SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbdənkənar fəaliyyət üzrə dərnəklərə qeydiyyat başlayır
2020-2021-ci tədris ili çərçivəsində cari ilin 15 sentyabr tarixindən başlayaraq Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində onlayn qaydada tədrisin təşkilinə başlanılır. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur. Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı burdan əldə etmək mümkündür: Məktəbdənkənar təhsil müəssisələri Qeyd edək ki, yaxın günlərdə məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına onlayn qaydada qeydiyyatın aparılması üçün elektron sistemin istifadəyə verilməsi planlaşdırılır.
15/09/2020 14:31
Virtual məktəb yeni tədris ilinə hazırdır
“Virtual məktəb”də şagirdlərin və müəllimlərin qeydiyyatı yeni tədris ilində aktivləşir. Platformada daha əvvəl qeydiyyatdan keçməmiş şagird və müəllimlər virtual.edu.az saytına daxil olub, FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi ilə bağlı ətraflı təlimatla buradan tanış olmaq mümkündür (rb.gy/j6raxf). Qeydiyyatı ötən tədris ilində tamamlamış şəxslər istifadəçi adı və sistem tərəfindən verilmiş şifrələrlə “Virtual məktəb”ə daxil ola bilərlər. İstifadəçi adı qeydiyyat zamanı verilən 7 rəqəm və @student.edu.az birləşməsindən ibarətdir. Şifrə və istifadəçi adını unutmuş şəxslər "Qeydiyyat" bölməsindən şifrə bərpası edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür (rb.gy/mq4jyb). Cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən “Virtual məktəb”dəki siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olaraq, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək, idarə edə bilərlər. Müəllimlər təyin olunduqları sinifləri aktivləşdirərək, şagirdlərinə “Virtual məktəb”in yeni tədris ilindəki siniflərinə çıxışı təmin edəcəklər. Qeyd olunan proses tamamlanana qədər, şagirdlər və müəllimlər Ümumi (General) qruplarda və arxivləşdirilmiş 2019-2020 tədris ilinin qruplarında tədris prosesini təşkil edə bilərlər. Məktəblərdə siniflərin komplekləşməsi prosesinin 30 sentyabr tarixində bitəcəyini nəzərə alaraq, yeni tədris ili üzrə siniflərin formalaşması oktyabr ayında tamamilə yekunlaşacaq. Cari tədris ilində məktəbəhazırlıq qrupları və 1-ci sinif üzrə qeydiyyat həmin siniflər üzrə qəbul prosesinin tamamlanması ilə əlaqədar olaraq, oktyabr ayında mümkün olacaq. Məktəb rəhbərləri və müəllimlər ətraflı təlimatla buradan tanış ola bilərlər (rb.gy/0kjnak). Təhsilalanlar Ümumi (General) qruplar vasitəsilə, teledərslər, elektron dərsliklər, müvafiq tapşırıqlar və əlavə tədris resursları ilə tanış ola biləcəklər. Bununla yanaşı, “Virtual məktəb”in müəllimləri üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlər davam etməkdədir. Təlimlərə qoşulmaq üçün buradakı sorğunun tamamlanması kifayətdir (rb.gy/de2fy7). Cari tədris ilində “Virtual məktəb”in texniki dəstək xidmətindən bəhrələnmək üçün vətəndaşlar müraciətlərini elektron poçt vasitəsilə teams@tsii.edu.az ünvanına göndərə, virtual.edu.az vasitəsi ilə “Virtual Bələdçi”nin tez-tez verilən suallar xidmətindən istifadə edə, sosial media vasitəsilə “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə yaza, yaxud da "Qaynar xətt” vasitəsilə 146-4 nömrəsinə zəng edərək, suallarını ünvanlaya bilərlər. Qaynar xətt xidməti I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.
15/09/2020 11:10
Təhsil naziri Emin Əmrullayevin “Bilik Günü” münasibəti ilə təbriki
Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər! Bu gün, yeni tədris ilinin ilk günü hər birinizi salamlayır və 2020-2021-ci tədris ilində uğurlar arzulayıram. Qlobal pandemiya səbəbindən bu il dünyada, eləcə də ölkəmizdə yeni tədris ilinə fərqli formada başlamalı oluruq. Bu, təhsilalanlar, təhsilverənlər, eləcə də təhsil idarəçiləri üçün bir sıra çağırışlar və imkanlar yaradır. Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik. Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq. Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq. Yeni tədris iliniz mübarək olsun!
15/09/2020 10:53
Yeni tədris ilinin ilk günü
2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib. Bu gün I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir. Bu gündən distant formada tədrisə başlayan ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani formada təhsil bərpa olunanadək distant şəkildə tədris davam etdirilir. Qeyd edək ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacaq. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacaq.
15/09/2020 10:09
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibətilə müraciəti
-Əziz müəllimlər, tələbələr, şagirdlər. Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür. Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər. Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır. Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir. Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur. Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir. Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər. Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək. Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır. Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. www.president.az
15/09/2020 09:40
10-11 sentyabr vakansiya seçimlərinin nəticələri
Cari ilin 10-11 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 1585 namizəd vakant yer tutub. Vakant yer tutmuş namizədlər 17 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.
14/09/2020 21:54
Respublika üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı
Sentyabrın 14-də respublika üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev, nazirliyin şöbə müdirləri, nazirlik yanında İctimai Şuranın üzvləri, məktəb direktorları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən virtual təşkil edilib. Təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı məlumat verərək bildirib ki, məktəblərdə sağlam sosial-psixoloji mühitin yaradılması əsas şərtlərdən biridir. Pandemiya dövründə şagird-şagird, şagird-müəllim, müəllim- valideyn arasında münasibətlər tənzimlənməlidir. Müəllimlərin işə qəbulu imtahanlarından danışan Emin Əmrullayev son dönəmdə müəllimliyə marağın daha da artdığını və bu il imtahan verən namizədlər arasında yüksək bal toplayanların əvvəlki illərlə müqayisədə daha çox olduğunu qeyd edib. Çıxışında "STEAM" və "Rəqəmsal bacarıqlar" layihələrinə də toxunan Nazir deyib ki, sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pandemiya dövründə tədrisin təşkili ilə bağlı çıxış edərək teledərslərdən də söz açıb. Vəfa Yaqublunun sözlərinə görə, dərs cədvəli pandemiya dövrü olduğu üçün fərqli formada hazırlanmalıdır, hansısa fənn onlayn şəkildə, hansısa fənn isə əyani şəkildə keçirilməlidir. Vəfa Yaqublu Təhsil İnstitutu tərəfindən şagirdlərin ötən tədris ilinin ikinci yarımilində əldə etdikləri biliklərin diaqnostik qiymətləndirilməsi ilə bağlı sualların hazırlanaraq yerlərə göndərildiyini də diqqətə çatdırıb. Vəfa Yaqublunun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, övladlarının təhsilini əyani deyil, online formada davam etdirilməsini istəyən valideynlər üçün iltizam formaları hazırlanıb və yerlərə göndərilib. Daha sonra çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev sanitar-gigiyenik normalar haqqında ətraflı məlumat verib. Rüstəm Ağayev bildirib ki, məktəblərdə sosial məsafə gözlənilməli, hər bir müəllim məktəbə tibbi maska ilə gəlməli, hərarət normal olduqdan sonra siniflərə daxil olmalıdır. Konfrans müzakirələrlə davam etdirilib.
14/09/2020 18:59
Daha 52 nəfər direktor vəzifəsinə təyin edilib
2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, imtahan, müsahibə və vakant yerlərə yerləşdirmə) ibarətdir.
14/09/2020 17:58
Astara və Cəlilabadda məktəb açılışı
Sentyabrın 14-də yeni tikilmiş Astara rayonu Burzubənd kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov iştirak edib. Qeyd edilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabinetləri də fəaliyyət göstərəcək. Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar. * * * Sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin də tikintidən sonra açılış mərasimi keçirilib. Mərasimdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova və məktəb direktoru iştirak edib. 624 şagird yerlik tədris binasında 25 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq kabinetləri də var. Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.
14/09/2020 17:47
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı