• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“BİR” Tələbə-Könüllü Proqramı ilə AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb

Dekabrın 8-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü ProqramıAzərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov imzalayıb. Qeyd edək ki, anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, “BİR” Tələbə-Könüllü Proqramına daxil olan ali təhsil müəssisələrində AFFA tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakı və onların təlimlərə cəlb edilməsi nəzərdə tutulub. “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğu nəzərə alınaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

"Dünyanın hansı ölkəsinə getməyimizdən asılı olmayaraq, insanın Vətənini heç nə əvəz etmir" - Uğur formulu

Təhsil Nazirliyi və  “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ceyran Ağayevadır. Ceyran Ağayeva 1983-cü ildə Bakı şəhərində anadan olub. 252 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin roman-german filologiyası fakültəsində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. 2008-ci ildə həmin universitetin xarici dillərin tədrisi metodikası fakültəsinin magistratura səviyyəsini bitirib. Hazırda Amerika Birləşmiş Ştatlarının nüfuzlu Miçiqan Dövlət Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir. - Niyə məhz bu ixtisası seçdiniz? - Təhsilin idarəolunması Azərbaycan ali təhsilində yeni bir sahədir. Bu sahədə Azərbaycanda təhsil almaq imkanları məhduddur. Bununla əlaqədar “ADA” Universiteti Miçiqan Dövlət Universiteti ilə birgə layihə imzalayıb və Azərbaycanda təhsilin idarəolunması üzrə magistr proqramına start verib. Mən də bu layihənin iştirakçısı olaraq xaricdə təhsilimi bitirdikdən sonra “ADA” Universitetində “School of Education” da gələcək kadrların yetişməsinə öz töhfəmi verməyə çalışacağam. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Hazırda oxuduğum universitetlə təhsil aldığım ilk universitet arasında təhsilə yanaşma fərqlidir. İlk olaraq deyim ki, burada tələbələrin istədikləri fənləri seçmə imkanları daha genişdir. Bundan əlavə, buradakı elmi məsləhətçilər tərəfindən tələbələrə göstərilən dəstəyi çox bəyənirəm. Dərslərdə tənqidi təfəkkürün inkişaf etdirilməsinə daha çox üstünlük verilir. Bu, bizim əksər ali məktəblərdə rast gəlinən böyük problemdir. Tələbələrə dərs vəsaitlərindən öyrəndikləri məlumatlara tənqidi mövqedən yanaşmağı öyrətmək daha yaxşı olardı. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Burada Azərbaycanın rəsmi və qeyri-rəsmi bayramları, tarixi barədə dostlarıma, tanıdığım insanlara və iştirak etdiyim  tədbirlərdə məlumatlar verirəm. Bundan əlavə, ali təhsilin idarə olunması ixtisasını seçdiyim üçün qatıldığım bir çox layihələrdə Azərbaycanın ali təhsil müəssisələrinin tarixindən və eləcə də mövcud imkanlarından bəhs edə bilmişəm. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Tələbə-müəllim münasibətləri çox fərqlidir. İstənilən vaxt məsləhət üçün müəllimə müraciət etmək olar. - Daha çox hansı çətinlikləriniz olub? - Ən böyük çətinliyim ilk vaxtlarda oldu, ailəmdən uzaq yaşamağa alışmağım çətin oldu. Bir müddət keçdikdən sonra insan buna öyrənsə də, bəzən xüsusilə də bayramlarda Bakıda - ailəm və dostlarımla olmağı çox istəmişəm. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Universitetdə kifayət qədər əcnəbi tələbə təhsil alır. Mən keçən il əcnəbi tələbələrlə bağlı layihədə iştirak edirdim və tələbələrdən biri ən yaxın dostlarının əcnəbilər olduğunu dedi. Səbəbini soruşanda isə “Bizi ölkəmizdən uzaq olmağımız bir-birimizə bağlayır” -  söylədi. Mən də bu fikirlə razıyam. Xaricdə təhsil aldığım müddətdə rastlaşdığım əcnəbi tələbələrlə ünsiyyətə girmək və dost olmaq asandır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycanda aparılan islahatlar təhsil sahəsində gələcəyin yaxşı olacağından xəbər verir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda əcnəbi dostlarımla ünsiyyət qurmağı, bir yerə toplaşmağı sevirəm. Dərslərdən vaxt tapdıqda, bayram tətillərində ABŞ-ın görmədiyim yerlərini, şəhərlərini gəzirəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Təhsilimi bitirdikdən sonra Azərbaycanda, “ADA” Universitetində yeni yaranmış fakültədə işləməyi planlaşdırıram. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Çoxlu sayda yeniliklər əldə edə bilmişəm. Bundan daha çox isə vaxtı ilə bildiyim məsələlərə yeni mövqedən və ya bir neçə mövqedən baxmağı öyrənmişəm. Özümdən asılı olmadan, öyrəndiklərimin, gördüklərimin nə dərəcədə Azərbaycan üçün yararlı və uyğun olub-olmayacağını müqayisə edirəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Gənclər üçün hər cür imkanların olduğu dövrdə yaşayırıq. Xaricə gəlib buradakı mədəniyyəti əyani şəkildə görmək, bundan bəhrələnmək çox yaxşıdır. Sadəcə bunları indiki mövcud onlayn imkanlardan istifadə edərək təcrübədən keçirmək olar. Hər hansı bir ixtisasa yiyələndikləri zaman onu mükəmməl şəkildə öyrənsinlər. Xarici dil öyrənsinlər, bu, onların dünyaya açılan yollarıdır. Və ən əsası Vətənimizi çox sevsinlər, çünki dünyanın hansı ölkəsinə getməyimizdən asılı olmayaraq, insanın Vətənini heç nə əvəz etmir.   1news.az

Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək. İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək. Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində, Ağdam və Göyçay rayonlarında   yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri bəlli olub

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionat” layihəsinin final oyunu keçirilib. Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubunun (AİOK) təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarına Bakının 4 rayonunun məktəblərindən ümumilikdə 100 iştirakçı qatılıb. “Parlaq Zəka” intellekt şou formatında keçirilən oyunda Xəzər, Suraxanı, Sabunçu və Nizami rayonları üzrə seçim turlarında iştirak edən və 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya, ümumi dünyagörüşü və məntiqi biliklərə dair sualları cavablandırıblar. Yarışda Nizami rayonunu təmsil edən 229 nömrəli tam orta məktəbin komandası 3-cü yeri, Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, Suraxanı rayonunu təmsil edən 278 nömrəli tam orta məktəbin komandası isə birinci yeri tutub. Qaliblər sertifikat, medal və kuboklarla təltif olunublar. Qeyd edək ki, “Azərbaycan” İntellektual Oyunlar Klubu Azərbaycanın bölgələrində də yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İntellektual Oyunlar Klubunun açılışı ilə bir sıra bölgələr bu hərəkata qoşulub. Eyni zamanda hər həftə AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və “Breyn Rinq” formatında yarışlar keçirilir.

Dövlət mükafatı təqdim olundu

Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə  ali mükafatı təqdim edib. Əhməd Vəliyevin təhsil sahəsindəki fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb. Rektor əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.

Növbəti TOPs layihəsinə start verilir

Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “British Council” arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, akademiyanın rektoru Fuad Hacıyev, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə ötən tədris ilini əhatə edən “TOPs proqramı - fiziki tərbiyə üzrə müasir  təhsil texnologiyalarinin yaradılması” layihəsinin qiymətləndirilməsi hesabatına dair video təqdimat nümayiş olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. Layihənin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, “TOPs proqramı” hər il əhatə dairəsini genişləndirir. 2016-2017-cı tədris ilində sözügedən layihədən 72 ümumtəhsil məktəbindən 320 nəfərdən artıq ibtidai sinif və fiziki tərbiyə müəllimi, 100 mindən çox şagird faydalanacaq. Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, hazırda bu proqramdan, əsasən məzunlar istifadə etsələr də, növbəti illərdə TOPs metodikasını həm də akademiyanın tədris proqramına daxil etmək niyyətindədirlər. Təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə yaranmış işgüzar əməkdaşlığından  danışan “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt layihələr içərisində 2014-cü ildən start verilmiş “TOPs proqramı”nın xüsusi əhəmiyyəti olduğunu bildirib. Daha sonra ötən tədris ilində “Ən yaxşı açıq dərs” və “Ən yaxşı idman festivalı” nominasiyası üzrə qaliblərə diplom və hədiyyələr təqdim olunub. Tədbirin sonunda dövlət rəsmiləri və qonaqlar akademiya ilə tanış olublar. Qonaqlar, həmçinin akademiyada fəaliyyət göstərən IV İslam Həmrəylik Oyunları nəzdində könüllülük proqramının qeydiyyat düşərgəsini də ziyarət ediblər.

Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Dekabrın 6-da Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Nizami” Kino Mərkəzində keçirilən tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “İstək” liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, ali məktəblərin rektorları, millət vəkilləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri, valideynlər, şagirdlər və media təmsilçiləri iştirak ediblər. Bilik yarışının qaliblərini təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Təhsil Nazirliyinin istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edən nazir müavini bu məqsədlə yaradılmış Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyəti haqqında fikirlərini bildirib. Gələcəkdə məntiq olimpiadasının coğrafiyasının genişləndirməsinin mümkünlüyünü söyləyən C.Bayramov ölkənin digər şəhər və rayonları üzrə məktəblilərin də bu layihəyə cəlb edilməsinin əhəmiyyətindən söhbət açıb. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. İdarə müdiri qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanıb, istedadlı şagirdlərin xüsusi siniflərdə təhsil alması üçün müvafiq işlər görülüb. M.Vəliyeva böyük azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdinin iştirak etdiyini bildirib. Onlardan 2 375 nəfərin finalda iştirak hüququ qazandığını vurğulayan idarə müdiri yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin mükafatçılar sırasına daxil olduğunu söyləyib. İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq, olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub. “İstək” liseyinin direktoru Anar Məmmədov Məntiq Olimpiadasının istedadlı şagirdlərin seçilməsi və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra çıxış edənlər son illərdə məktəblilər arasında bilik yarışlarına və olimpiada hərəkatına artan marağın yüksək səviyyədə dəstəklənməsinin bu istiqamətdəki nailiyyətlərin daha da genişlənməsinə əsaslı zəmin yaratdığını söyləyiblər. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində reallaşdırılmış olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədilə təşkil olunub. Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.  

Məktəbdənkənar müəssisələrin əməkdaşları üçün təlim keçirilib

Şamaxıda “Məktəbdənkənar müəssisələrin əməkdaşlarının müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə təşkil edilən təlim 3 gün davam edib. Təlimin məqsədi məktəbdənkənar müəssisələrin əməkdaşlarının bilik və bacarığını artırmaq, onların təlim və layihələrin idarə olunması üçün yeni forma və metodlarla işləmələrini təmin etmək olub. Təlim Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşları üçün təşkil edilib. GİZ təlimçiləri tərəfindən xüsusi ekoloji qruplar üçün ekosistem xidmətləri, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tərəfindən isə turizm qrupları üçün turizmin əsasları, yerli turizm və ekskursiya təlimləri keçirilib. Təlim iştirakçılarına layihələrin idarəolunması, özünü inkişaf etdirməyin yolları,  ətraf mühit təlimçisinin rolu barədə məlumatlar verilib. Təlimin ikinci günü məktəblilərlə iş zamanı moderasiya metodlarından istifadə və rol oyunları öyrədilib. Sonuncu gün iştirakçılara ictimaiyyətin məlumatlandırılması üçün effektiv kampaniyalar, refleksiya metodları və təlimin qiymətləndirilməsi, müasir tələbata uyğun dərs proqramlarının tərtibi ilə bağlı biliklər aşılanıb.

Tələbə-Könüllülərin 2-ci Forumu keçiriləcək

Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçiriləcək. Tədbir ötən il təşkil olunmuş 1-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq. Dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri və tələbə-gənclərin iştirakı ilə keçiriləcək Forumda könüllülük hərəkatının inkişafı  və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrə yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, onların həm fərdi, həm də ictimai həyatda inkişaf etməsinə imkan yaradır. Ölkəmizin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunan 7 mindən artıq könüllü 63 müxtəlif səviyyəli tədbirlərdə iştirak edib.  

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək. İmtahanlarda 7000 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar.  Həmçinin Şuşanın Mingəçevir şəhərində, Ağdam və Göyçay rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı