SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır
Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
29/03/2019 10:45
“Bizim müəllim”
Rüfanə Mürsəlova İmişli rayonu Cavadxanlı kənd tam orta məktəbində çalışır. O, 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb. İbtidai sinif müəllimi Rüfanə Mürsəlova müəllimin özünə qarşı inamlı və yeniliklərə açıq olmasının vacibliyini qeyd edir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
29/03/2019 10:02
SABAH məzunundan böyük qələbə
Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə SABAH qrupları məzunu Elnarə Məmmədzadənin “Dataforest” startapı İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyası üzrə çempionu seçilib. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti rəqəmsal sahələrdə mövcud trendlərin, yenilik və çətinliklərin müzakirə edildiyi ən iri toplantı hesab olunur. Keyfiyyətli, sürətli və rahat bir mənbə olan “Dataforest” startapı dünyanın hər yerindən öz məlumatlarını yükləmək, paylaşmaq, boş vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal platformadır. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan bu startap “MİT GSL Azerbaijan Demoday”inin qalibi, “AWITA 2018”də isə “İlin Startapı” olaraq mükafatlandırılıb. “Dataforest” WSIS Pay Sahibləri Cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biridir. Startapın cari ilin 8-12 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək WSIS Forumunda 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihə sırasında mükafatlandırılması gözlənilir.
29/03/2019 09:39
“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib
Martın 28-də Təhsil Nazirliyində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi çərçivəsində dünyanın nüfuzlu təşkilatlarının sertifikatları təqdim edilib. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev son illər təhsil sahəsində həyata keçirilən islahatlar, istedadlı şagirdlərlə bağlı layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, müsabiqənin cari ilin fevral ayında keçirilən final mərhələsində 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 369 şagird 225 layihə ilə müraciət edib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müsabiqənin müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin qalibləri sırasından seçilən ən yaxşı layihələrin müəllifləri Amerika Birləşmiş Ştatlarında keçirilən, hər il dünyanın 75 ölkəsindən olan 1800-dən çox şagirdin iştirak etdiyi İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir. Tədbirdə 24 şagirdin yerinə yetirdiyi 18 layihəyə “İntel”in Mükəmməllik Mükafatı, Amerika Metrologiya Assosiasiyası, Vitro-biologiya Cəmiyyəti, RİCOH şirkəti, Qadın Geoalimlər Assosiasiyası, Amerika Psixologiya Assosiasiyası və Mü Alfa Teta Riyaziyyat Cəmiyyətinin sertifikatları təqdim edilib. Qeyd edək ki, mükafatlandırılanlar arasında Bakı, Sumqayıt şəhərləri, Lənkəran, Ucar, Cəlilabad, İsmayıllı və Balakən rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri var.
28/03/2019 17:46
Maarifçi Tələbə Kredit Fondunun elan sessiyasının müddəti uzadılıb
Maarifçi Tələbə Kredit Fondunun cari ilin martın 1-də başlayan və aprelin 5-də başa çatmalı olan elan sessiyasının müddəti uzadılıb. Belə ki, mart ayında qeyri-iş günləri nəzərə alınaraq, elan sessiyasının müddəti cari ilin aprelin 20-dək davam edəcək. Kredit almaq üçün tələbələrin fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları olduğu kimi saxlanılıb. Qeyd edək ki, “Maarifçi Tələbə Kredit” Fondu 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlərin verilməsi ilə bütün tələbələrə bərabər imkanların yaradılmasıdır. Hazırda Fond 10 təsisçi universitet və 4 tərəfdaş universitetlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetlər tərəfindən təqdim edilən tələbə krediti yerlərinin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 223 təhsil haqqı krediti müqaviləsi imzalanıb.
28/03/2019 16:53
Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri
Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb. Nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Sözügedən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib. Vəzifəyə təyin olunan direktorların siyahısı
28/03/2019 12:41
Mühəndislik və robot texnikası olimpiadası keçiriləcək
Aprelin 6-da Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robot texnikası olimpiadası təşkil olunacaq. Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan FLL 1998-ci ildən etibarən uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub. Yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda təmsil edib. Cari ildə keçiriləcək yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdirəcək. Qalib gələn iki komanda 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq FLL Türkiyə Açıq Beynəlxalq Çempionatında iştirak hüququ qazanacaq. Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
28/03/2019 10:19
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.
27/03/2019 17:12
I sinfə şagird qəbulu davam edir
2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir. Ümumi təhsil məktəblərinin I siniflərinə martın 13-dən başlamış qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunurlar. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılılır. Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçirilir.
27/03/2019 12:04
Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib
Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində "Novruz" düşərgələri təşkil edilib. Belə ki, 17-24 mart tarixlərində şagirdlərin Beynəlxaq İnformatika Olimpiadasına hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Rumıniyadan gənc mütəxəssis dəvət olunub. Beynəlxalq İnformatika Olimpiadasının iki dəfə gümüş medalçısı olan rumıniyalı mütəxəssisin tədris etdiyi dərslər şagirdlərin müvafiq bilik yarışması üzrə hazırlığında müsbət rol oynayıb. 19-26 mart tarixlərində isə riyaziyyat fənni üzrə həm aşağı, həm də yuxarı yaş qrupu üzrə şagirdlərin bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə İran İslam Respublikasından dəvət edilmiş mütəxəssislər tərəfindən dərslər təşkil edilib. Beynəlxalq olimpiadalara hazırlıq çərçivəsində cari ilin iyul-avqust aylarında belə düşərgələrin bir neçə dəfə təşkili planlaşdırılır. Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.
26/03/2019 12:09
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı