SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yeni tədris ilinin əvvəlinə 47 məktəb binası
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.
04/09/2020 16:19
TOPs proqramının VI mövsümünə onlayn yekun vurulub
Sentyabr 4-də TOPs proqramının VI mövsümünün başa çatması ilə bağlı 2019 - 2020-ci tədris ilinin yekunlarına dair onlayn videokonfrans keçirilib. Tədbirə Təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council Azerbaijan” təşkilatının direktoru Samr Şah, Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Filip Barklay, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTIA) rektoru Fuad Hacıyev, İnkişaf Naminə İdman İctimai Birliyinin sədri Mehman Kərimov, TOPs layihəsinin rəhbəri Vəli Musayev, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar və Astara üzrə təhsil şöbələrinin müdirləri və metodistləri, layihəyə cəlb olunan müəllimlərlə birgə 200-dən çox iştirakçı qatılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2019-2020-ci tədris ilində TOPs proqramı 723 məktəbi, 1320 müəllimi, 168500 şagirdi əhatə edib. Bu tədris ilində 150 açıq dərs və 45 idman festivalı təşkil edilib. COVİD -19 pandemiyası dövründə də TOPs proqramı öz fəaliyyətini davam etdirib. Belə ki, pandemiya dövründə “Dərs vaxtı” verilişi üçün TOPs proqramı üzrə fiziki tərbiyə dərsləri hazırlanıb, müəllim və uşaqların iştirakı ilə #evdəqal #hərəkətsizqalma adlı onlayn aksiya, eləcə də müəllimlərlə pandemiyaya qarşı mübarizəyə həsr edilmiş vebinar həyata keçirilib, UNICEF Azərbaycan üçün “Ailənin idman xəzinəsi” mövzusunda #övladımlaevdə kampaniyasına dəstək göstərilib. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, TOPs proqramına Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilsə də, hazırda bütün respublika üzrə əhatəsinin genişləndirilməsi istiqamətində işlər görülür. Nazir müavini qeyd edib ki, məhz TOPs metodologiyası ilə inklüziv təhsil alan şagirdlərin də fiziki tərbiyə dərslərinə cəlb edilməsinin mümkünlüyü sevindiricidir. Layihənin məramı barədə danışan Firudin Qurbanov deyib ki, əsas məqsəd təlimlər vasitəsilə müəllimlərin bacarıqlarını artırmaqla dərslərin inklüziv, fəal – interaktiv təlim vasitəsilə praktiki tədrisinə nail olmaqdır. Təlimlərdən sonra müəllimlərin dərsə yeni yanaşması formalaşıb və şagirdlərin dərsə marağı artıb. ADBTİA-nın rektoru Fuad Hacızadə də öz növbəsində bildirib ki, artıq TOPs proqramı bu təhsil müəssisəsində fiziki tərbiyənin nəzəriyyəsi və metodikası fakültəsi üzrə magistr proqramı tələbələri üçün təhsil proqramına daxil edilib. Beynəlxalq təhsil sərgilərində 2 dəfə TOPs proqramının xüsusi təqdimatı təşkil edilib. Bağlanış mərasimində müəllim fəaliyyətinin stimullaşdırılması üçün 2018-2019-cu tədris ilində keçirilmiş müsabiqələrin qalib ibtidai sinif və fiziki tərbiyə müəllimləri mükafatlandırılıb. Layihə müddətində təlimlərdə iştirak edən hər bir müəllimin sertifikatlaşdırılması da həyata keçirilib. Qeyd edək ki, "TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir. Ümumilikdə layihə 2014-2020-ci illər ərzində respublikanın 18 şəhər və rayonunun təhsil müəssisələrini əhatə edib. 973 məktəbin cəlb olunduğu layihədə 2006-sı fiziki tərbiyə müəllimi və 489 ibtidai sinif müəllimi olmaqla 3005 müəllim 3 günlük nəzəri və praktiki təlim kurslarında iştirak edib. TOPs proqramından yararlanan şagirdlərin sayı isə 524 500-ə çatıb. Ondan 242 400-ü qız, 282 100-ü isə oğlandır. TOPs təlimlərində öyrədilənlər əsasında bu dövrdə müəllimlər 810 “açıq dərs”, 203 idman festivalı keçirib. Festivallar “Bakı 2015 Avropa Oyunları”, “Bakı 2017 İslam Həmrəyliyi Oyunları” və “Bakı 2019 Avropa Gənclər Festivalı”nın əsas tədbirlərinə daxil olan proqram əsasında təşkil edilib. TOPs metodikası Birləşmiş Krallıqda dövlət və özəl məktəblərdə tətbiq olunan ən uğurlu fiziki tərbiyə metodikası hesab olunur.
04/09/2020 16:09
Prezident İlham Əliyev ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verdi. Bildirdi ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub. Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib. Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Dövlətimizin başçısı və birinci xanım ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış oldular. Ümumi ərazisi 4 hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verdi. www.president.az
04/09/2020 15:46
İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb
Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti 8 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək. İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
04/09/2020 15:33
Yeni tədris ilində Qazaxıstanda təhsil hüququ qazananlar
Azərbaycan və Qazaxıstanın təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 3 nəfər azərbaycanlı 2020-2021-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan Respublikası tərəfindən verilən yekun qərar nəticəsində Azərbaycan vətəndaşları “Abai Kazakh National Pedagogical University”, “L.N. Gumilyov Eurasian National University” və “Al-Farabi Kazakh National University” ali təhsil müəssisələrində pedaqogika, dizayn, maliyyə ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 4 mart tarixində verilmişdi.
04/09/2020 09:30
Müəllim olmaq istəyənlərin imtahanı
Sentyabrın 4-də informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. İmtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
04/09/2020 09:06
"Dərs vaxtı"nın 4 sentyabr cədvəli
"Mədəniyyət” telekanalı və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 4-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
03/09/2020 19:28
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib
Sentyabrın 3-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib. Təhsil Nazirliyinin tabeliyindəki T.Həsənov adına 23 nömrəli tam orta məktəbə təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, media nümayəndələri iştirak ediblər. Mediatur iştirakçıları imtahan prosesi ilə yaxından tanış olub, namizədlərlə söhbət edib, onlara uğurlar arzulayıblar. Mediaturda iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, 15 gündür müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir. Test imtahanı mərhələsində iştirak hüququ qazanmış 46 min 228 nəfərdən 31 min 181 nəfəri artıq imtahan verib. Nazir müavini qeyd edib ki, bu il müsabiqəyə ümumilikdə 8 minə yaxın vakansiya çıxarılması gözlənilir. İmtahanlarla bağlı car ildə edilən dəyişikliklər bir daha media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, imtahanlar Bakı ilə yanaşı 17 regionda yaradılmış 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahan vaxtı bitdikdən 10 dəqiqə sonra namizədlərə doğru və səhv cavabları ilə tanış olmaq imkanı yaradılır. İndiyədək 4 fənn üzrə maksimum nəticə göstərilib. İmtahanların sentyabrın 8-dək davam etməsi nəzərdə tutulur. Bundan başqa, avqustun 24-dən indiyədək müəllimlərin işə qəbulu imtahanları ilə bağlı 1666 namizədin apellyasiya müraciəti etdiyi də qeyd edilib.
03/09/2020 16:09
Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi yekunlaşıb
Sentyabrın 2-də peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulu yekunlaşıb. 26 avqust – 2 sentyabr tarixlərində keçirilən sənəd qəbulu zamanı uğurlu nəticə göstərənlərin 84.2 faizi müvafiq sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edib. 2020-2021-ci tədris ili üzrə müraciət edən şəxslər arasında yalnız ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər deyil, həmçinin orta ixtisas və ali təhsili başa vurmuş şəxslər də yer almaqdadır. Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi çərçivəsində 109 orta ixtisas təhsilli və 73 ali təhsilli şəxs müraciət edib. Qısa müddət ərzində boş qalmış yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək. I mərhələdə olduğu kimi peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər II mərhələdə də elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Qeyd olunan mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə məlumat yaxın günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində yer alacaq.
03/09/2020 15:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı