq və “Formula-1” Avropa Qran-prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini qeyd edərək, gənclər arasında könüllülüyə marağın olduqca yüksək olduğunu bildirib. Azərbaycanın ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərin uğura imza atdıqlarını xatırladan Azad Rəhimov bu ənənənin “Formula-1” yarışlarında da davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, könüllülük fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran-prisinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək. Təhsil Nazirliyi tərəfindən tələbələrin hərtərəfli inkişafının dəstəkləndiyini bildirən nazir könüllü tələbələrə uğurlar arzulayıb. “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunur, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.
08/03/2016 01:22
Çin ali məktəblərindən Azərbaycan vətəndaşlarına dəvət
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2016-2017-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb. Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə (internship) xərci, tədris materialları, yataqxana xərci, aylıq yaşayış xərci və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfindən aparılır. Sazişə uyğun olaraq, hazırda 37 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni çin ədəbiyyatı, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və başqa ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır. Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər aprelin 1-dək tələb olunan sənədlərin surətini (skan) china.admissions@edu.gov.az ünvanına göndərə bilərlər. ELAN
07/03/2016 14:28
Növbəti “Novruz mühazirəsi”
Martın 4-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə təhsil ekspertləri, ali təhsil müəssisələrinin tələbələri, ümumi təhsil məktəblərinin müəllimləri iştirak ediblər. Budəfəki görüşdə təhsil eksperti, əməkdar elm xadimi Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirə səsləndirib. Təhsil eksperti “Novruz mühazirələri”nin “Elmdən təhsilə” ideyası əsasında həyata keçirildiyini xatırladaraq, elmi mövzuların daha sadə dildə ictimaiyyətə çatdırılmasını mühüm hadisə hesab etdiyini bildirib. Ş.Əsgərov mühazirəsində biliyin qiymətləndirilməsi meyarlarından, klassik və yeni kriteriyaların müqayisəsindən, qiymətləndirmə göstəricilərindən danışıb. O, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması məsələlərinə də toxunub. Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. “Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsənə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
04/03/2016 20:45
“Valideyn Nəzarət Sistemi” yenilənib
“Elektron məktəb” layihəsi çərçivəsində istifadəyə verilən “Valideyn Nəzarət Sistemi”ndə (ael.edu.az) yenilənmə işləri aparılıb və saytın yeni versiyası hazırlanıb. Hazırda layihəyə ölkə üzrə 43 ümumi təhsil məktəbi cəlb olunub. Layihəyə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Valideynlər məktəblərdən istifadəçi parollarını almaqla, övladlarının davamiyyətini və nailiyyətlərini onlayn rejimdə ödənişsiz izləyə bilərlər.
04/03/2016 17:11
Xaricdə oxuyan tələbə: "Əmək bazarında üstünlük qazanacağıq"- "Uğur formulu"
Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə işi olan “Gəncliyin uğur formulu” layihəsi davam edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Varvik Universitetinin tələbəsi Səmra Talışinskayadır. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü S.Talışinskaya Böyük Britaniyanın Varvik Universitetində iqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.Lent.az həmin tələbə ilə müsahibəni təqdim edir: - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Magistratura səviyyəsi üzrə təhsilimi xaricdə davam etdirmək istəyi ixtisasımla bağlı bakalavr səviyyəsində qazandığım bilikləri həm nəzəri, həm də praktiki baxımdan genişləndirmək və təkmilləşdirmək istəyimdən irəli gəlir. Eyni zamanda, xaricdə təhsil almaqla əldə etdiyim bilik və təcrübənin əmək bazarında mənə üstünlük qazandıracağını düşünürəm. İxtisaslı kadrların isə həmişə ölkənin inkişafında əvəzedilməz rol oynadığı aşkar həqiqətdir. Bununla yanaşı, xaricdə təhsilin akademik baxımdan da daha keyfiyyətli mütəxəssis kimi yetişməyimə imkan yaradacağına əminəm. Hazırda təhsil aldığım universitet ixtisasım üzrə Birləşmiş Krallıqda beş ən yaxşı universitetdən biri olduğu üçün təhsilimin sonunda ümidlərimin doğrulacağını düşünürəm. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? - İlkin mərhələ üçün ixtisasıma uyğun olaraq, maliyyə və investisiya mövzularından bəhs edən kitabları seçmişəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Təhsil mühiti və tələbə-müəllim münasibəti baxımından bakalavriat təhsili aldığım Qafqaz Universitetində dəyişilməsini istədiyim hər hansı bir məqam yoxdur. Lakin müəyyən sistem və prosedurların avtomatlaşdırılmasını və infrastruktur baxımından daha da təkmilləşdirilməsini istərdim. Bunların da zamanla həyata keçiriləcəyinə inanıram. -Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Ölkəmizlə bağlı milli ornamentlərin təsvir olunduğu müxtəlif suvenirlər gətirmişəm. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Həmyaşıdlarıma demək istədiyim odur ki, fərdi həyatınızda təhsilin və eləcə də ölkəmiz üçün ixtisaslı kadrların əhəmiyyətini nəzərə alaraq, xaricdə təhsili mütləq şəkildə təhsil planlarının ayrılmaz hissəsi kimi qəbul etsinlər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Varvik Universitetində tələbə-müəllim münasibəti bakalavriat təhsilimdə gördüyüm münasibətdən, açığını desəm, fərqlənmir. Tələbənin müvəffəqiyyətli olması üçün çalışan və eyni zamanda tələbə ilə lazımi səviyyədə münasibət saxlamağı unutmayan peşəkar müəllim heyətinin əhatəsində olmaq çox xoşdur. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Universitetimizdə əcnəbi tələbələrə qarşı münasibətdən heç bir narazılığım yoxdur. Hər şey dostluq və bərabərlik prinsiplərinə əsaslanır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Burda gördüyüm təhsil mühiti və keyfiyyət baxımından yanaşdıqda, Azərbaycanda da eyni səviyyənin təmin edilməsi üçün sistemli yanaşma əsasında davamlı tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Atılan addımlar bu istiqamətdə uğur qazanacağımızı deməyə əsas verir. - Çətinlikləriniz varmı? - İlk vaxtlarda çətinliyim yeni ölkəyə və yeni mühitə alışmaqla bağlı idi. Sonra hiss etdim ki, bunlar zamanla aradan qalxan çətinliklərdir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarım çox məhdud olur. Odur ki, asudə vaxtımı əsasən, ailəm və yaxın dostlarımla əlaqə saxlamağa sərf edirəm. Lent.az
04/03/2016 14:20
Təhsil naziri braziliyalı senator Kristovam Buarkeni qəbul edib
Martın 4-də təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliyanın sabiq təhsil naziri, senator Kristovam Buarkeni qəbul edib. Görüşdə nazir braziliyalı qonağa Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib. Daha sonra tərəflər Braziliya və Azərbaycan arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
04/03/2016 13:08
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı