• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müsabiqə qalibləri mükafatlandırılıb

İyunun 23-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində  Silahlı Qüvvələr Gününə həsr olunmuş “Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Müdafiə Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları iştirak ediblər. Tədbir hərbi məktəb orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir. Çıxış edənlər sərginin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını bildirib, müsabiqənin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişməsində rolundan danışıblar.  Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən 263 əsər təqdim edilib. Müsabiqə üç yaş qrupu üzrə qiymətləndirilib. 6-8, 9-12 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilən müsabiqədə ümumilikdə, 12 qalib iş seçilib. 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Qaliblər hədiyyələr və diplomlarla təltif olunublar. Tədbirin bədii hissəsində Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.

Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim edilib

İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil naziri Mikayıl Cabbarov Nurlana Əliyevanın BSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb. BSU-nun rektoru Nurlana Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Nurlana Əliyeva 1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub. 2016-cı ilin aprel-iyun aylarında təhsil nazirinin müşaviri vəzifəsində çalışıb. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim N.Əliyeva Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.

ADPU-nun rektoru kollektivə təqdim edilib

İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru vəzifəsinə təyin edilmiş Cəfər Cəfərov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak edib. Təhsil naziri Cəfər Cəfərovun ADPU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. ADPU-nun rektoru Cəfər Cəfərov ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Cəfər Cəfərov 1983-cü ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1983-1987-ci illərdə MDU-nun aspirantı olub. 1987-ci ildə tarix elmləri namizədi, 2010-cu ildə isə tarix elmləri doktoru alimlik dərəcələrini alıb, professordur. C.Cəfərov 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, müəllim, dosent, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, tələbə elmi cəmiyyətinin elmi rəhbəri, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 1994-1998-ci illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi, 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin direktoru, 2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Daxili turizmin inkişafına dəstək” birgə layihəsinin milli koordinatoru olub. 2006-2016-cı illərdə Azərbaycan Turizm İnstitutunun və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışıb.

Tələbə-könüllülər “Formula 1” Avropa Qran Prisinə dəstək olub

Bakıda keçirilmiş “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub. Tələbə-könüllülər arasında “Formula 1” Avropa Qran Prisi haqqında təbliğat aparmaq məqsədilə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən fevral-mart aylarında ali təhsil müəssisələrində keçirilmiş təqdimatlar zamanı 11 000 tələbə məlumatlandırılıb. Nəticədə, könüllü olmaq hüququ qazanmış tələbələr üç günlük yarış zamanı müxtəlif vəzifələrdə çalışaraq, dünyanın ən mötəbər idman növlərindən biri olan “Formula 1”in təşkilində beynəlxalq təcrübə qazanıb, oyunun qaydalarını öyrənib, xarici mütəxəssislərlə bir komandada işləyiblər. Yarış zamanı könüllülər mütəmadi olaraq turistlər, xarici mütəxəssislərlə ünsiyyətdə olub, onlara ölkəmizin tarixi, təbiəti, beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsi və görməli yerləri haqqında məlumat veriblər. Tələbə-könüllülər komanda şəklində fəaliyyət göstərərək unudulmaz anlar yaşayıb və məşhur “Formula 1” pilotları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qeyd edək ki, martın 7-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu imzalayan gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov “Formula 1” Avropa Qran Prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildiriblər. Tələbə-könüllülərin “Formula 1” yarışına yardımçı olması üçün Təhsil Nazirliyi tərəfindən hər cür şərait yaradılıb, ali təhsil müəssisəsi və kolleclərdə yarış müddətinə düşən imtahanların vaxtı dəyişdirilib. Habelə, tələbə-könüllülərin yarış həyacanı ilə yaxından tanış olması və onlar arasında birlik ruhunun gücləndirilməsi məqsədilə “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən “Formula 1” təşkilat komitəsinin dəstəyi ilə aprel-may aylarında 1-ci Tələbələrarası Kartinq Çempionatı keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyi

İyunun 23-də “Gülüstan” sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdən öncə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər qoyublar. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiklər, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra AzMİU-nun 40 illiyik yubileyinə həsr olunmuş  film nümayiş olunub. Yubiley mərasimini giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qonaqları salamlayıb. O, yüksək dövlət təltiflərinə görə ölkə Prezidentinə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Rektor ölkəmizdə 95 illik tarixə malik memarlıq və inşaat ali təhsilinin tarixindən, AzMİU-nun keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. AzMİU-nun yaradılmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xatırladan rektor ulu öndərin hər zaman universitetə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. G.Məmmədova 1975-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan ali məktəbin ötən illər ərzində zəngin inkişaf yolu keçdiyini söyləyib. Rektor bildirib ki, inkişafının yeni mərhələsini yaşayan universitetdə məhz İlham Əliyevin qayğısı və dəstəyi ilə son illərdə müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş tədris laboratoriyaları və mərkəzlər istifadəyə verilib. Universitetin akademik göstəriciləri haqqında məlumat verən rektor AzMİU-nun zəngin maddi-texniki imkanlara və qabaqcıl təcrübəyə malik olduğunu bildirib: “Universitetdə 7 minə yaxın tələbənin təlim-tərbiyəsi ilə 550-yə yaxın professor-müəllim və elmi işçi məşğul olur. AzMİU-da dünyanın 14 ölkəsindən 700 əcnəbi tələbə təhsil alır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılmış SABAH qrupları AzMİU-da da uğurla fəaliyyət göstərir”. Baş nazirin müavini Abid Şərifov AzMİU-nun professor-müəllim heyətini yubiley münasibətilə təbrik edib, universitet kollektivinə ölkə həyatının müxtəlif sahələrinin yüksək səviyyəli mütəxəssislərlə təmin olunması yönündəki məsul və səmərəli fəaliyyətində uğurlar arzulayıb. Təhsil naziri Mikayıl Cabbarov universitet kollektivini təbrik edib, zəngin ənənələrə malik AzMİU-nun 40 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən bəhs edib, əldə olunan uğurların davamlı xarakter daşıdığını bildirib: “Ali təhsilin qloballaşması nəticəsində alətlər dəyişir, təhsil sisteminin real iqtisadiyyatla bağlantısı daha da artır. Müasir dünyada ali təhsil müəssisələri təkcə elm-tədris funksiyasını deyil, həm də iqtisadi artım mərkəzi rolunu oynayırlar”. Təhsil naziri ölkə başçısının təbrikini və yubiley münasibəti ilə AzMİU əməkdaşlarının təltif olunması barədə sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb, yüksək dövlət təltiflərini təqdim edib. Daha sonra Milli Məclisin, müxtəlif nazirliklərin nümayəndələri, AzMİU-nun tərəfdaşları olan dövlət və özəl şirkətlərin təmsilçiləri təbrik nitqi ilə çıxış edib, universitet kollektivinə xoş arzularını çatdırıblar. Memarlıq və inşaat ali təhsilinə göstərdikləri diqqət və qayğıya görə bir sıra dövlət və özəl şirkətlər AzMİU rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Həmçinin, səmərəli əməkdaşlığa görə, bir sıra KİV nümayəndələri də mükafatlandırılıb. Tədbirin sonunda AzMİU-nun kollektivi adından ölkə Prezidentinə ünvanlanmış məktub oxunub. Tədbirin bədii hissəsində AzMİU-nun özfəaliyyət ansamblının çıxışları dinlənilib və tələbələrin ifasında maraqlı rəqs nömrələri nümayiş olunub.

Müəllimlərin yerdəyişmə imtahanının nəticələri açıqlanıb

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində 16-17 iyun tarixlərində keçirilmiş  imtahanların nəticələri bəlli olub. Müsabiqədə elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76,93 faiz) iştirak edib. İştirakçılardan 345 nəfəri müsahibə mərhələsinə keçib. Müsabiqənin nəticələri barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib. Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilib. Əsasən ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstəriblər. Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri olub.

Turizm sahəsi üzrə təlimlərin iştirakçıları təltif edilib

İyunun 22-də 5 nömrəli Bakı Peşə Liseyində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” çərçivəsində təlimlərdə iştirak edən müəllim və şagirdlərə sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, “British Council” və turizm sənayesi müəssisələrinin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, Təhsil Nazirliyi “British Council” və turizm sənayesi müəssisələri - Hilton HotelFairmont Hotel ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihə həyata keçirib. Layihə çərçivəsində cari ilin may-iyun aylarında 45 nəfər şagirdin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirilib. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının işəgötürənlərlə birgə həyata keçirilməsinə imkan yaratmadır. Habelə, ilk peşə-ixtisas təhsili müəssisələrində turizm sektoru üzrə ehtiyaclara uyğun və təcrübəyə əsaslanan proqramın yaradılması, məzunların məşğulluq imkanlarının artırılması da layihənin əsas hədəflərindəndir. Təlimlərə Böyük Britaniyanın peşə təhsili üzrə təcrübəsindən yararlanaraq, təhsilin məzmunu və təlimlər üzrə ixtisaslaşmış “People 1st” təşkilatı dəvət edilib. Ekspert tərəfindən 12 müəllimə otelçilik, fəal istirahət, səyahət və turizm üzrə bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər keçilib. Eyni zamanda, həmin müəllimlər tərəfindən tərtib olunmuş kurikuluma uyğun olaraq, şagirdlər üçün də təlimlər təşkil edilib. Layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 45 şagird 5 nömrəli Bakı Peşə Liseyində 2 həftəlik nəzəri təlimlərdə və paytaxtdakı 5 ulduzlu Hilton Hotel və Fairmont Hotel mehmanxanalarında 6 həftəlik istehsalat təcrübəsində iştirak ediblər.   Pilot layihənin davamı kimi növbəti tədris ilindən etibarən 3 ixtisasın kurikulumunun hazırlanması (oteldə konsiyerj, aşpaz, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) və təhsil müddəti 1 il olan qruplarda kadr hazırlığının aparılması nəzərdə tutulur. Sonda təlimdə iştirak etmiş məzunlara sertifikatlar təqdim olunub.

Uşaqlar əsgərləri təbrik edib

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi Füzuli rayonundakı N saylı hərbi hissədə olub. Mərkəzin rəqs qrupları əsgərlər qarşısında milli rəqslərlə çıxış ediblər.  “Gənc aktyorlar” dərnəyinin üzvləri şeirlər səsləndirib, “Mahnı teatrı” və “Vokal” dərnəyinin şagirdləri vətənpərvərlik mahnıları ifa ediblər. “Çiçəyim” uşaq teatrı üzvlərinin təqdimatında səhnəciklər nümayiş etdirilib. Əsgərlərlə birlikdə nahar edən  uşaqlar özləri ilə gətirdikləri hədiyyələri və yazıqları məktubları əsgərlərə təqdim ediblər.

UNEC-də Yunus Sosial Biznes Mərkəzi yaradılıb

İyunun 21-də Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan Məhəmməd Yunus UNEC ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransa qatılıb. Tədbirdə Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, millət vəkilləri, universitet rəhbərləri və 9 ölkənin nümayəndə heyəti iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verib. Bildirib ki, M.Yunus Banqladeşdə yerləşən “Gramen Bankı” və 50-dən çox şirkətin qurucusudur. Ona davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə “Fortune” jurnalı 2012-ci ildə “Zəmanəmizin ən böyük təşəbbüskarlarından biri” adını verib. 2006-ci ildə Məhəmməd Yunus və “Gramen Bankı” birgə Nobel sülh mükafatına layiq görülüb. Rektor M.Yunusun tədqiqatının əhəmiyyətindən danışıb: “M.Yunus qlobal iqtisadiyyatda mövcud olan problemlərin həllinə alternativ yanaşma metodunu təqdim edib. Bu təklif kapital xərclərini azaldır, əhalinin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, qlobal iqtisadiyyatda sivilizasiyanın yaratdığı problemlərin həllini prioritet olaraq ön plana çəkir”. Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov dünyada baş verən iqtisadi proseslərin, neftin qiymətinin dəyişkənliyinin, milli valyutaların sərbəst buraxılması, digər siyasi və iqtisadi proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyini bildirib: “Ancaq aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır”. Sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir, deyə bildirən N.Əmirov ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməli olduğunu qeyd edib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda  çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edildiyini vurğulayıb: “İlk planda hər zaman insan kapitalı durur. Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər əhəmiyyət kəsb edir. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır”. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolunun danılmaz olduğunu bildirən nazir, tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olmasını müsbət qiymətləndirib: “Sosial biznes fəlsəfəsi cəmiyyəti bütöv və harmonik məfhum kimi görür”. Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus “Sosial biznes – inkişafa gedən yol” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, bank sahəsində fəaliyyətə başlayanda fikirlərinə görə bəzi insanlar ona çılğın kimi yanaşıblar: “Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq. Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadığını, kasıb olduğunu sübut etməlisən. Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyir. Bizim 8,5 milyon müştərimizin isə 97%-i qadındır. Bankın Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir”. M.Yunus dünyanın maliyyə sisteminın yanlış qurulduğunu da diqqətə çatdırıb: “Bütün banklar qapısını qadınların, xüsusilə də kasıb qadınların üzünə baǧlayır. Bu isə məntiqsizdir. Kasıb olmaq insanın günahı deyil. Banklar nəyəsə görə düşünür ki, kasıb müştərilər xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır. Biz bir bank olaraq gəlir əldə etmirik, mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq”. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Yoxsulluğun azaldılmasında özünüməşğulluq tədbirlərinin rolu” mövzusundakı çıxışında bildirib ki, Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir. Nazir müavini görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: “Həyata keçirilən sosial siyasət cəmiyyətimizin bütün həlqələrini sosial biznesin yaradılmasına təşviq edir”. Konfrans müzakirələrlə davam edib. Sonra rektor Ə.Muradov professor M.Yunusa UNEC-in Fəxri doktoru diplomunu təqdim edib. Konfrans çərçivəsində regionda ilk dəfə olaraq, UNEC-də yaradılan Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub. Mərkəzdə UNEC, Yunus Mərkəzi və BAMF arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəddə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişafı, yoxsulluğun aradan qaldırılmasında professor M.Yunusun fikirlərinin tanınması, Sosial Biznes konsepsiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, UNEC YSBM sosial biznes ideyasını təşviq etmək məqsədilə tələbə və könüllülərin inkişaf etməkdə olan ölkələrdəki kasıbların iqtisadi inkişafını təmin edən proqram və metodların ilkin mənbədən öyrənilməsi üçün tədris səfərlərini təşkil edəcək. Eyni zamanda, UNEC YSBM Azərbaycanda və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək üçün akademik görüşlər, seminar, diskussiya və tədqiqatlar keçirəcək. Sosial biznes ideyalarınıın yayılması istiqamətində vətəndaş cəmiyyəti qurumları, mikromaliyyə təsisatları və biznes strukturları YSBM-nin fəaliyyətinin uğurlu təşkilinə cəlb olunacaq. Mərkəz, həmçinin sosial biznes dizayn laboratoriyaları yaratmaqla bərabər, tələbə mübadilə proqramları, akademik debatlar, təcrübə proqramları, eləcə də könüllü fəaliyyətlər həyata keçirəcək. Mərkəzin rəhbəri UNEC-in müəllim heyəti arasından seçiləcək. Sonda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd YunusYSBM-dətədbir iştirakçıları üçün Azərbaycan dilinə tərcümə edilən “Kasıbların bankiri” (The Banker to the Poor) kitabını imzalayıb.   UNEC

“Sadəcə bir vərəq deməyək” sosial aksiyası

IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində Sumqayıt şəhərindəki təhsil müəssisələrinin şagird və tələbələri arasında kağız tullantılarının yığılması üzrə yarış xarakterli aksiya təşkil olunub. Layihəyə uyğun olaraq, iyunun 1-dən etibarən Sumqayıt şəhərində “Sadəcə bir vərəq deməyək” sosial aksiyası keçirilib. Aksiyada Sumqayıt şəhəri üzrə 55 təhsil müəssisəsi iştirak edib.   Aksiyada ən çox aktivlik göstərən təhsil müəssisələrindən Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya 3100 kq, 14 nömrəli tam orta məktəb 2400 kq, Texniki və Təbiət Elmləri liseyi 2200 kq, 6 nömrəli tam orta məktəb 2024 kq kağız təhvil verib. Ümumilikdə, aksiya çərçivəsində 39170 kq kağız toplanıb. Hər bir təhsil müəssisəsi topladıqları kağız tullantılarının miqdarına uyğun olaraq müxtəlif hədiyyələr, diplom, fəxri fərman, təşəkkürnamə ilə mükafatlandırılacaq. Aksiya ilə bağlı yekun tədbir iyunun 24-də keçiriləcək. Aksiyanın məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı