• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Niderlandda təhsil alan tələbə: Uşaqlıq arzumu gerçəkləşdirdim - Uğur formulu

Təhsil Nazirliyi1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Şamil Mustafayevdir. Şamil Mustafayev 1993-cü ildə Gəncə şəhərində anadan olub. İbtidai təhsilini 4 nömrəli tam orta məktəbdə, ümumi orta və tam orta təhsilini isə Gəncə Özəl Türk Liseyində alıb. Tam orta təhsilini başa vurduqdan sonra 2010-cu ildə Bolqarıstanda yerləşən Amerikan Universitetinə qəbul olunub və orada kompüter elmləri və informasiya sistemləri üzrə ikili ixtisasla bakalavr pilləsini bitirib. Bakalavr təhsilinin bir semestrini mübadilə proqramı ilə ABŞ-ın Vermont Universitetində keçirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Niderland Krallığının Eyndhoven Texnologiya Universitetində (TU/e) biznes informasiya sistemləri üzrə magistratura təhsili alır, sonuncu kurs tələbəsidir. - Orta məktəb illərində uğurlarınız. Daha çox hansı fənlərə maraq göstərirdiniz? - Orta məktəbdə əsasən riyaziyyat, kimya və ingilis dili fənlərinə maraq göstərirdim. IX və X siniflərdə kimya və ingilis dili üzrə şəhər birinciliyinin qalibi olmuşam. İlk müəllimlərimi çox gözəl xatırlayıram və fürsət düşdükcə onları ziyarət edirəm. Müəllimlərim mənim təhsilimdə böyük pay sahibidirlər və onları unutmaq günah olardı. Bu günə kimi qazandığım bütün nailiyyətlərə görə öz sahələrində güclü savada malik olan müəllimlərimə borcluyam. - Sizdə ixtisasınıza maraq necə və nə vaxtdan yarandı? - Orta məktəbdə kimya olimpiadasında mütəmadi iştirak etdiyim üçün kimyaçı olmağı düşünürdüm. Bundan əlavə, təhsilimi xaricdə davam etdirmək istəyirdim. Ancaq 2010-cu ildə Amerikan Universitetinə daxil olduqda bu iki istəyimin birindən keçməli idim, çünki həmin universitetdə kimya ixtisası mövcud deyildi. Uşaqlıqdan da digər marağım kompüterlərə idi və beləcə kompüter elmləri üzrə təhsil almağı qərara aldım. - Xaricdə təhsil almağa necə qərar verdiniz? - Məktəbdə ingilis dilinə marağım böyük idi. Məktəbdən sonra isə dil kurslarına gedirdim. IX sinifdən isə xaricdə təhsillə maraqlanmağa başladım. Orada müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr tapdım və onlarla mütəmadi danışmağa başladım. Beləcə bu istək daha da böyüdü və 2010-cu ildə xaricdə təhsil almağa yollandım. Qəbul sənədi aldıqda, açığı, valideynlərim çox tərəddüd edirdi. Yad və uzaq ölkə, fərqli mədəniyyət, sosial ortam və maliyyə. Ancaq xaricdə təhsil almağımın gələcəyim üçün nə qədər önəmli olduğunu valideynlərimə izah etdikdən sonra razılaşdılar. Bu müddət ərzində ingilis dili müəllimim və ailə üzvlərim əsas dəstəkçilərim idi. - Dövlət Proqramına qəbul olunmanız xəbərini necə qarşıladınız? - Dövlət Proqramına qəbul olmağımı böyük sevinclə qarşıladım. Niderlandda təhsil xərcinin yüksək olduğunu nəzərə alsaq təqaüdsüz orada təhsil almağım qeyri-mümkün idi. Dövlətimizin gənclər üçün belə imkan yaratması mükəmməl addımdır. Bu proqramın müsbət tərəfləri çoxdur. Birincisi, güclü mütəxəssis olmağa savadı və qabiliyyəti olub, maliyyə imkanı olmayan gənclər üçün əla fürsətdir. İkincisi, Azərbaycan gənc ölkə olduğu üçün bəzi ixtisaslar yeni-yeni inkişaf etməyə başlayır, ancaq Avropa və Amerika təhsil sistemində bu ixtisaslar çox inkişaf edib. Belə ixtisaslara əsasən texnologiya ilə bağlı olan sahələr aiddir. Buna görə də Dövlət Proqramı bu ixtisaslar üzrə xaricdə təhsil alıb təcrübə toplamaq üçün mühüm bir proqramdır. Üçüncüsü, bu proqram vasitəsilə əcnəbi ölkədə təhsil alarkən oranın ən yaxşı təcrübələrini götürüb gələcəkdə Azərbaycanda tətbiq etmək mümkündür. Dördüncüsü isə ümumilikdə xaricdə təhsil insanın öz inkişafı üçün müsbət haldır. - Təhsilimizdə gedən son proseslərə münasibətiniz necədir? - Təhsilimizdə gedən son prosesləri yaxından izləyirəm. Xaricdə təhsil alan güclü mütəxəssislərin Azərbaycan universitetlərinə cəlb edilməsi müsbət haldır. Həmçinin məktəblər üçün mütəmadi olaraq yeniliklərin tətbiq olunması Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Ali məktəblərimizə gəldikdə isə, istərdim diplom işi yazan tələbələr bu işi şirkətlərdə yazsınlar. Bunun üçün isə universitetin ayrı-ayrı ixtisaslar üzrə müxtəlif şirkətlərlə sıx əlaqələri mövcud olmalıdır. Məsələn, bizim universitetdə 10 tələbədən 9-u istər bakalavr, istərsə də magistr pilləsi üzrə diplom işini şirkətdə yazır. Bu, bütün tərəflər üçün səmərəlidir. Şirkət pulsuz və ya kiçik pul müqabilində, tələbə vasitəsilə hər hansı mövzu barədə sualına cavab tapa və ya üzləşdiyi çətinliyi aradan qaldıra bilir. Universitet məzun etdiyi tələbənin real iş təcrübəsinə malik olmağına vəsilə olur və dünyaya öz töhfəsini vermiş olur. Tələbə isə bunun müqabilində həm təhsilinə dəstək üçün müəyyən məbləğdə pul qazanır, həm real iş təcrübəsinə malik olur, həm də diplom işini bitirdikdən sonra həmin şirkətdə qalıb işləmək şansı əldə edir. - Tələbə həyatınız necə keçir? Mütaliəyə münasibətiniz? - Tələbə həyatım tək təhsil almaqdan ibarət deyil. Asudə vaxtımı futbol oynamaqla, dostlarımla birgə gəzməklə, azərbaycanlıların toplaşdığı müxtəlif tədbirlərə qatılmaqla, Azərbaycanın mühüm dövlət bayramları və xüsusi günləri ilə bağlı universitetdə tədbirlər təşkil etməklə keçirirəm. Bundan başqa, Avropada futbol üzrə Azərbaycan milli komanda və klublarını dəstəkləyən azarkeş qrupunun (Milli Dəstə) həmtəsisçisi kimi mütəmadi olaraq idmançılarımıza dəstək oluruq. Mütaliəyə münasibətim yaxşıdır. Kitab oxumasam da, əsasən onlayn mütaliə ilə məşğul oluram. İxtisasıma aid yenilikləri müxtəlif onlayn portallardan oxuyuram. Həmçinin dünya siyasətinə marağım olduğu üçün tez-tez bununla bağlı xəbərləri oxuyuram. - Niderland təhsil sisteminin üstünlükləri barədə nə deyə bilərsiniz? - Niderland təhsil sisteminin bir çox üstünlükləri var. Niderland universitetlərinin istənilən pillə üzrə diplomu digər universitetlərin diplomu ilə ekvivalent sayılır. Yəni, Eyndhoven Texnologiya Universitetində bakalavr pilləsi üzrə məzun olan şəxslə, Delft Texnologiya Universitetinin eyni pillə və eyni ixtisas üzrə məzun olan şəxs bərabər savada malik olduğu kimi qəbul edilir. Buna görə də magistratura və ya PhD pilləsi üzrə istənilən Niderland universitetinə imtahansız qəbul ola bilir. Nəzəri biliklə yanaşı praktik biliyə də çox üstünlük verilir. Demək olar ki, bütün mühazirələrdə ən azı bir qrup layihəsi olur və bu layihə mövcud şirkətin real məlumatlarına əsaslanır. Bunun isə təcrübə baxımından gələcəkdə tələbənin hər hansı şirkətdə işləməsinə müsbət təsiri var. Oxuduğum ali təhsil müəssisəsi Niderlandın 2 ən güclü texnologiya universitetindən biridir. Mühəndislik və IT üzrə dünyanın top 100-lüyünə daxil olan bu universitet gələcəyin ən peşəkar mütəxəssislərini yetişdirməklə məşğuldur. Ali məktəb 2016-cı ilin nəticələrinə əsasən, universitet-şirkət əlaqələri nəticəsində hazırlanan tədqiqatların sayına görə Harvard Universitetini də qabaqlayaraq dünyada 1-ci yerə layiq görülüb. Burada dərs deyən ən məşhur riyaziyyatçı alimlərdən biri Edsger Deykstra olub. İxtisasım isə biznes informasiya sistemləridir (BİS). Bu ixtisas kompüter elmləri və sənaye mühəndisliyi kafedralarının birgə təsis etdiyi bir ixtisasdır. Bu ixtisasda daha çox informasiya sistemlərindən istifadə edilərək biznes proseslərinin təşkili, təhlili və optimallaşdırılması öyrədilir. Bu proqramın 2 illik olması isə əlavə üstünlükdür, çünki bu peşəyə tam yiyələnmək üçün yetərli qədər vaxt imkanı olur. Seçdiyim ixtisasın ən önəmli cəhətlərindən biri isə istənilən biznes prosesinin optimallaşdırılmasıdır. Sirr deyil ki, istər dövlət, istərsə də özəl şirkətlərdə həm maliyyə, həm də əməliyyatların aparılması istiqamətində optimallaşdırmaya ehtiyac var.. -Universitetdə müəllim-tələbə münasibətləri necə qurulub? - Oxuduğum universitetdə müəllim-tələbə münasibətləri dərs zamanı interaktiv olur. Tələbə istənilən zaman müəllimi dayandırıb sual verə bilər. Bundan başqa bəzi vaxtlarda dərsi, qrupun bir tələbəsi keçir. Bunun üstün cəhəti isə həmin mövzunu digər tələbə yoldaşının prizmasından dinləyib daha asan qavramaqdır. Yeganə problem müəllimlərdən dərsdən kənar yardıma ehtiyac olduqda bir çox zaman məşğul olmaları və tələbəyə vaxt ayıra bilməmələridir. Məsələn, Azərbaycanda bu problemlə heç vaxt qarşılaşmamışam. Təəssüflər olsun ki, burada belə hal tez-tez baş verir. Səbəb kimi isə müəllimlərin digər tədqiqat işləri ilə məşğul olmasını göstərirlər. -Universitetdə mühazirə və imtahan sessiyası necə təşkil olunur? - Universitetdə mühazirələr digər universitetlərdə olduğu kimi standart təşkil olunur. Əsasən slayd təqdimatlarından istifadə edərək tələbələrə dərsi başa salırlar. Bəzi hallarda həftənin 1 dərs günü əvvəlki dərs günündə keçilən dərsin kiçik imtahanı təşkil olunur. Belə olan halda tələbə hər mövzunu mütəmadi oxuyur və son ana saxlamır. İmtahanlara nəzarət çox ciddi şəkildə olur. Telefonların çantanın içinə qoyulması tələb olunur. Nəzarətə isə əsasən yaşlı işsiz şəxslər cəlb olunur ki, bu da əmək qabiliyyətini itirmiş vətəndaşlara əlavə pul qazandırmaq məqsədi daşıyır. - Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz? Tələbələr üçün hansı imkanlar var? - Xaricdə təhsilin üstünlükləri çoxdur. Xaricdə təhsil tələbənin dünyagörüşünü artırır, yad ölkədə sərbəst yaşamaq təcrübəsi qazandırır, yeni mədəniyyətlər öyrənmək, ingilis dilini inkişaf etdirmək və müxtəlif fərqli təcrübələr qazanmaq şansı yaradır. Həmçinin hər ölkənin öz ixtisaslaşmış sahəsi var və o sahə üzrə güclü mütəxəssislər yetişdirirlər. Əgər bir tələbənin müəyyən ixtisas üzrə xaricdə oxumaq arzusu varsa, mütləq o ixtisas üzrə güclü inkişafı olan ölkə və onun universitetini seçmək lazımdır. Böyük universitetlərin çox böyük kompasları olur ki, bu da tələbələrə dərsdən kənar özünü inkişaf etdirmək üçün əlavə imkanlar yaradır. Məsələn, universitetin bir çox idman növləri üçün bir neçə meydançası, üzgüçülük hovuzu və idman zalları olur. Azərbaycanda olduğu kimi, xarici universitetlərdə də tələbələr müxtəlif elmi tədqiqatlara cəlb olunur, onların biliklərindən və təcrübələrindən yararlanmağa çalışırlar. Bir çox belə elmi tədqiqatlar isə yeni innovativ məhsulun yaranmasına gətirib çıxarır ki, bu da həm universitet, həm müəllim, həm tələbə, həm də bəşəriyyət üçün hərtərəfli xeyirdir. - Xaricdə təhsil sizin ümidlərinizi doğrultdumu? Qənaətləriniz necədir? - Düşünürəm ki, xaricdə təhsil mənim ümidlərimi doğrultdu. Təbii ki, tam doğrultması üçün təhsilimi bitirib ixtisasım üzrə yaxşı iş yeri tapmaq önəmlidir. Ancaq düşünürəm ki, yaxşı mütəxəssis üçün iş yeri tapmaq heç də çətin deyil. Yetər ki, universiteti bitirən məzun ixtisası üzrə peşəkar mütəxəssis olsun və işləmək həvəsi olsun. - Bir gənc olaraq Azərbaycanı Niderlandda təbliğ edə bilirsinizmi? Azərbaycanla bağlı hansı tədbirləriniz olub? - Azərbaycan diasporası ilə sıx əlaqələrim var. Mütəmadi olaraq istər səfirlik, istərsə də diaspora təşkilatlarının keçirdikləri önəmli tədbirlərə qatılırıq, təşkilində kömək edirik. Bir çox yeni gələn tələbələr üçün uyğunlaşma müddətinə ehtiyac olduğundan onlarla əlaqə saxlamaq bəzi vaxtlarda çətin olur və əlaqə yarandığı zaman isə təhsilinin bitməsinə çox az zaman qaldığını müşahidə edirik. Buna görə də, tələbələr olaraq çalışırıq ki, bütün universitetlərdə ən azı 1 tələbə ilə mütəmadi əlaqədə olaq və yeni azərbaycanlı tələbələr gəldikdə, onları Azərbaycanın təbliğinə cəlb edək. Düşünürəm ki, Azərbaycanı yetərincə təbliğ edə bilirik. İstər təhsilimizlə, istər mədəniyyətimizlə, istərsə də bayram günlərində keçirdiyimiz müxtəlif tədbirlərlə. 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım günlərində əsasən diasporanın təşkil etdiyi tədbirlərə qatılırıq. Keçən ilin aprel ayında ermənilər tərəfindən Azərbaycanın cəbhə bölgələrində yaşayan vətəndaşlarımıza qarşı olan təxribatla bağlı Haaqada yerləşən erməni səfirliyi önündə aksiyada iştirak etdik. Aksiyaya Niderland Krallığının müxtəlif universitetlərindən 50-yə yaxın tələbə də qatılmışdı. Bayram günləri ilə əlaqədar tədbirlərə gəldikdə isə, keçən ilin 28 may tarixində Eyndhoven Texnologiya Universitetində 2 tədbir keçirdik. Universitetin kitabxanasının girişində Azərbaycanın mədəniyyətini, tarixini, coğrafiyasını, xalçalarını, flora və faunasını, həqiqətlərini və digər mühüm cəhətlərini əks etdirən kitabçalar və bukletlərdən ibarət stend yerləşdirdik. Ümumilikdə stendə yüksək maraq var idi. Müxtəlif ölkələrdən tələbələr stendimizə yaxınlaşıb kitabçaları götürürdülər, suallar verirdilər. -Gələcək planlarınız? - Gələcək planlarım təhsilimi bitirib, Azərbaycan üçün güclü mütəxəssis olmaq, həm ölkəmizə, həm də bəşəriyyətə xeyir verməkdir. Təbii ki, olduğum yerdən asılı olmayaraq, Azərbaycanın təbliğini də davam etdirmək gələcək planlarıma daxildir.   1news.az

ADNSU-da “Novruz mühazirəsi” keçirilib

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti "Novruz mühazirəsi" keçirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının "Yeni texnologiyalar, yeni materiallar: gələcəyə baxış" mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə ADNSU-nun professor-müəllim heyəti, universitetin İctimai Etimad Şurasının üzvləri, KİV təmsilçiləri iştirak ediblər. Mustafa Babanlı mühazirəsində materialşünaslığın inkişaf tarixi, yeni texnologiyalar, onların həyatımızda rolu, materialşünaslıq və mühəndislik arasında sıx əlaqədən danışıb. Rektor smart materiallar, onların bugünkü və gələcək tətbiq sahələri haqqında məsələlərə toxunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“İşgüzar qızlar” adlı yarış keçirilib

Martın 7-də Respublika Uşaq Yaradıcılıq Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “İşgüzar qızlar” adlı yarışma keçirilib. Yarışmada “Gənc dizayner” dərnəyinin üzvləri iştirak edib. Altı tapşırıqdan ibarət olan bu yarışmada iştirakçı gənc qızlar iki komandaya bölünüb. İştirakçılar düymə tikib, gül toxuyub, şeir söyləyib, şəkərburaya naxış vurub, xonça bəzəyiblər.  Dərnək üzvlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər nümayiş olunub. Sonda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, diplomlarla təltif olunublar.

“Novruz mühazirələri” UNEC-də davam edib

Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçirilib. Budəfəki görüşdə UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri Məhiş Əhmədovun “Milli iqtisadiyyat üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyası kimi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə UNEC-in rektoru Ədalət Muradov, universitetin professor-müəllim heyəti, təhsil ekspertləri və tələbələr iştirak ediblər. Məhiş Əhmədov Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək və ondan sonrakı dövr üçün hədəf baxışdan ibarət olduğunu bildirib. Mühazirəçi sənədin təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meylləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin SWOT təhlilini (GZİT- güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələrin təhlili), görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə etdiyini vurğulayıb. Məhiş Əhmədov mühüm sənədin strateji hədəflərini açıqlayıb. Mövzuya Azərbaycan üçün qlobal və regional kontekstdən baxaraq, onilliklər ərzində iqtisadiyyata təsirlərin ilk əlamətlərinin artıq indidən görünməkdə olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edib

Martın 6-da təhsil naziri Mikayıl Cabbarov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.   *** Təhsil naziri Qəbələ Peşə Məktəbinin yeni tikilən tədris binası ilə tanış olub. Açılışı bu ilin ilk yarısında planlaşdırılan yeni peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı kadr və mütəxəssislər hazırlayacaq. Peşə məktəbində tədris olunacaq proqramların məzmunu BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilmiş “Heyvandarlıq mütəxəssisi” ixtisası və BP tərəfindən həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması" layihələrinə uyğun formalaşacaqdır.

Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb

Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması və ölkəmizdə son dövrdə bütün sahələrdə aparılan islahatlar dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan yanaşmaların tətbiqini ön plana çəkir. İnkişaf etmiş təhsil sistemlərinin təcrübəsindən aydın olur ki, dayanıqlı inkişafın təmin edilməsi baxımından təhsilin idarəolunması, çatdırılması və təkmilləşdirilməsində iştirak edən tərəflər arasında əlaqələr genişləndirilməli və işəgötürənlərlə sıx əməkdaşlıq qurulmalıdır. İlkin mərhələdə iki sahə üzrə yaradılan Daimi Şuralar dövlət qurumları nümayəndələri,  özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcəkdir. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur. “Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı  səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaq. “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir. Daimi Şuralar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun fəaliyyət göstərəcək.

Fənn müsabiqələri keçirilib

Martın 5-də ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagird iştirak edib. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.

Növbəti “Novruz mühazirələri”

Martın 3-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə növbəti "Novruz mühazirəsi" keçirilib. Budəfəki görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun "Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri" mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti, Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktor və müəllimləri, təhsil ekspertləri iştirak ediblər. Fərrux Rüstəmov mühazirəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkildiyini vurğulayıb. Fərrux Rüstəmov müəllim əməyinin səciyyəvi xüsusiyyətləri, peşə keyfiyyətləri barədə danışıb, pedaqoji ustalıq anlayışının mahiyyətinə aydınlıq gətirib. Müəllimlərin peşəkarlığının yüksəldilməsi sahəsində görülən işləri təqdir edən Fərrux Rüstəmov ibtidai sinif müəllimi hazırlığının təkmilləşdirilməsi  ilə bağlı fikirlərini bildirib. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı

Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar. Sonra tədbirin rəsmi hissəsində universitetin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə töhfə verməsidir. Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır. Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir. Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov SABAH qruplarında təhsil alan tələbələrin təşəbbüsünü alqışlayıb, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Əli Həsənov tələbələrin bu cür layihələrlə ölkə Prezidentinin rəhbərliyi altında işğaldan azad ediləcək ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır. Milli Məclisin sədr müavini Bahar Muradova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov layihə münasibətilə tələbələri təbrik edib, onların bu təşəbbüsünün ölkə başçısı tərəfindən aparılan siyasətin məqsədinə tam uyğun olduğunu bildirib. Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmadığını, vətənpərvərlik və təəssübkeşliyin bariz nümunəsi olduğunu bildirib. Təhsil naziri  tələbələrin  yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq bu layihənin tələbələrimizin potensialından xəbər verdiyini diqqətə çatdırıb. Layihənin yüksək təqdimatından xüsusi məmnunluğunu bildirən Mikayıl Cabbarov, bunun Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarında təhsil alan tələbələrin biliyi və əməyi nəticəsində ərsəyə gəldiyini deyib. Nazir bildirib ki, SABAH qrupları 3 il əvvəl ali təhsildə yenilikçi mühitin formalaşdırılması, savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin yetişdirilməsi, kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Sonda AzMİ-nun rektoru Gülçöhrə Məmmədova universitetin professor və müəllim heyəti adından qonaqlara təşəkkür edib.  

“Olimpiya Hərəkatı - 2017” lahiyəsi çərçivəsində yarışlara start verilib

“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin rayondaxili yarışlarına start verilib. Yarışlarda Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsinin komandaları idmanın voleybol, basketbol, badminton, veloidman və atletika növləri üzrə mübarizə aparacaqlar. Yarışların məktəbdaxili mərhələsinə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu üzrə 406 ümumtəhsil məktəbindən 90 minə yaxın məktəbli qatılıb. Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi respublika birinciliyinin məqsədi məktəblilər arasında ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək və olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı